Bakı metrosunda introskop: camaat arasındakı narahatlığın izi ilə

Cəmiyyət

17.02.2022 - 18:03

Cihazın insan sağlamlığına və texnoloji avadanlıqlara qarşı ziyanlı olduğu barədə iddialar yayılıb, bəs həqiqətdə necədir?

Metroda təhlükəsizlik məqsədilə girişdə introskop cihazı quraşdırılıb. Artıq uzun müddətdir ki, sərnişinlər metroya daxil olduqlarında əşyalarını həmin cihazdan keçirirlər. Cihazlara metro polisləri nəzarət edir. Sərnişinlərin bir qismi çantasını introskopa qoymadan metro polisinə göstərməklə keçir. Həmin sərnişinlər arasında yükü noutbuk, fotoaparat, kamera və s. kimi elektron əşyalar və qida məhsulları olanları daha çox görmək olur. Buna səbəb də həmin cihazın zərərli şüalar yayması, qida məhsullarının tərkibinə mənfi təsiri və ya elektron əşyaların zədələnə bilməsi ehtimalı ilə bağlı olan fikirlərdir.

Bununla bağlı sosial şəbəkədə keçirdiyimiz sorğudan da məlum oldu ki, metrodan istifadə edənlərin bir qismi elektron əşyalarını, qida məhsullarını instroskopdan keçirməyə ehtiyat etsə də, bir qismi bunu təhlükəli hesab etmir. Məsələn:

- Ehtiyat edirəm, çünki şüasının zərərli olduğunu eşitmişəm. Adətən çantamı açıb metro polislərinə göstərirəm, onlar yoxlayırlar, keçirəm.

- Noutbuku keçirirəm, heç nə olmayıb. Yaddaş kartının zədələnməsi ehtimalı var, amma öz təcrübəmdə rast gəlməmişəm.

- Qida məhsullarını qoymuram, çünki radiasiya yüksəkdir, qidanın tərkibi dəyişə bilər.

- Bununla bağlı söz-söhbətlər olsa da, konkret fakta rast gəlməmişəm. Bir çox adam bizdə, eləcə də başqa ölkələrdə noutbuklarını, kameralarını introskopdan keçirir, ancaq kiminsə bu cür problemlə qarşılaşdığını eşitməmişəm.

AYNA səsləndirilən fikirlərə, qeyd edilən ehtimallara mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

Kompüter mütəxəssisi Eldəniz Məhərrəmzadənin sözlərinə görə, elektron avadanlıqların introskopdan keçərkən zədələnməsi barədə ehtimallar olsa da, təsdiqini tapmayıb: “Kompüterlər, noutbuklar və PDA-lar və onların içindəki komponentlər rentgen şüalarına həssas deyil və rentgen aparatı vasitəsilə göndərildikdə zədələnmir. Flaş media (rəqəmsal kameralar üçün yaddaş kartları) X-şüaları ilə zədələnmiş ənənəvi filmdən fərqli olaraq, rəqəmsal kameranızın yaratdığı şəkilləri saxlamaq üçün istifadə olunan fləş kartlar işığa həssas deyil. X-raydan keçərkən fləş media zədələnmir. Floppy disketlər yalnız maqnit yüklərinə həssasdır, onları və ya kompüteri rentgen vasitəsilə götürmək sürücüyə zərər verməyəcək. Noutbuk kimi MP3 pleyerlər, cib telefonları, ağıllı telefonlar, USB və elektronika avadanlıq istehsalçısı tərəfindən başqa cür göstərilmədiyi təqdirdə rentgen şüalarından təsirlənmir”.

IT mütəxəssisi Nəriman Zeynal da bu barədə sosial mediada paylaşımlara rast gəldiyini lakin, X-ray şüasının noutbuku zədələməsi halına təcrübədə rast gəlmədiyini deyib: “X-ray şüasının noutbukun ekranını sındıracaq qədər güclü olduğunu düşünmürəm. Özüm hər gün metroda noutbukumu introskopdan keçirirəm. Düşünürəm ki, sadəcə noutbuku çantaya düzgün yerləşdirmədikdə harayasa dəyib sına bilər. Sırf introskopdan keçirdikdə noutbukun ekranının sınması ilə bağlı kimsə müraciət etməyib. Bir neçə müştəri çantanın qapının arasında qalması nəticəsində noutbuk ekranının sınması ilə bağlı müraciət edib”.

Qida mütəxəssisi Ağa Salamov da öz növbəsində söyləyib ki, sözügedən cihazdan keçən qidalar müəyyən qədər elektromaqnit dalğalarının təsirinə məruz qalsa da, çox ciddi zərər görmür: “İnsanlar qidanın şüalanmasından qorxurlar. Amma bunu da unutmaq olmaz ki, metro elektrik enerjisi ilə işləyir və özü hərəkətdə olanda belə, vaqonda elektromaqnit dalğalar çoxalır. Bu da əlində telefon olan insanlara daha çox təsir edir. Çünki telefonun özü də şüa ötürür. Həmin şüa beyinə, gözlərə çox zərərlidir”.

“İntroskopdan keçən qidanın müəyyən qədər elektromaqnit dalğalara məruz qaldığını demək olar, amma ümumilikdə çox zərərli olduğunu söyləyə bilmərik. Tam əminliklə onu deyə bilərəm ki, evdə bişdikdən sonra işə götürdüyümüz və bir neçə saatdan sonra yeyiləcək qidalar daha tez xarab olur. Yeri gəlmişkən, bir neçə saatdan sonra yeyiləcək qidalar hazırlayarkən daha diqqətli olmalıyıq. Çünki qidanı uzun müddət saxladığımızda mikrobioloji çirklənmə ola bilər. Eyni zamanda mikrodalğalı sobalar elektromaqnit dalğalar yaymaqla yeməyi isidir. Bu isə qidanın birbaşa toxumalarına təsir etdiyi kimi, insan orqanizminə də təsirsiz ötüşmür. Xərçəng xəstəliyi riskini artırır. Yəni qida üçün ən təhülkəli cihazlar evimizin içindədir. Təhlükəsizlik üçün hava limanında, metroda və s. quraşdırılmış bu cihazlar onlardan daha az zərərlidir. Ümumilikdə müasir texnologiya ilə hazırlanmış bu cihazların çox da zərərli olduğunu düşünmürəm”, - deyə Salamov bildirib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov inroskopla bağlı iddialara dair sualımıza cavabında qeyd edib ki, sözügedən cihazlarla bağlı məsələlərin hər biri Daxili İşlər Nazirliyinə (DİN) aiddir.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev AYNA-ya açıqlamasında deyib, hansısa elektron, rəqəmsal cihazların həmin yoxlama aparatlarından keçərkən zədələnməsi, hansısa formada sıradan çıxması ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Metroda xidmətə cəlb olunmuş polis əməkdaşları bununla bağlı müvafiq qaydada təlimatlandırılıb. Əgər sərnişinin üzərində daşıdığı hansısa əşyanın həmin aparatdan keçməsi məqsəduyğun hesab edilmirsə, bu, polisə bildirildikdə polis bunu digər müvafiq cihazla yoxlayır, təhlükəsizliyinə baxdıqdan sonra metroya buraxılması təmin edilir”.

“Bu cihazlar yalnız metroda deyil. Hava limanında, eləcə də digər mühafizə olunan, qorunan giriş-çıxış qapılarında var. Onların insan həyatı və ya əşyalarla bağlı hansısa formada təhlükə yaratmasına dair polisə hansısa məlumat daxil olmayıb”, - deyə Hacıyev vurğulayıb.

Müəllif: Aləmdə Nəsib