“Bircə o qalıb ki, açıq-aşkar Qarabağda döyüşsünlər” - Terrorçuya bu qədər dəstək niyə?!

Aktual

02.11.2020 - 13:33

Həkimlər Klinikalar SEO Xidməti

QAFSAM rəhbəri: “Hansı dövlət müharibənin miqyasını böyütməyə çalışsa, münaqişə onun sərhədləri daxilinə keçəcək”

 

Ermənistanın Baş Naziri Nikol Paşinyan oktyabrın 26-da erməni xalqına videomüraciət ünvanlayıb. 5 tezisdən ibarət olan müraciətdə işğalçı ölkənin hökumət başçısı ermənilərin qorxmadığını bildirib və onları yalvarışla müharibəyə getməyə çağırıb.

 

Paşinyan vurğulayıb ki, Dağlıq Qarabağı itirməyi gözə ala bilməzlər və bunun üçün Azərbaycan tərəfinə güzəştli təkliflər irəli sürüblər: “Lakin Azərbaycan bu təklifləri rədd edib. Orduda problemlərimiz var, lakin bunu həll etmək üçün silahlarımız da var. Bu müharibə bütün dünyanın Qarabağ münaqişəsinə baxış bucağını dəyişdi. Bu gün Artsax xalqı yaralı da olsa, ayaq üstə dayanır. Azərbaycanın hərbi-siyasi rəhbərliyi cəmiyyətini o qədər zəfərli xəbərlərlə bəsləyib ki, hər dəqiqə son qələbə xəbərini gözləyirlər, lakin bu xəbəri almayacaqlar”.

 

“Bütün dünya ermənilərinin köməyinə ehtiyacımız var. Ermənilərin taleyi risk altındadır. Qarabağın itkisini ödəyə bilmərik. Düşmənlərimiz çoxdur, amma dostlarımız da var, yetəri qədər silahımız da var. Gəlin razılaşaq ki, heç nədən qorxmayacağıq”, - deyə terrorçu ölkənin hökumət rəhbəri bildirib.

 

AYNA-nın mövzuya dair suallarını Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı cavablandırıb.

Aslanlı: “Azərbaycan, Türkiyə və Gürcüstan əməkdaşlığı iqtisadi imkanlar  yaradır”

- Araz bəy, Nikol Paşinyan çıxışlarında hələ də Ermənistan əhalisini Azərbaycana qarşı müharibəyə səsləyir. Maraqlısı odur ki, müharibədə israr edən Ermənistan olsa da, danışıqlar masasına Azərbaycan dəvət olunur və bununla bağlı, hətta təzyiqlər də edilir. Bunu necə başa düşək?

 

- Əslində, maraqlı bir məsələdir ki, Azərbaycanın əraziləri işğal altındadır, Azərbaycan ərazilərini işğaldan azad etməyə çalışır, amma Ermənistandaki hərbi atmosfer və hərbi qaydalar bizdən daha sərtdir. Yəni, bizdə qismən səfərbərlik elan olunub, onlarda isə tam səfərbərlikdir. Rəsmi olaraq deyirlər ki, guya, Azərbaycana qarşı Qarabağın yerli erməniləri müharibə aparır, Ermənistan dövləti yox. Amma tam səfərbərlik elan ediblər. Paşinyan isə mütəmadi olaraq gah xalqa, gah da Parlamentə müraciətlər edir. Yəni, Ermənistan rəsmi olaraq özünün müharibədə olmadığını iddia etsə də, daha böyük hərbi atmosferin içindədir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, müxtəlif beynəlxalq təşkilatlar Ermənistandan soruşmalıdır ki, Ermənistan müharibənin içində olmadığı halda, tam səfərbərlik, bütün ölkədə hərbi vəziyyətin elan olunması nə üçündür? Azərbaycanın mövqeyi bəllidir, ərazilərini işğaldan azad etmək istəyir, amma buna baxmayaraq qismən səfərbərlik elan edib. Paşinyan isə əslində, hamıya məlum olan bir neçə məsələni nümayiş etdirir.

