Hərb tariximizdə xüsusi ordu sistemi, Səfəvilərin 2 nömrəlisi – “Qulam”lar

Tarix

08.11.2021 - 22:30

“Qulam” ordusu “Qorçu”lardan sayca az, hazırlıqları isə bir səviyyə aşağı idi və onlar hərbi xidmətdə ömürlük qalırdılar, bundan imtina edə  bilməzdilər

Səfəvi dövlətinin ordu sistemindəki qaydalara və idarəetməyə baxsaq,  müəyyən vaxtlarda siyasi proseslərdən dolayı eniş və qalxmalar müşahidə edilib. Yarandığı gündən dövlətin dayağı olan xüsusi təyinatlı “Qorçu” ordusundan sonra, 16-cı əsrin əvvələrində ikinci güclü nizami ordu “Qulam”lar idilər. Lakin onların döyüş taktikası, idarə sistemi “Qorçu”lardan fərqli idi. “Qorçu” ordusu yenilik idisə, “Qulam” ordusunun yaranmasının tarixi əsasları və xələfləri vardı.

Qulam ordu sisteminin tarixi

Bu ordu sistemi 750-ci ildə Ərəb xilafətində hakimiyyəti ələ alan Abbasi xanədanı tərəfindən yaradıldı. Əməvilər dövründə işğallar nəticəsində əsir alınanların böyük hissəsi kütləvi olaraq qətlə yetirilirdisə, Abbasilər bunu etmədilər. Onlar əsir şəkilində əmirliklərə və xilafət mərkəzinə gətirilən xristian, bütpərəst və digər qeyri-islam dinindən olan uşaqları, yeniyetmələri hərbə cəlb etdilər. Onlara islamı qəbul etdirir, təlim verir və döyüş vaxtı istifadə edirdilər.

“Qulam” ordusundan çıxan bir hərbçi savadlı olardısa, əmirliklərdə Əmir kimi də, vəzifə ala bilərdi. Sonralar bu sistemdən Səlcuq dövləti və sonda Səfəvilər istifadə etdilər. Səlcuqlar onları vəzifələndirmirdilər. Nizamül-Mülk qeyd edirdi ki, dövlət idarəetməsində hər kəsin bir vəzifəsi olmalıdır. “Qulam”lar sadəcə ordu üçün təlimləndirilirlər. Səlcuqlar zamanı “Qulam” olmaq üçün gənclər 6 il, yeddimərhələli təlimlərdən keçməli idilər.

Səfəvilər dövlətində Qulamlar

Şah I Abbas (1587-1629) Səfəvi dövlətinin gücünün tükənmək üzrə olduğu bir vaxtda hakimiyyətə gətirildi. Dövləti yenidən gücləndirmək üçün özbaşına ixtilaflar edən, hər əşirəti bir dövlət halına gətirmək istəyən ruhani kəsimin, tayfa başçılarının və ordudakı özbaşınalığın müqavimətini qırmaq lazım idi. Yalnız “Qorçu”lar sağlam sistem olaraq qalmışdı ki, onlar da, komandandan, yəni şahdan asılı idilər.

Şah I Abbas bunu bacardı və hərbi islahat apardı. Topçuları, tüfəngçiləri, piyadaları, süvariləri ayırdı. Ayrıca olaraq Şah qoşunu adlanan “Qulam” ordu sistemini yaratdı. İ.P.Petruşevskinin yazdığına görə, bütün nizami ordunun sayı 44 min nəfər təşkil edirdi.

Səfəvilərdə qulamlar uşaq yaşlarında əsir alınmış və müsəlman edilmiş gürcü və çərkəz xalqlarının uşaqlarından yetişdirilirdi. Onlara ordu dili olan türk dili öyrədilirdi. “Qulam”lar bir növ Osmanlı dövlətinin “Yeniçəri” ordusunun alternativi idi.

Hətta “Təzkirət əl-mülk”də “Qulam”lara Şah Abbasın xüsusi rəğbətinin olduğu qeyd edilirdi. “Təzkirət əl-mülk”də “Qulam”lara bəzən ordu arasında qul deyilməsi haqqında da məlumat var. Jan Şarden yazır ki, qul sözü onların səviyyəsini alçaltmır, əksinə Şahın qulları kimi xüsusi mövqe ifadə edirdi. 

“Qulam”lar daha çox süvari qvardiya idi. Döyüş silahları ox-yay, qılınc və nizədən ibarət idi. Artıq 17-ci əsrin əvvələrində soyuq silahlar dövrü bitdiyinə görə, Şah I Abbas Qulamların içərisindən seçilən daha bir xüsusi dəstəyə tüfəng verilməsini də əmr etmişdi. Onlar o qədər xüsusi hazırlanırdı ki, at çaparaq tüfənglə düzgün nişan ala bilirdilər.

“Qulam” ordusu “Qorçu”lardan sayca az, hazırlıqları isə bir səviyyə aşağı idi. Şahı qoruyan “Qulam”lar arasında qohumluq əlaqələri yox idi. Onlar hərbi xidmətdə ömürlük qalmalı idilər və bundan imtina edə  bilməzdilər. “Qorçu”ların sayı onlardan bir qədər də çox - 18 min nəfər idi.

Səyahətçilər qeydlərində yazırlar ki, “Qorçu”lara hərb ilə yanaşı təhsil də verilirdi, onlarda birlik, hətta vəzifəyə yüksəlmək da vardısa, amma qulamlarda bu, yox idi. “Qorçu”lar bəzən əyalət idarəetmələrinə müdaxilə, yaxud idarəetmənin başına keçə bilərdilərsə, “Qulam”lara bu, qadağan idi. Bu, həm də milli mənsubiyyət məsələsindən irəli gəlirdi. “Qorçu”lar türk, “Qulam”lar isə qeyri-türklər idi.

“Qulam”lar dövlətlə və döyüşlər zamanı bir-biriləri ilə birlik olsalar da, öz aralarında bu, yox idi. Yanlış hərəkət etmiş silahdaşını ən ağır şəkildə cəzalandıra da bilərdilər. Ona görə də şah onları dövlətə təhlükə hesab etmirdi. Fərruk Sumerə görə, şah onları o qədər inkişaf etdirdi ki, “Yeniçəri” ocaqları tipində təşkilat da yaratdı. Bu ocağın rəisinə “Qullarağası”, yaxud da, “Ordubaşı” deyilirdi. “Ordubaşı” da “Qorçubaşı” kimi şaha hesabat verirdi.

J.Şardenə görə, oların sayı 10 min, E.Kempferə görə, 15-18 min arası, P.D.Valleyə görə isə, 15 min nəfər idi. Maaşları xəzinədən verilirdi. Bəzən yüksək mükafatlandırılır, bəzən isə az maaşa qane olurdular. Çünki həyatları hərbi yürüşlərdə kediyi üçün çoxunun ailəsi olmazdı. Onlar ancaq mülki geyim üçün pul xərcləyirdilər. Bəzi səyahətçilər “Qulam”ların hərbsiz həyatını meyxanələrdə keçirən məsuliyyətsiz tiplər kimi təsvir ediblər.

“Qulam” ordusu Şah I Abbasın 1629-ci ildə vəfatından sonra nisbətən zəiflməyə başladı. Dövlətin əsas ordusu yenə də “Qorçu”lar hesab edildilər.

Müəllif: Şəhla Cabbarlı