İlk çarə axtarışları: <font color=red> Əlac, ey təbib</font>

Tarix

25.06.2020 - 22:30

Tarixdə ilk tibbi biliklərin meydana gəlməsi və Azərbaycan

 

Tibb ilk dəfə daş dövrünün sonunda ağıllı insanın (Homo Sapiens) bəşəriyyətə bir sıra töhfələr verməsi ilə meydana gəldi. İbtidai qəbilələrdə, tayfalarda birləşən qohum insanlar öz yaxınlarının ov zamanı yaralanmasından, yaxud da təbiət qoynunda müxtəlif xəsarətlər almasından narahat olur, onları bu vəziyyətdən qurtarmağa çalışırdılar. Təbii ki, əvvəllər müalicə üsulları hansısa qəbilə bütlərinə, totemlərə sitayiş, dua etməkdən, şəfa diləməkdən ibarət idi. Lakin zaman keçdikcə insanlar təbiətdə var olan bitkilərlə müxtəlif müalicə üsulları əldə etməyi öyrəndilər.

 

Əksər elmlərin inkişafı və bəşəriyyət tarixinə öz möhrünü vurması Şərqdən başlayıb bütün dünyaya yayılıb ki, onlardan biri də tibb elmidir. Tarixdə məlum olan ilk tibbi üsulların yazılı qaynaqları qədim Misir dövlətinə aiddir.

foto

Qədim Misirdə tibb elmi

 

Qədim Misirdə ilk vaxtlar tibb elmini orataya çıxaran firona xidmət edən rahiblər idilər. Çünki xəstəlikdən əziyyət çəkən, aman diləyən insanlar onlara pənah aparırdılar. Əvvəl bir çox müalicələri ayinlər etməklə həyata keçirirdilər. Daha sonra isə təbiətdən əldə edilən bəzi bitkilərlə müalicəyə keçdilər.

 

Bir neçə əsr sonra qədim Misirdə həkimlik peşəsi inkişaf etdi və müxtəlif sahələr üzrə həkimlər fəaliyyət göstərirdilər. Ötən əsrin 80-ci illərində aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, Sais və Heliyopolisdə həkim yetişdirən məktəblər fəaliyyət göstərirdi. Lakin buna baxmayaraq, tibb ilə məşğul olan insanlar da öz sahələrinin tanrısına bağlı idilər.

undefined

Sağlamlıq tanrısı Horus idi. Sekmet isə kütləvi yayılan xəstəliklərin tanrısı hesab edilirdi. Lakin uzun əsrlər Misirdə insanlar və həkimlər tərəfindən İmhotep adlı “yarı tanrı” yaxud da, “tibb tanrısı” adı ilə bilinən fövqəltəbii qüvvəyə inanılırdı. İmhotepin tibbə dair hansısa göstərişlərindən bəhs edən kitabələr bu günə kimi qalmasa da, alimlər Misir heroqliflərindən İmhotep andının mətnini aça bilib və o andın Hipokrat andı ilə qismən eynilik təşkil etdiyini qeyd ediblər.

 

Sais - həkim məktəbinin ilk həkimi, “ən böyük həkim peyğəmbər” elan edilmişdi. Misirdə mumyaçılıq geniş yayılmışdı. Dünyasını dəyişən insanın iç orqanları çıxarılaraq mumyalanardı. Mumya xüsusi maddələr və ətirli qətran qarışımından hazırlanırdı və bədəni çürüməyə qoymurdu. İnsan üzərində bu mumyalama prosesi 75 gün çəkirdi. Mumyanın hələ də nədən hazırlanması haqqında elmdə tam məlumat yoxdur.

undefined

Günümüzdə də ən çox istifadə etdiyimiz, ölümcül xəsarət alan, yaxud da dünyasını dəyişdiyini sandığımız insanın sağ olub-olmamasını yoxlamaq üçün ilkin tibbi yanaşmamız nəbz yoxlamaqdır ki, bu da ilk dəfə Misirdə  kəşf edilmişdi. Diş çəkilməsi, protez taxılması, bir sıra cərrahi əməliyyatlar da Misir tibbinin dünya sivilizasiyasına bəxş etdiyi ilk dəyərlərdir.