 

Hamıya məlum olan da Azərbaycan torpaqlarının işğal altında olması, Ermənistanın işğalçı dövlət olması, beynəlxalq təşkilatlar və vasitəçi dövlətlərin qeyri-səmimi olmasıdır. Əslində, atəşkəs dövründə həmin qeyri-səmimiliyi hansısa bir dövlət, hansısa beynəlxalq təşkilat qismən gizlədə bilirdi. Amma problemlərin böyüdüyü, münaqişənin gərginləşdiyi, müharibənin getdiyi məqamlar hər şeyi tam ortaya qoymağa imkan verir. Bu hər şeyin içində də həm Azərbaycanın öz ərazilərini işğaldan azad edərkən onu kimin dəstəklədiyini, həm də beynəlxalq təşkilatların qərarların icrası ilə bağlı hansı fikirdə olmasını görürük. Yəni, beynəlxalq təşkilatların qərarları bu günə qədər nə üçün icra olunmayıb, beynəlxalq hüquq niyə tam təmin olunmayıb və s.

 

Paşinyan isə Ermənistanla bağlı uzun müddət gizlədilən, Ermənistanın hərbiləşdirilmiş və terrorçu dövlət olması mahiyyətini bu gün daha açıq şəkildə üzə çıxarır. Həm beynəlxalq təşkilatların, həm də vasitəçi dövlətlərin bir qisminin mahiyyətinin nə olduğunu bilirik. Mən bütün beynəlxalq təşkilatları və bütün xarici dövlətləri ittiham etmək fikrində deyiləm. Çünki bu, yanlış olar. Amma beynəlxalq təşkilatların da, bəzi xarici dövlətlərin də mahiyyətlərindəki qeyri-səmimiliyi bu gün aydın görürük. Amma yenə də biz Ermənistanın hərbi xarakterli beynəlxalq hüquqa zidd addımları ilə bağlı xarici dövlətləri, beynəlxalq təşkilatları xəbərdar etməli və problemin daha ədalətli şəkildə həll olunmasını tələb etməliyik. Ki, öz ərazilərini işğaldan azad etməyə çalışan dövləti yox, işğalçı dövləti sülhə çağırsınlar.

ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Bölgə Səfərinə dair Bəyanat |  Azərbaycanda ABŞ səfirliyi

- Qarabağ probleminin uzun illərdir həll edilməməsi böyük bir problemə çevrilib. Paşinyan da müraciətində bildirmişdi ki, onların düşmənləri olduğu qədər dostları da var. Həmçinin, vuruşmaq üçün yetəri qədər silah-sursata malik olduqlarını da iddia etmişdi. Azərbaycan Prezidenti isə xalqa müraciətlərində hər dəfə bu məsələyə toxunur ki, Ermənistanın hərbi texnikası məhv edildiyi halda, yenə də tükənmir. Deyə bilərikmi ki, Ermənistanı elə münaqişənin həll olunmasında maraqlı olmayan həmin dostları silahlandırır?

 

- Bəli. Mən “münaqişənin həll olunmasını istəməyənlər” ifadəsini bir qədər də dəyişməyin tərəfdarıyam. Yəni, bu münaqişənin meydana gəlməsində günahı olanlar və bu günə qədər həllinin tapılmamasında günahı olanlar. Bu münaqişə özbaşına və ermənilərin sadəcə “Böyük Ermənistan” xəyalı, qonşularına ərazi iddiaları irəli sürməsi ilə meydana gəlməyib. Bu münaqişənin meydana gəlməsində, təməllərinin atılmasında, Azərbaycan ərazilərinin işğalında BMT-nin qətnamələrini icra etməyən dövlətlərin də rolu var. Düzdür, o dövlətlərin içində müsbət düşünən siyasətçilər də var, aqressiya və neoimperializm düşüncəsində olanlar da. Hər halda, biz həmin ölkələrin mövqeyini də dəyişməyə çalışmalıyıq ki, o dövlətlərdə qərar verənlər beynəlxalq hüquqa hörmətlə yanaşsınlar.

 

- Bu ölkələrin içində Rusiya var?

