"Şəhər əhalisinin sayının hesablanması mübahisəlidir"

Cəmiyyət

20.12.2019 - 23:37

Dünya ölkələrinin urbanizasiya reytinqində Azərbaycan orta urbanizasiya səviyəsinə malik ölkələr sırasındadır

 

Ən son statistikaya görə, ölkə əhalisinin 53%-i şəhər əhalisi hesab edilir. Yüksək urbanizasiya səviyyəsi 70%-dən yuxarı ölkələrdir.

 

Amma Azərbaycanda şəhər əhalisinin sayının hesablanmasına yanaşma mənə çox mübahisəli gəlir. 

 

Problem ondadır ki, bizim rəsmi statistika qəsəbə əhalisini də şəhər əhalisinə aid edir. 


Halbuki bizim reallıqda inzibati ərazi vahidi olan qəsəbələri kənd yaşayış məntəqələrinə daha çox uyğun gəlir, nəinki şəhərlərə. 

 

Nədən belə hesab etdiyimi deyim. "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanuna görə, qəsəbə dedikdə əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmayan (iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən) ərazi vahidləri başa düşülür. Amma Azərbaycan reallığında bəlkə də çox az istisnalarla qəsəbələrin həm yaşayış infrastrukturu, həm də məşğulluq strukturu tamamilə kəndlərlə eyniyyət təşkil edir. 

 

Məsələn, hazırkı statistikaya görə, Masallı rayonunun 224 min nəfər əhalisinin 51 min nəfəri  və ya 23%-i şəhər əhalisi kimi uçota alınıb. Halbuki bu əhalinin 25 min nəfəri Boradigah və Ərkivan qəsəbələrinə aiddir. Yalnız Masallı şəhərinin özü götürülsə, Masallı rayonu əhalisinin cəmi 11.7%-ni (26 min nəfər) təşkil edir. 

 

"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanuna  görə, Azərbaycanda əhalisinin sayı 15.000 nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai iaşə, mədəni və ya tarixi obyektlərdə və s.) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahidi şəhər hesab edilir.

 

Ayrı-ayrı hallarda  əhalisinin sayı 15.000 nəfərdən az, lakin 12.000 nəfərdən yuxarı olan, inkişaf etmiş istehsalat və sosial infrastruktura, ərazisində ümumdövlət əhəmiyyətli müəssisələr və ya xüsusi əhəmiyyətli tarixi və mədəni abidələr yerləşən, habelə gələcək inkişaf və əhalisinin sayının artması perspektivinə malik olan böyük inzibati, iqtisadi və mədəni mərkəzlər, şəhərlər kateqoriyasına aid edilə bilər.

 

Məsələn, mənim özümün doğulduğum inzibati ərazi vahidi hazırda qəsəbə hesab edilsə də, qanunda əks olunan meyarlara uyğun gəlmir - nə məşğulluq strukturuna, nə  də yaşayış infrastrukturuna görə rayonun kəndlərindən heç nə ilə fərqlənmir.

 

Yuxarıda nümunə kimi göstərdiyim Masallının 2 qəsəbəsini kəndlərə deyil şəhərlərə bərabər tutmağa hansı əlamətlər səbəb olub? Qanunda şəhər sayılmaq üçün nəzərdə tutulan meyarlar mövcuddurmu?

 

OECD standartlarında ixtiyari ərazinin şəhər sayılması üçün əsas şərtlərdən biri məşğul əhalinin yarısından çoxunun qeyri-aqrar məşğulluqla əhatə olunmasıdır.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert