Kəndlərdə məişət tullantılarının idarə edilməsi bələdiyyələrə həvalə edilsin – <font color=red> TƏKLİF VAR </font>

Cəmiyyət

25.10.2019 - 23:30

Dünyada dayanıqlı inkişafın təmin edilməsində vacib olan və böyük diqqət yetirilən məsələlərdən biri məişət tullantılarının idarə edilməsinin müasir tələblərə uyğun sisteminin qurulmasıdır
 
Son illər ölkədə bu istiqamətdə Böyük Bakını əhatə edən zonada bu sahədə həyata keçirilən işləri xüsusilə qeyd etmək olar. Amma araşdırmalar göstərir ki, bölgələrdə və kənd yerlərində bu sahədə ciddi problemlər qalmaqda davam edir.  
 
AYNA xəbər verir ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təşkil etdiyi dəyirmi masada “Kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində mövcud durum və sistemin təkmilləşdirilməsi üzrə tövsiyələr“ mövzusunda müzakirələr olub. 
 
Birliyin sədri Azər Mehtiyev bildirib ki, layihə Niderland Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi - Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində reallaşdırılıb. Layihə çərçivəsində kənd yaşayış məntəqələrində məişət tullantılarının idarə edilməsi sahəsində normativ-hüquqi bazanın mövcud durumu və bir neçə pilot ərazi timsalında real vəziyyət araşdırılıb, bu sahədə son illər əldə olunmuş nailiyyətlər və problemlər aşkarlanıb, mövzu üzrə bir sıra ölkələrin maraqlı təcrübələri öyrənilib, habelə sahənin mütəxəssisləri və ekspertləri ilə məsləhətləşmələr əsasında kənd ərazilərində məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi üzrə  təklif və tövsiyələr hazırlanıb.
 
 
A.Mehtiyev əlavə edib ki, araşdırma nəticəsində kənd yerlərində məişət tullantılarının idarə edilməsi sahəsində mövcud aşağıdakı problemlər aşkarlanıb: 
 
qanunvericilikdə kəndlərdə məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması sahəsində başlıca vəzifə və səlahiyyətlər rayon icra hakimiyyəti başçılarına həvalə edilsə də, hazırda kənd yaşayış məntəqələrində demək olar ki, bu fəaliyyətlər həyata keçirilmir; 
bu sahədə işlək mexanizmlər nə qanunvericilikdə, nə də praktik təcrübədə yoxdur;
 
dövlət büdcəsindən məqsədli (ünvanlı) vəsait ayrılmır; 
 
Ekologiya və Təbii Sərvətlər nazirliyinin və Səhiyyə nazirliyinin vəzifə və səlahiyyətləri daha çox nəzarətedici xarakterə malikdir; 
 
Bu fəaliyyətlər əsasən bələdiyyələrin vəzifə və səlahiyyətlərinə aid olduğu halda, ölkəmizdə bu sahədə bələdiyyələrə yalnız maarifləndirmə rolu həvalə olunub; 
 
ölkəmizin kənd yaşayış məntəqələrində bərk məişət tullantılarının, xüsusilə plastik materialların yığılması üçün xüsusi tutumlar yoxdur;
 
kənd yaşayış məntəqələrində məişət tullantılarının yaranmasının uçot və hesabatlılığı sistemi ümumiyyətlə qurulmayıb;
 
kənd yaşayış məntəəqlərində yaşayan insanların məişət tullantılarının ətraf mühitə, cəmiyyətə və insan sağlamlığına zərərləri və mənfi təsirləri haqqında bilgiləri son dərəcə azdır, bu sahədə yetərli maarifləndirmə işləri aparılmır;
 
Bakı şəhəri və qismən Abşeron zonası istisna olmaqla, ölkənin digər ərazilərində istehsalalt və məişət tullantılarının daşınması üçün zəruri tələblərə cavab verən poliqonlar yaradılmayıb və s.
 
Layihə çərçivəsində Polşa, Türkiyə, Rusiya və Gürcüstanın bu sahədəki təcrübələrinin araşdırıldığını bildirən A.Mehtiyev vurğulayıb ki, həmin ölkələrdə kənd yerlərində məişət tullantılaırnın toplanması, daşınması və emal edilməsi məsələləri əsasən bələdiyyələrin səlahiyyətindədir: bələdiyyələr bu işi ya bilavasitə özləri, ya bələdiyyələrarası kooperasiya yolu, ya da öəl qurumlarla əməkdaşlıq formasında həyata keçirirlər. Dövlət qurumları isə bu sahədə milli siyasətin müəyyən edilməsi və onun icrasının təmin edilməsi ilə məşğul olurlar. Azərbaycanda isə qanunvericilikdə kənd yaşayış məntəqələrində məişət tullantılarının toplanması, daşınması və onların mənfi təsirlərinin azaldılması sahəsində başlıca vəzifə və səlahiyyətlər rayon icra hakimiyyəti başçılarına həvalə edilib, bələdiyyələrə isə yalnız maarifləndirmə rolu həvalə olunub.
 
Ekspert deyib ki, kənd ərazilərinin məişət tullantılarından təmizlənməsinin 3 alternativ mexanizmindən birinin tətbiqini mümkündür: “Təklifimizə görə, kəndlərin məişət tullantılarından təmizlənməsi ya mənzil-kommumal təsərrüfatı qurumlarına, ya bələdiyyələrə səlahiyyət verməklə, ya da özəl operatorların xidmətlərindən istifadə etməklə mümkündür. Biz bələdiyyələr vasitəsiylə bu işin görülməsini daha uyğun hesab edirik. Hazırlanmış təklif və tövsiyələr bu müzakirələrdən sonra təkmilləşdirilərək müvafiq hökumət qurumlarına, habelə digər maraqlı tərəflərə təqdim ediləcək. 
 
Ekologiya və Təbii Sərvətlər nazirliyinin təmsilçisi Ceyhun Hüseynov da  kənd yerlərində məişət tullantılarının toplanması və daşınması işinin bələdiyyələrin müstəsna səlahiyyətinə verilməsinin məqsədəuyğun olduğunu qeyd edib. 
 
İqtisadiyyat nazirliyinin və “Təmiz Şəhər”  ASC-nin nümayəndəsi Səbuhi Babayev məlumat verib ki, ASC Bakı şəhərinin 12 inzibati rayonuna xidmət göstərir. Məişət tullantılarının toplanması və daşınmasına icra hakimiyyətləri cavabdehlik daşıyır: “ Hazırda Şüvəlan və Qaradağ rayonlaırnın ərazisində məişət tullantılarının qəbulu məntəqələri tikilməkdədir. Bakıdan başqa ölkənin heç bir yerində məişət tullantılarının daşınması üçün müvafiq tələblərə cavab verən sanitariya poliqonları yoxdur. Amma Milli Strategiyada ölkənin 12 ərazisində belə poliqonların qurulması nəzərdə tutulur. 
 
Müəllif: Raminə Eyvazqızı