 

İkiçayarasında tibb elmi

 

Qədim Şumer qaynaqlarından göründüyü kimi, İkiçayarası insanları ilk vaxtlar tibbi yardım kimi ayinlərdən yararlanıb, bəzi otları, maddələri yandırmaqla, yaxud da onları birləşdirib üzərinə hər hansı dualar oxumaqla öz üzərlərindən asıblar. Bununla ilk müalicə üsullarına yiyələniblər. Lakin o vasitələrin nədən ibarət olduğu haqqında məlumatlar olmadığından, tam olaraq hazırlanma üsulundan məlumatlı deyilik.

 

Şumerdə 4500 il bundan əvvəl ilk tibbi reseptlərin yazıldığı məlumdur. Artıq iki yüz ildir, aparılan tədqiqatlarda bir sıra tibbi ləvazimatların qalıqları əldə edilib. Yazılı dərman adlarına Akkad dilində, mixi yazı ilə yazılmış, məşhur siyasətçi Aşurbanipalın kitabxanasında tapılan gil kitabələrdə rast gəlinib. Şumerdə müdriklik və su tanrısı Olan Enkinin şərəfinə yazılmış 60 gil kitabə tapılmışdı. S.N.Kramer qeyd edirdi ki, bunlar bir-birinə bağlı din və tibbin birləşməsindən yazılan tibbi əsərlərdir. Həmin kitabələrdə Enkinin qavalı və bəzi hərəkətlərin təsviri də verilmişdi ki, tədqiqatçılar bunu Türk xalqlarının Şaman inancı ilə əlaqələndirir, Şaman insanın qavalı və eyni hərəkərlərin olduğunu yazırlar.

undefined

1940-cı ildə professor Leon Leqarin “Nippurun dərman mağazası” adlı məqaləsində İkiçayarasında 2300 il əvvələ aid olduğu bildirilən gil kitabədədən, orada bölgə xalqları üçün bir sıra tibbi reseptlər olmasından bəhs olunur. Bu kitabələrdə 15 dərman resepti yazılır. Burada xurma, zəfəran, üzərlik, süd, ilan dərisi, kirpi əti və digər bitki adları qeyd edilib.

 

Şumerlərdə həkimlərin birliyinə Azu deyilirdi. Qədim Şumer şəhər dövlətlərindən olan Laqaşdan qazıntılar zamanı ağaca sarılmış iki ilan heykəli tapılıb. Tədqiqatçılar əvvəl onun yunan tibbindən gəldiyini düşünürdülər. Lakin tədqiqatların yekununda qərara alındı ki, bu ağac yunanlardan əvvəl, sağlamlıq tanrısının sivmolu olaraq ilk dəfə İkiçayarasında istifadə edilib. Ağacın digər adı “həyat ağacı”dır. İki ilan isə qoruyucu, şəfaverici mənaları daşıyır.

 

Çin və Hindistanda tibb elmi

 

Tibbin inkişaf etdiyi digər qədim torpaqlar Çin və Hindistan idi. Çində də ilk vaxtlar bəzi bütpərəst kahinlər dini ayinlərlə insanların şəfa tapmasına kömək edirdilər. Lakin zaman keçdikcə, burada da inkişaf baş verdi. Çin tibb elmindən bu günə gəlib çıxan iynəbatırma müalicəsidir. Hələ qədim dövrdə təbiblər insan bədənində 365 nöqtə müəyyən etmişdilər. Çin ənənəvi bitki tərkibli müalicələri ilə məşhur idi. Bundan əlavə hərarət, isitmə xəstəliyi olan insanların alnına, qol altına soyuq əşya qoyaraq hərarətin aşağı salınması da Çin tibbinin təcrübəsi idi.

undefined

Hindistanda qədim insanlar xəstəliklərin ruhlar tərəfindən pis dünyalardan gətirildiyinə inanırdılar. Lakin onları Brahman, Vişnu və Şiva qoruya bilərdi. Ona görə də Hindistanda tibb daha gec inkişaf etməyə başladı. “Veda” kitablarında da insanların yalnız tanrılara dua etmələrindən sonra xəstəliklərdən qurtulacaqları vəd edilirdi. Bunu bəzən yoqa və meditasiya vasitəsi ilə həyata keçirirdilər.

