Bir tərəf rus dilində təhsilin üstünlüyünə diqqət çəkir, digər tərəf isə bunu siyasi təsir vasitəsi kimi görür
Son günlərdə ölkəmizdə rusdilli məktəblərin varlığı yenə müzakirə obyektinə çevrilib. Valideynlər, tanınmış şəxslər daha çox sosial şəbəkədə öz mövqelərini ifadə edir, münasibətlərini bildirirlər. AYNA mövzu ətrafında ekspertlərlərin rəylərini öyrənib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Nadir İsrafilov hesab edir ki, mövcud şəraitdə bu məsələ kimlərsə tərəfindən müzakirə obyektinə çevrilərək siyasiləşdirilir: “Rus məktəblərinin bağlanması, ümumiyyətlə Azərbaycan məktəblərində rus dilinin tədrisi ilə bağlı məsələ birinci dəfə deyil ki, müzakirə obyektinə çevrilir, sadəcə olaraq bu məsələ son günlər növbəti dəfə yenidən gündəmə gətirilib, baxmayaraq ki, Respublikamızda etnik rus mənşəli əhaliyə qarşı heç bir ayrı-seçkilik yoxdur və onlar Azərbaycan Respublikası Konstitusiyasının və təhsil qanunvericiliyimizin Azərbaycanın digər vətəndaşları üçün tanıdığı hüquqlardan tam şəkildə yararlana bilirlər. Hesab edirəm ki, əslində kimlərsə tərəfindən edilən bu kimi cəhdlər, mövcud şəraitdə məsələnin siyasiləşdirilməsinə xidmət edir”.
“Təhlükəli yanaşmadır”
Müsahibimiz təhsil siyasətində dövlətin əsas prinsiplərinə diqqət çəkib: “Təhsil siyasətində dövlətin əsas prinsipləri təhsil fəaliyyətinin bilavasitə təhsilalanın mənafeyinə yönəldilməsi, onun milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə edilməsi, bütün şagirdlər üçün bərabər təhsil şəraitinin yaradılması və onların təhsil hüququnun təmin edilməsi, təhsilin dövlət standartlarına, şəxsiyyətin, dövlətin və cəmiyyətin maraqlarına uyğunluğundan ibarətdir. Ümumi təhsil Azərbaycanda fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla, fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən prioritet fəaliyyət sahəsidir”.
““Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsində də birmənalı şəkildə nəzərdə tutulub ki, ümumi təhsil müəssisələrində tədris dili dövlət dili Azərbaycan dilidir. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun, təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır”, - deyə ekspert bildirib.
N.İsrafilov vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkədir və respublikamızda xeyli qarışıq ailələr var, qanunvericiliyə görə də onlar övladları üçün dil seçimində azaddırlar: “Deyək ki, əsasən Bakı məktəblərində şagirdlərin 16 faizə yaxınının rus bölməsində oxuması, birinci siniflərdə bu rəqəmin 17 faizi keçməsi, elit məktəblərdə isə bu göstəricinin bir qədər də yüksək, yəni orta göstəricinin 15%-nə bərabər olması, əvvəlki göstəricilərlə müqayisədə şagird sayının 90-cı illərdəki, payının ümumi şagird sayında 7% təşkil etməsi müqabilində hazırda iki dəfəlik artım tendesiyasının müşahidə edilməsi heç də ona əsas vermir ki, “ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı”, “rus bölməsi ləğv olunmalı”, “rus bölmələrində təhsil ödənişli olmalı”, “rus məktəbləri özəlləşdirilməli” kimi fikirlər irəli sürülsün, hətta, məsələni siyasi müstəviyə keçirib, hökm və ittiham xarakterli "rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq, rus məktəbləri bağlanmalıdır” kimi çağırışlar səsləndirilsin, “əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək” kimi nəticələr çıxarılsın”.
“Qanunvericiliymizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var. Digər tərəfdən, Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərilir, multikulturalizm ili elan etmişik, multikulturalizm dəyərlərini təşviq edirik, pravoslav və katolik kilsələrini bərpa edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, bir yandan da millətçilik toxumu səpirik. Bunu necə başa düşmək olar? Rus dilində təhsilin ləğvi barədə təklifi irəli sürərkən digər fəsadlar bir yana, heç omasa, onu fikirləşmişikmi ki, belə bir addımın atılması sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərə bilər?”, - Şura üzvü vurğulayıb.
