Azərbaycanda spirtdən ölənlərin sayı koronavirus qurbanlarının sayını keçdi: <font color=red> Nə baş verir?</font>

Cəmiyyət

07.04.2020 - 19:33

Mütəxəssis: “Spirtin dezinfeksiyaedici təsiri də şübhəlidir, əks halda cərrahlar yara yerini spirtlə yuyardılar”

 

Mart ayının 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə spirtdən zəhərlənmə diaqnozu ilə 9 xəstə müraciət edib, onlardan 4-ü ölüb. Ötən həftə isə paytaxtın bir sıra apteklərində satılan “tibbi spirt”dən xeyli sayda zəhərlənmə baş verib. Və təəssüflər olsun ki, zəhərlənən 12 nəfərdən bu günə qədər 8-i həyatını itirib.

 

Martın 21-dən indiyə qədər isə koronavirusa yoluxmuş 7 nəfər vəfat edib. Və rəqəmlərə nəzər saldıqda aydın görünür ki, ölkəmizdə “spirt qurbanları”nın sayı koronavirus qurbanlarının sayını üstələyib. Koronavarusdan qorunmağın yolları kimi vaxtaşırı spirtlənmək tövsiyyə olunduğundan, bəzi şəxslər daxili orqanları da “dezinfeksiya” etməyə çalışıblar. Nəticə isə belə faciəvi olub.  

 

Maraqlıdır, COVID-19-dan qorunmağın “dərmanlarından” biri hesab olunan spirt virusdan daha təhlükəlidir? Yoxsa ki, problem spirtin tərkibindədir? Həmçinin, spirtin koronavirusla mübarizədə həqiqətən də effekti varmı? Ümumiyyətlə, spirt nə zaman və hansı hallarda insanı öldürür?

 

Vəziyyəti AYNA-ya şərh edən həkim-farmakoloq Müşfiq Hüseynovun sözlərinə görə, zəhərlənmələr ya saxta spirtdən, ya da metil spirtdən baş verə bilər: “Etil spirtinin qəbulu insanı öldürməz. Amma satışda olan və dezinfeksiya məqsədilə istifadə edilən metil spirtin daxilə qəbulu olduqca təhlükəlidir. Metil spirt o qədər zəhərlidir ki, 5-10 milli qram miqdarda ağır zəhərlənmə, həmçinin korluq törətməyə, 30 milli qram qəbul edəndə isə öldürməyə qadirdir. Zəhərlənmə baş verdikdə ürək bulanması, qusma, şiddətli baş ağrısı, görmə qabiliyyətinin kəskin şəkildə pisləşməsi, korluq kimi simptomlar müşahidə olunur. Vəziyyət ağırlaşanda isə dəri və selikli qişalar göyərir, nəfəs almaq çətinləşir, göz bəbəkləri genişlənir və ölüm baş verir”.

 

Müsahibimiz indiki məqamda zəhərlənmələrin çoxluğunu saxta spirtlə əlaqələndirir: “Ölkəmizdə bu yaxınlarda saxta araq satan şəbəkə zərərsizləşdirildi. Ancaq vəziyyətin hazırda necə olduğunu dəqiq bilmirəm. Nəinki indi, hər zaman insanlar aptekdən spirt alaraq su ilə qatıb içiblər. İndi spirtə ehtiyac çoxalıb, istehsal isə ya çox zəifdir, ya da bəs etmir. Ona görə də bu durumdan işbazlar istifadə edir, texniki spirti tibbi spirt kimi qablaşdırıb satırlar. Yəni son günlərdə belə halların artması onu göstərir ki, haradasa gizli yolla spirt istehsal edənlər var. Bu işlə isə ancaq hüquq-mühafizə orqanları məşğul olmalıdır”.

 

M.Hüseynovun dediyinə görə, tibbi spirtlə metil spirti ancaq mütəxəssislər ayırd edə bilər: “Qoxuları fərqli olur, amma bu fərq o qədər az olur ki, hər kəs bunu anlaya bilmir. Hətta mütəmadi içən insanlar belə, bu fərqi ayırd edə bilmirlər çox vaxt. Nəticədə də zəhərlənmələr, ölüm halları baş verir”.

 

Həkim spirt qəbul etmək istəyənlərə məsləhət görür ki, aldıqları hər spirti içməsinlər: “Ən azı marketlərdən araq alıb içsinlər. Üzərində etil spirt yazılsa da, içindəki texniki spirt ola bilər. Texniki spirtlə də, haradasa, dezinfeksiya etmək mümkündür, qəti şəkildə içmək olmaz”.

 

Müsahibimizin, “spirt və ya spirtli içki qəbul etmək insanı koronavirusa yolxumaqdan qoruyurmu” sualımıza isə cavabı belə oldu: “Təbii ki, qorumur. Spirtin, əslində dezinfeksiyaedici təsiri də şübhəlidir. Əgər belə olsaydı, cərrahlar yara yerini spirtlə yuyardılar”.

 

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, son günlər baş verən sözügedən zəhərlənmələr metil spirtindən olub. Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunmasını tövsiyə edib. Qeyd olunub ki, adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Analitik Ekspertiza Mərkəzi əhalini bu məsələdə diqqətli və ehtiyatlı olmağa çağırıb.

Müəllif: Rumiyyə Miraslan