 

Qədim türk toplumunda tibb

 

Dünya tibb elminə qədim türklərin də qatqısı olub. Orta Asiyada və bozqırlarda yaşayan türk tayfaları həm böyüyərək köç etdikləri ərazilərdə, həm də döyüşlərə qatıldıqları üçün müxtəlif xəstəliklər, yaxud da döyüş yaraları ilə üz-üzə qalırdılar. Bunun üçün mütləq məlhəmlər hazırlamaq lazım idi. Ona görə də onlar təbiətə üz tutdular. İndi də “türkəçarə” deyilən bitkilərlə müalicə üsulu türk soyumuzdan bizə qalan ən böyük dəyərlərdəndir.

 

Mahmud Kaşğarlı kitabında xəstəliklərlə mübarizə aparan şəxsə “Təbib” ya da “Otacı” deyildiyi haqqında yazıb. Qədim türklərdə xəstəliklərin sağalması üçün “savarmaq” yaxud da “oğulmaq” adlı müalicə üsulları həyata keçirilirdi. Sağalan insana isə “sükel savardı” və ya “sükel onğuldu” deyilərdi.

undefined

At südü olan kımız ya da ondan hazırlanan bəzi qidalar həm qida vasitəsi kimi, həm də dərman kimi istifadə edilirdi. Türklər uşaqlarına körpəlikdən kımız içirərdilər ki, at kimi möhkəm və sağlam olsunlar.

 

Daha bir dərman vasitəsi “qara duz” adlanan daş duz idi. Onlar duzu suda əridərək göy öskürək olan adama içirər, bəzən boğazlarını qarqara etdirərdilər. Bununla da xəstənin hərarəti enər, iltihablanma aradan qalxar və tezliklə sağalardı.

 

Dünyasını dəyişən insanın iç orqanlarını çıxarıb mumyalamaq da qədim türklərin adətlərindən idi. Pazırıq kurqanları açılarkən, dik qəbirlərdən çıxan mumyalar alimləri heyrətə gətirmişdi. Belə ki, iki min il əvvəl insanın daxili orqanları götürülüb, mumyaya isə ətirli bitkilərin məhlulu vurulması nəticəsində ölən şəxsin hələ də bədəninin çox da hissəsinin çürüməməsinə səbəb olmuşdu.

undefined

Orta Asiya türkləri arasında uyğurlar daha köklü tibb elminə yiyələnmiş və inkişaf etdirmişdilər. İndi də türkəçarələr arasında uyğur türkəçarələri məşhurdur.

 

Azərbaycanda tibb elmi

 

Azərbaycan da dünya tibb elminə böyük töhfələr verib. İlk tibbi bilikləri Şumer, Babilistan və Assuriyadan əldə etmişik. Hələ Quti dövlət qurumu Şumeri ələ keçirib, 100 il idarə etdikdə, bir çox mədəni əlaqələrin qurulması kimi tibbin də imkanlarından yararlanıb və bu dəyər Azərbaycanın cənubuna gətirilib. Bilirik ki, Azərbaycanda ilk dövlət olan qədim Manna mixi kitabələrində İkiçayarası tibb mədəniyyətindən yararlandığı öz əksini tapıb. Hətta, Assuriyanın paytaxtı Nineva şəhərinə bəzi şəfaverici bitkilərin Mannadan aparıldığı da qaynaqlarda əks olunub. Mannada “Midiya yağı” və ya “Maday yağı” deyilən neftdən də müalicə vasitəsi kimi istifadə edilirdi.

undefined

Daha sonralar Qafqaz Albaniyasında da tibb elminin inkişaf etdiyinin şahidi oluruq. Roma kitabələrində Qafqazdan bəzi bənzəri olmayan şəfalı otların Romaya aparılması haqqında məlumat var. Onlar arasında üzərlik və zəfəran aparıcı yer tutur. Hətta, Albaniyanın paytaxtı Qəbələdə, tibbdə istifadə etmək üçün bəzi dərmanlar və yağlar üçün saxsı qabların tapılması burada tibbin inkişafının göstəricisidir.

 

Orta əsr Azərbaycanında da tibb elmi inkişaf edirdi. Belə ki, Azərbaycan o zaman Ərəb Xilafətinin tərkibində olduğundan, Xilafətin bütün şəhərləri ilə əlaqələr var idi. Ona görə də həkimlərimiz Bağdad, Qahirə və Dəməşq kimi şəhərlərə səfər edirdilər, orada təhsil alırdılar. Azərbaycanda xüsusi həkim yetişdirən məktəblər olmasa da, mədrəsələr daxilində digər elmlərlə yanaşı tibb elmi də tədris edilirdi.

