“Resurs anlaşması”nın Kiyevə faydası: Putinin işi çətinləşdi

Dünya

02.05.2025 - 19:56

Həkimlər Klinikalar SEO Xidməti

Politoloq: “Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir”

Mayın 1-nə keçən gecə ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair saziş imzalanıb. Saziş çərçivəsində investisiya fondu yaradılacaq. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. “Bloomberg”in məlumatına görə, saziş imzalandıqdan sonra Vaşinqton Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın inkişafı üçün investisiya layihələrinə çıxış əldə edəcək.

“Prezident Donald Trampın davamlı sülhü təmin etmək üçün yorulmaz səyləri sayəsində mən bu gün Birləşmiş Ştatlar və Ukrayna arasında ABŞ-Ukrayna Yenidənqurma İnvestisiya Fondunun yaradılması haqqında tarixi iqtisadi tərəfdaşlıq sazişinin imzalandığını elan etməkdən məmnunam” deyə ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Sazişə əsasən, ABŞ Maliyyə Nazirliyi və Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası tərəfdaşlığın inkişafı üçün Ukrayna hökuməti ilə işləyəcək.

Həmçinin ABŞ Prezidenti Donald Tramp Kiyevlə yerin təki sazişinə münasibət bildirib və bəyan edib ki, Amerika mədən sənayesinin Ukrayna ərazisində olması ölkənin təhlükəsizliyini təmin edəcək.

Ukrayna ABŞ ilə resurs sazişinin təfərrüatlarını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna və ABŞ arasında faydalı qazıntılar üzrə saziş bir neçə elementdən ibarətdir: “İki texniki saziş var: dövlət qurumları arasında suveren fondun yaradılması və fond daxilində vəzifələrin bu şəkildə bölüşdürülməsi haqqında”.

“The Financial Times” qəzetinin mənbələri Ukraynanın son anda resurs müqaviləsinin şərtlərini dəyişməyə çalışacağını iddia edib. Həmçinin, jurnalistlərlə söhbətində Ukrayna rəsmiləri qeyd ediblər ki, onlar hələ də sövdələşmənin taleyindən narahatdırlar. Onlar ABŞ-ın hərəkətlərindən məyus olduqlarını bildiriblər.

Sözügedən sazişlə bağlı fikirlərini bildirən azərbaycanlı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, qısa adı “resurs anlaşması” olan sənədə müxtəlif şərhlər verilir: “Bir qism bu anlaşmanın Ukraynanın zərərinə, digərləri xeyrinə olduğunu vurğulayır. Fikrimcə, həqiqət hardasa bu iki yanaşmanın ortasındadır. Hər halda yeni anlaşmanın şərtləri ilə tanış olduqda, bu sazişin əvvəlkindən Ukrayna üçün daha münasib olduğu qənaətinə gəlmək olar. Tramp administrasiyasının əvvəl təklif etdiyi sazişdə Ukraynanın resurslarının tamamı Amerikanın nəzarətinə keçirdi və resursların istifadəsindən Amerikaya borcun qaytarılması nəzərdə tutulurdu. Yeni sazişin mətnində Ukrayna üçün bu ağır bəndlər yoxdur”.

“Tramp Ukraynanın Amerikaya 500 milyard dollar borcunun olduğunu iddia edirdi. Halbuki, bu rəqəm xeyli şişirdilib. Buna görə də Ukrayna Prezidenti Zelenki havadan götürülən borcla razılaşmadı və Vaşinqtonun təzyiqinə baxmayaraq, saziş üzərində işin davam etdirilməsini lazım bildi və ortaya yeni saziş sənədi çıxdı”, - Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, yeni sazişin praktik necə həyata keçiriləcəyi də sual altındadır: “Birincisi, Ukraynanın böyük yeraltı resurslara malik olması barədə səhih məlumat yoxdur. İkincisi, Ukraynanın əsas yeraltı resursları işğal altındakı ərazilərdədir. Bu halda ABŞ-la Ukrayna həmin resursları necə istismar edəcəklər? Üçüncüsü, resursların istismarı üçün müharibə ya başa çatmalı, ya da uzun müddətli atəşkəs elan edilməlidir. Rusiya isə istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır”.

“Buna baxmayaraq, yeni razılaşmanın Ukrayna üçün müsbət tərəfləri də var. Bu saziş ABŞ-ın Ukraynanın işğal edilməyən ərazisinə təhlükəsizlik təminatı verməsi anlamına gəlir. Çünki ABŞ bundan sonra Ukraynanın yeraltı resurslarını öz resursları kimi qorumalıdır. Bundan başqa, Tramp sazişdən çıxış edərək Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir. Kiyevə elə bu lazımdır ki, Vaşinqton Ukraynaya hərbi yardımı dayandırmasın”, - analitik qeyd edib.

Mərkəz rəhbəri hesab edir ki, indi top Rusiyanın meydanındadır: “Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir. Çünki, müharibə dayanmadan ABŞ şirkətlərinin Ukraynada çalışması çətindir. Ancaq müharibə bitmədən ABŞ-ın bir neçə şirkəti Ukrayna ərazisində fəaliyyətə başlayarsa, bu dəfə Putinin işi çətinləşəcək. Çünki Rusiya Ukraynadakı hədəflərini vurarkən, raketlərdən hər hansı biri ABŞ-ın çalışmağa başladığı məntəqəyə dəyərsə, Moskva artıq qarşısında ABŞ-ı görəcək”.

Müəllif: Turan Abdulla

Pin up casino Pin-up casino giriş