 

- Cənab Prezident özü də bunu qeyd edib və Rusiyanın Ermənistandakı hərbi bazasından Ermənistan ordusuna texniki təchizat, əlavə yardım göstərildiyini vurğulayıb. Biz cəmiyyətdə danışılanlardan, məlumatlı insanlardan bildiyimiz qədəri ilə bu yardımın, sadəcə texniki-təchizatla yekunlaşmadığını, taktiki, strateji, kəşfiyyat və hərbi planların idarə olunması dəstəyi ilə davam etdiyini də bilirik. Məqsəd isə eynidir. Çünki bu dövlətlər Azərbaycanın bu dərəcədə operativ və sürətli şəkildə ərazilərini işğaldan azadetmə əməliyyatı aparacağına inanmırdı. Gözləmirdilər ki, Azərbaycan BMT-nin 27 ildir icra etmədiyi və ya edə bilmədiyi qətnamələri belə sürətlə icra etməyə başlayacaq. Ona görə də işğalçı dövlətə bütün formalarda dəstək nümayiş etdirirlər. Bircə o qalıb ki, açıq-aşkar Ermənistan tərəfindən döyüşsünlər. Lakin bütün bunların Azərbaycan üçün ziyanı olacaqsa, onlar üçün də ziyanı olacaq. Bunu hamı bilir. Bunlar prosesin müsbət nəticəsini sadəcə uzada bilər, dəyişə bilməz.

 

- Belə olan halda, münaqişənin miqyası daha da böyüyə bilərmi?

 

- Münaqişənin miqyası böyüsə, az böyüməyəcək, əksinə, çox böyüyəcək. Detalları demək istəmirəm, amma indikindən bir az daha geniş əraziyə keçməyəcək. Yəni, hansısa bir qüvvə münaqişənin miqyasını böyütmək istəsə, həmin o qüvvənin sərhədləri də daxil olmaqla, daha geniş ərazi əhatə olunacaq. Müdaxilə edib münaqişənin miqyasını böyütmək istəyən hər bir qüvvə, hər bir xarici güc üçün bu, fəlakət demək olacaq. Məncə, bunu hamı hiss edir və kimsə bunu sınamağa çalışmaz. Sınayan da daha dəqiq nəticəsini görəcək.

 

- Bu miqyası Rusiya-Türkiyə qarşıdurması kimi təsəvvür etmək olar?

 

- Rusiya ilə Türkiyə açıq müharibədən uzaq durmağa çalışır. Bunu biz Rusiyaya məxsus təyyarə vurulanda da görmüşdük. Ki, Türkiyə və Rusiyanın qarşı-qarşıya gəlməsi üçün Qərbdən, Ermənistandan və digər ölkələrdən təhriklər edilirdi. Lakin hər iki dövlət yaxşı başa düşürdü ki, onların qarşı-qarşıya gəlməsi fəlakət ola bilər və bu, Türkiyə ilə müqayisədə Rusiya üçün daha da ağır nəticələr yaradar. Çünki Türkiyə onsuz da sərhədlərində müharibə aparır. Rusiya isə Ukraynadakı vətəndaş müharibəsini nəzərə almasaq, Gürcüstandan sonra müharibəyə cəlb olumayıb. Amma sərhədlərində bu problemi yaşaya bilər, həmçinin Türkiyə və Azərbaycana da zərərləri toxunar. Amma Ermənistana və Rusiyaya daha böyük ziyanı olar. Lakin Türkiyə və Rusiya rəhbərliyi, xüsusən də prezidentlər səviyyəsində məsələni daha düzgün qiymətləndirə bilirlər. Düzdür, Lavrov və Çavuşoğlu arasında baş tutan dilaoqlarda da müsbət məqamlar var, lakin o səviyyədə deyil. Amma Putin-Ərdoğan dialoqu daha önəmlidir. Orada münaqişənin miqyasının genişlənməməsi daha ön plandadır və haqlıdırlar da.

 

- O zaman Qarabağa diqqət artıq regional baxış bucağından beynəlxalq baxış bucağına doğru dəyişib...

 

- Əlbəttə. Bunu bizim Prezident də qeyd elədi, biz də görürük. Əgər, burada Türkiyə-Rusiya balansı olmasaydı, nəinki Rusiyanın müdaxiləsi, başqa güclərin də müdaxiləsi ola bilərdi. Düzdür, biz cəbhədə sadəcə Ermənistanla döyüşmədiymizi bilirik, amma daha fərqli bir hərbi mənzərənin olmamasının əsas səbəbkarı Türkiyə-Rusiya balansıdır.

Müəllif: Mərahim Nəsib