İsrafilov, ümumilikdə rus dili ilə bağlı bu vəziyyətin nədən qaynaqlandığının araşdırılmalı olduğunu düşünür: “Bəlkə, rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi qaneedici deyil? Bəlkə, bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xatirinə ailədə və məişətdə rus dilində danışığa üstünlük verməsidir? Bəlkə, əksər qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Yəni, vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir. Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Hesab edirəm ki, ilk növbədə Azərbaycan bölməsində rus dilinin, rus bölməsində Azərbaycan dilinin tədris səviyyəsi qaldırılmalı, azərbaycanlı uşaqların rus bölməsinə qəbulu zamanı onların bu dilə nə dərəcədə yiyələnib-yiyələnməmələrinə xüsusi diqqət yetirilməlidir ki, bu istiqamətdə də Təhsil Nazirliyi tərəfindən müvafiq işlər aparılır”.
“Rusiya təsirindən çıxa bilmirik”
Türkoloq-alim Faiq Ələkbərli isə o fikirdədir ki, bir çox postsovet ölkələri ilə müqayisədə Azərbaycanda hələ də rusdilli məktəblərin olması göstərir ki, Rusiyanın təsiri ilə bağlı mövzulardan xilas ola bilməmişik: “Xüsusilə də son illərdə rusdilli bölmələrdə təhsil alan azərbaycanlı şagirdlərin sayının artması, rusdilli məktəblərə dövlət tərəfindən ayrılan büdcənin çoxalması, qayğının artması, şübhəsiz ki, birbaşa Rusiya Federasiyasının Azərbaycana olan təsirinin güclənməsi ilə bağlıdır. Və bu, qətiyyən təqdirəlayiq hal deyil. Bu, bizim milli dövləçiliyimiz üçün çox ciddi təhlükədir”.
“Bu mövzunun bu gün bu formada olmasını Azərbaycanın vaxtilə SSRİ-nin tərkibində olması ilə də izah etmək olmaz ki, yalnız bunun təsiridir. Doğrudur, bunun da təsiri var, amma mənə elə gəlir ki, əsas təsirlərdən biri dövlət strukturlarında Rusiyaya meylin gücləndirilməsidir. Bununla da belə bir fikir formalaşdırırlar ki, özünü ziyalı, savadlı hesab edənlər uşaqlarını rusdilli məktəblərə yazdırırlar”, - mütəxəssis vurğulayıb.
O, əlavə edib ki, özü rus dilini bilmədiyi halda uşağını rusdilli məktəbə göndərən valideynlər də az deyil: “Həmin valideynlərlə söhbətlərimizdə onlar bu qərarlarını belə izah edirlər ki, bu, ən azından Rusiyaya çıxışdır. Yəni, bunu Rusiyaya çıxış kimi qiymətləndirirlər. Qeyd edim ki, onlara görə bu addım Rusiyaya çıxışdır, əslində isə bu, Rusiyaya bağlılıq və Rusiyanın Azərbaycanı öz təsiri altında saxlama siyasətinin bir parçasıdır. Sadə insanlar isə övladlarının gələcəyini düşünərək bu addımı atırlar. Ancaq, şübhəsiz ki, burada söhbət Rusiyaya bağlı vətəndaşların yetişdirilməsindən gedir. Bu isə qətiyyən qəbuledilməzdir”.
Ələkbərlinin fikrincə, Azərbaycanda rusdilli məktəblər ödənişli olmalıdır: “Azərbaycan dövlətinin büdcəsindən maliyyələşən rusdilli məktəblərin olması qəbul edilməzdir. Bu cür hal, hətta, Ermənistanda və Gürcüstanda yoxdur. Mənə elə gəlir ki, bu məsələyə baxılmalı və rusdilli məktəblər ödənişli olmalıdır”.