 

Belə mədrəsələrdən biri də Şamaxıda yerləşən “Məlhəm” mədrəsəsi idi ki, buraya Kafiyyəddin Ömər İbn Osman adlı tibb alimi rəhbərlik edirdi. O, Xaqani Şirvanının əmisi idi və ona dərs demişdi.

 

Xilafət alimi olan Əbu Osman Əl Müvəffəq Hərəvinin farmakoloji ensklopediyası ilk orta əsrlərdə məşhur idi. Dünya tibb elminin dahisi Əbu Əli İbn Sina (980-1037) dəfələrlə Azərbaycanda olmuş, “Qanun fit tibb” (Tibb qanunları) kitabında Azərbaycanın Səburxəst qəsəbəsində olduğunu və müalicəvi otlardan istifadə etdiyini yazmışdı. XI əsrdə azərbaycanlı alim İsa Əl Raqi də bu kitabla tanış olmuş və ona şərh yazmışdı.

 

“Cameyi-Bağdadi” əsəri ilə məşhur olan daha bir azərbaycanlı həkim isə Yusif İbn İsmayıl Xoyi idi. Bundan əlavə, Nəsrəddin Tusi minerallardan və başqa təbii vasitələrdən müalicə üsulunu təsvir etdiyi “Risaleyi-Tibb” əsərini yazdı.

 

Nevrologiya, psixatriya haqqında ilk kitabı yazan azərbaycanlı isə Əbdülməcid Təbibdir. 1275-1280-ci illərdə yazdığı “Kitabül-Müdavat” əsərində həmin xəstəliklərin müalicəsi haqqında geniş bəhs edir.

undefined

Darüş-şəfa (şəfa evi)

 

XIII-XIV əsrlərdə Azərbaycanda 67 şəfa evi, xəstəxana fəaliyyət göstərirdi. Bunların mərkəzi və ən böyüyü Təbriz şəhərində yerləşən və “Darüş-şəfa” adlanan xəstəxana idi. Burada Azərbaycan həkimləri ilə yanaşı, Çindən, Suriyadan və Misirdən gələn təbiblər də işləyirdilər. Bu tibb müəssisəsi həm də universitet kimi də fəaliyyət göstərirdi ki, dünyanın hər yerindən buraya hər il 6-7 min tələbə təhsil almaq üçün gəlirdi. Şəfa evinin qalıqları indi də Təbriz ətrafında qalmaqdadır.

 

Ağqoyunlu hökmdarı Sultan Yaqubun əmri ilə Təbrizdə “Həft behişt” (yeddi cənnət) sarayının yanında, min çarpayılıq xəstəxana da inşa edilmişdi. Bu dövrdə yazılan “Tibbi-Yusifi” əsəri də orta əsr tibb elminin ən möhtəşəm əsərlərindən biri hesab edilir.

undefined

Osmanlıdan da Azərbaycan tibbinə bir sıra əsərlər gəlib. Onlardan biri də AMEA Əlyazmalar İnstitutunda saxlanılan Dərviş Nidayinin “Mənafün Nas” əsəridir.

 

Əbülhəsən Marağayi adlı həkim 1775-ci ildə “Müalicəti Münfəridə” əsərini yazıb. Burada sinir sistemi xəstəliklərinin, yaddaşın pozulması və miqrenin müalicəsi haqqında geniş məlumat verir. XIX əsrdə isə Azərbaycan dilində, müəllifi bəlli olmayan “Nüsxəcat” əsəri yazılıb. Bu kitabda xalq təababətindən bir sıra reseptlər yer alıb.

 

 

Beləliklə, bu gün dünyada müasir, inkişaf etmiş elmi mərkəzlər, yeni dərmanlar, texnologiyalar olsa da, yenə də ibtidai tibbin bəzi möcüzəvi üsullarına, vasitələrinə müraciət edilir. Düşünürəm ki, Azərbaycan orta əsr tibb elmi də geniş araşdırılmalı da dünya təcrübəsində istifadə edilməlidir.

 

Təbii ki, işğallar dövründə kitabxanalarımız yağmalandı, çox qiymətli kitablarımız qonşu dövlətlər tərəfindən aparıldı və muzeylərə satıldı. Ona görə də bütün bunlar tapılıb ölkəmizə qaytarılmalıdır. Azərbaycan da dünya tibbinə töhfə verən bir ölkə kimi tanıdılmalıdır.

Müəllif: Şəhla Cabbarlı