Çavuşoğlu Qarabağ razılaşmasından danışdı: “Məsələ həllini tapmalı idi”

Aktual

12.11.2020 - 11:54

“Razılaşma Azərbaycan torpağında, Azərbaycanın özünün uyğun bildiyi yerlərdə olacaq”

 

“Azərbaycanın istədiyi bir şey var idi: 30 ilə yaxındır işğalda olan torpaqlarını geri almaq”. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan mediasının Qarabağla bağlı suallarını cavablandırıb. AYNA-nın xəbərinə görə, Çavuşoğlu deyib ki, Azərbaycanın bütün torpaqları təkrar geri verilir.

 

“Türkiyə əvvəldən bildirdi ki, qardaş Azərbaycan torpaqları ilə bağlı hansı həll yolunu seçirsə, biz yanındayıq. Azərbaycanın işğal altında olan torpaqları geri verilmədiyi vaxtda atəşkəs olursa, nə olacaq ki? Qalıcı atəşkəs olmaz, məsələ həllini tapmalı idi. Sonuncu bəyanatla bu məsələ həllini tapdı”, - deyə bildirib.

 

Türkiyə XİN başçısı vurğulayıb ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatın beşinci maddəsinə əsasən, Rusiya ilə ortaq nəzarət məntəqələrinin açılması mövzusunda danışıqlarda qərar alınıb: “Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışdı. Bizlər də dəfələrlə Lavrovla görüşüb, danışıqlar apardıq. Bu müddəti Azərbaycanla birlikdə kordinasiyalı şəkildə davam etdirdik. Azərbaycanın da razılıq verdiyi şəkildə, daha öncə də bəyan edilən bəyanatın bəzi detalları elan edildikdən sonra Türkiyənin müdafiə naziri ilə Rusiyanın müdafiə naziri arasında sənəd imzalandı. Sabah Rusiyadan gələn heyətlə bu məsələnin detalları danışılacaq. Razılaşma Azərbaycan torpağında, Azərbaycanın özünün uyğun bildiyi yerlərdə olacaq. Yəni nəzarət mərkəzi çox önəmli işlər görəcək. Razılaşmanın şərtlərinə zidd ola biləcək addımların qarşısı alınacaq. Atəşkəsin pozulması risklərinin qarşısını almaq üçün tədbir görüləcək. Bunları ortaq çalışma qrupu əngəlləyəcək. Amma burada ən önəmli məsələ ev sahibi ölkənin verdiyi ixtiyar, yer və detallardır ki, bu da təbii ki, Azərbaycanla birlikdə təsbit ediləcək”.

 

“Bu addımların sülhə aparacağına ümid edirik. Ümid edirik ki, Ermənistan bunlardan dərs götürəcək. Bir başqa ölkənin torpağında ömür boyu qalmaq mümkün deyil. Səmimi deyirəm ki, bu prosesin sonunda Ermənistanın və erməni xalqının bunu anlayacağına inanıram. Prosesin sonu Azərbaycanın ərazi bütövlüyünün bərpasına xidmət edir”, - deyə Çavuşoğlu vurğulayıb.

 

Nazir onu da bildirib ki, torpaqların təhvil verilməsi məsələsindən ATƏT-in Minsk Qrupunun həmsədrləri də dərs çıxarmalıdırlar: “Fransa bu müddətdə mənfi münasibət sərgilədi. Tərəfli açıqlamalar verir. Bunlar da 30 ildir məsələnin niyə həll olunmadığını göstərir. Fransanın atəşkəslə bağlı fikrinə Azərbaycan Prezidenti İlham Əliyev müsbət cavab verdi. Amma Azərbaycanın bu cür cavabına baxmayaraq, Fransa hər zaman Ermənistanı dəstəklədi. Atəşkəsdən sonra yenə də mənfi açıqlamasını göstərir, hətta Türkiyəni günahlandırır. Bu cür hallar davam edərsə, bu ölkələr həmsədrlikdən çıxarılmalıdır. Fransa məsələyə qarşı aqressivləşir və sülhü baltalamağa çalışır. Bundan sonra da heç bir ölkə haqsız ölkəni dəstəkləyərək, bu müddəti baltalamasın. Biz hər şərtdə Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Müəllif: Ayna.az