Bu mövzuda müzakirələrdə iştirak edənlərin Azərbaycan dilində olan məktəblərdə tədrisin keyfiyyətinin aşağı olmasına, ədəbiyyat qıtlığı ilə bağlı gətirdikləri arqumentlərə də toxunan ekspert qeyd edib ki, bu cür fikirlər, əslində çoxdan yaradılmış “ənənə”dir: “Məqsəd istedadlı Azərbaycan övladlarını rus dilində böyüdərək Rusiyaya bağlamaqdır. Bu, qəsdən aparılan bir siyasətdir. Bu proses hələ Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra başlayıb. Rus-tatar məktəbləri yaradılmışdı və orada rusdilli ziyalılar yetişdirdilər. İndi də eyni şəkildə bu prosesi davam etdirirlər. Səsləndirilən arqumentlər də aparılan təbliğatın bir hissəsidir, propaqandadır”.
“Ən çox təəssüf doğuran hal odur ki, özünü, hətta milli ruhda, ziyalı hesab edənlər arasında da bu addımı atanlar olur. Mən onlara dəfələrlə iradımı bildirmişəm ki, necə olur, sənin övladın rusdilli, ingilisdilli məktəblərdə böyüyür. Təbii ki, onlar da özlərini övladlarının xarici dili öyrənməyinin vacibliyi ilə müdafiə edirlər. Əlbəttə ki, xarici dil öyrənmək zəruridir. Lakin hər hansı bir azərbaycanlı övladını 5-6 yaşından xarici dilli məktəbə qoyursa, o övlad artıq bizim deyil. O, təhsil aldığı dilin mədəniyyətinin təsiri altında böyüyəcək. Bu, istər-istəməz belə olur, həmin şəxs yüzdə doxsan faiz bizdən biri olmur. Ola bilsin ki, onlardan bəziləri sonradan Azərbaycan mədəniyyətinə geri dönsün, lakin böyük əksəriyyətində belə olmur”, - alim vurğulayıb.
“Bu, eyni zamanda Sovet dövründən qalma ənənənin - Azərbaycanın guneyində İran mədəniyyəti adı altında, quzeyində isə Rusiya mədəniyyəti adı altında bizi təhqir etmək prosesinin davamıdır. Belə ki, bizləri “Azərbaycan mədəniyyətində nə var? Bunlar barbardır, vəhşidir. Dünyaya çıxış ancaq rus, ingilis, fransız mədəniyyətindədir” kimi fikirlərin təsiri altında saxlamağa və buna inandırmağa çalışırlar. Təəssüf ki, bu proses hələ də davam etdirilir. Və bunun arxasında Qərbin böyük ideoloqları dayanır. Qərbin və Rusiyanın məqsədi Türk-İslam mədəniyyətini alçaltmaq, cılız təqdim edib övladlaımızı öz mədəniyyətlərinə bağlamaqdır”, - deyə Faiq Ələkbərli fikrini yekunlaşdırıb.
“90 faiz ədəbiyyat rus dilindədir”
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev hesab edir ki, bu məsələdə kiməsə hər hansı maneə yaradılması, qadağanın qoyulması məsələsi gündəm mövzusu olmamalıdır: “Hər kəsin təhsil almaq hüququ var və valideynlər də övadları üçün könüllü şəkildə təhsil dili seçirlər. Tarixən Azərbaycanda rus məktəbləri və onların da tanınmış yetirmələri olub, indinin özündə də var. Bu mövzu gündəm məsələsinə çevrilməməlidir. Ona qalsa, hazırda ingilis dilində uşaq bağçaları da fəaliyyət göstərir. Bu uşaqların gələcəkdə istər millilik baxımından, istərsə də adət-ənənələrimizi qorumağı baxımından necə vətəndaş kimi yetişməsini hər kəs proqnozlaşdıra bilər”.
