Mikayıl Cabbarov: "Vergi daxilolmaları tarixi maksimuma çatıb"

İqtisadiyyat

16.01.2020 - 12:52

iqtisadiyyat naziri 2019-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib

 

Yanvarın 16-da Bakı Biznes Mərkəzində 2019-cu ilin yekunları ilə bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarovun mətbuat konfransı keçirilib. AYNA xəbər verir ki, nazir bildirib ki, 2019-cu il ölkə iqtisadiyyatında yeni islahatlar dalğasının başlanması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, əhalinin rifah səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi istqamətində genişmiqyaslı tədbirlərin görülməsi ilə müşayiət olunub.

 

"Ölkə Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, qeyri-neft özəl sektorun təşviqi və qeyri-neft ixracının artırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində çoxşaxəli islahatların həyata keçirilməsi davam etdirilib. Bu şəraitdə, ilkin qiymətləndirməyə görə, 2019-cu ildə ÜDM-in real artımı 2,2 faiz, qeyri-neft sektorunda isə 3,5 faiz təşkil edib. Qeyri-neft sektorunda sənaye istehsalı 13,9 faiz artıb, qeyri-neft ixracının həcmi 1.9 milyard ABŞ dollarını ötüb. Ötən il qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların real artım tempi 3,5 faiz təşkil edib. Qeyri-neft sektoruna investisiyaların cəmi investisiyalarda xüsusi çəkisi 2018-ci ildəki 65,2 faizdən 2019-cu ildə 69,7 faizə yüksəlib", - Cabbarov vurğulayıb.

 

O, qeyd edib ki, bununla yanaşı, ötən dövr ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımlar atılıb: "Nəticədə əhalinin gəlirlərinin nominal artım tempi 7,4 faiz təşkil edərək, orta illik inflyasiyanı (2,6 faiz) üstələyib. Həmçinin, orta aylıq əməkhaqqının artım tempi 16,4 faiz təşkil etməklə, əhalinin gəlirlərinin artım tempini əhəmiyyətli üstələyib ki, bu da həm əməkhaqlarının artırılması, həm də əmək bazarının leqallaşması prosesləri ilə bağlıdır".

Raminə Eyvazqızı