Deputatın sözlərinə görə, bu gün cəmiyyətdə rus dilindəki təhsilin daha keyfiyyətli olması təlqin olunur: “Məsələ burasındadır ki, rus dilində təhsil 10-12 faizdir. Bu da çox böyük göstərici deyil. Bu gün rus dilini bilməyən azərbaycanlılar, evindəki kitabxanada rus dilində iki kitab olmayan insanlar da övladlarının rus dilində təhsil almağını istəyirlər. Bunun müxtəlif səbəbləri var. Biri də odur ki, cəmiyyətdə rusdilli məktəblərin daha yaxşı təhsil verdiyi təlqin edilir. Lakin maraqlı bir məqam var ki, ibtidai təhsil pilləsindən sonra yuxarı siniflərdə rus dilində dərs keçən püxtələşmiş müəllim tapılmır. Təhsil Nazirliyinin MİQ imtahanlarında da rusdilli müəllimlərin nəticələri aşağıdır. Nəticədə ibtidai təhsil pilləsindən sonra valideynlər yenidən uşaqlarını Azərbaycan bölməsinə qaytarmaq istəyirlər. Çünki faktiki olaraq fizika, biologiya, kimya və sair fənlərdən Azərbaycan bölməsinin müəllimləri daha savadlıdır”.
“Sovet dönəmində müəllim hazırlığı Azərbaycan bölməsi ilə bir-birini dabandabana izləyirdi. BDU, ADPU, Rus dili və Ədəbiyyatı İnstitutu və sair ali məktəblərdə rus bölməsi üzrə fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə müəllim hazırlığı həyata keçirilirdi. Sonra dövrün dəyişməsi ilə bağlı bu fənlər üzrə demək olar ki, mütəxəssis - müəllim hazırlığı həyata keçirilmədi. Digər mühüm məqam isə budur ki, axtardığımız bir çox ədəbiyyat nümunələrini Azərbaycan dilinə tərcümədə tapa bilmirik. Həmin kitab ya rus dilində, ya ingilis, ya da türk dilindədir. Bu, dili bilməyən üçün çətinlik yaradır. Bütün dissertasiyaların mənbəyi rus dilindədir. 90 faiz ədəbiyyat rus dilindədir. Bunu necə inkar etmək olar? Əlbəttə, milli dəyərlərimizi qoruyaq, saxlayaq, lakin mən hesab edirəm ki, dilin tədrisinə suni maneələr yaratmaq, qadağalar qoymaq olmaz. Uşaqlar nə qədər çox dil bilsələr, bir o qədər yaxşıdır”.
E.Əliyev rus dilində təhsilin pullu olmasının tərəfdarı deyil: “Azərbaycan Konstitusiyasında 42-ci maddənin ikinci bəndində bildirilir ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Digər tərəfdən isə əvvəldə də qeyd etdiyim kimi, yuxarı siniflərdə rus dilində kifayət qədər savadlı müəllim yoxdur. Orta məktəblərdə təbiət elmlərini rus dilində tədris edən müəllim azdır. Mənim şəxsi fikrimdir ki, dil məsələsini maneə kimi qarşıya qoyaraq həmin məktəblərin ləğvini tələb etmək insanların təhsil hüququna ziddir. Söhbət milli-mənəvi dəyərlərdən, vətənpərvərlikdən gedirsə, mən rus dilində təhsil almış Rəhman Bədəlov, Əbülhəsən Abbasov kimi şəxsiyyətləri nümunə göstərə bilərəm. Kim deyə bilər ki, bu kimi şəxsiyyətlərin millilik keyfiyyətləri Azərbaycan dilində oxumuşlardan zəifdir?!”.
“Azərbaycan bölməsinin müəllimləri də öz üzərlərində xeyli dərəcədə məsuliyyət hiss eləməlidirlər. İngilis və rus dilinin tədrisini Azərbaycan bölməsində də gücləndirmək lazımdır. Rus bölməsində ibtidai təhsil pilləsində savadlı müəllimlər var, lakin yuxarı siniflərdə demək olar ki, yoxdur. Bu problemi də valideynlər anlamalıdırlar. Bu gün istənilən ziyalının, kitab oxuyan adamın, alimin kitabxanasına baxsaq, görərik ki, ümumi kitabxananın yalnız 15-20 faizini Azərbaycan dilində olan ədəbiyyat təşkil edir”, - deputat vurğulayıb.
Qeyd edək ki, mövzu ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, sorğumuza cavab ala bilmədik. Eyni zamanda, Nazirliyin mətbuat xidməti rusdilli məktəblərin statistikası ilə bağlı sualımızı da cavabsız qoydu.