“Söndürülməmiş siqaret kötüyü, yaxud adi şüşə butulka yanğına səbəb olur”
Son günlər ölkənin müxtəlif bölgələrində meşə və çöllük əraziləri yanğınlar bürüyüb. AYNA əməkdaşı baş verən hadisələrin səbəbləri, mövcud durum və görülən tədbirlər ətrafında Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva ilə həmsöhbət olub.
O bildirib ki, yanğınların baş vermə səbəbi daha çox insanların ehtiyatsızlığı ilə bağlıdır: “Baş verən yanğınların səbəbi, əsasən insan amili ilə bağlıdır. İnsanlar meşə sahələrinə, istirahət mərkəzlərinə üz tutur, qidalanmaq və digər məqsədlər üçün ocaq qalayırlar. Daha sonra həmin ocağı nəzarətsiz qoyub gedirlər. Təbii ki, bu da yanğınların baş verməsinə gətirib çıxarır. Hətta, bir siqaret kötüyünün söndürülməmiş yerə atılması yanğınlara səbəb olur”.
“Adi bir şüşə butulka da yanğına səbəb olur. Məsələn, insanlar butulkanı istifadə etdikdən sonra yerə atırlar. Yerə atılmış butulkalar Günəş şüalarının təsiri ilə qığılcım yaradır və nəticədə güclü yanğın meydana çıxır. Adi lupanın altına kağızı qoyub Günəş şüası ilə təmas yaratsaq, bir necə saniyə sonra kağızın yanmasına şahid olarıq. Yenə də gəldik insan amilinə. O butulkanı ora atan kim olmuşdu? Əlbəttə ki, insan! İnsanlar heç bir təhlükəsizlik qaydalarına riayət etmirlər. Sonda da belə hadisələr baş vermis olur”, - deyə FHN sözçüsü bildirib.
“Meşədə baş vermis yanğını təbii amillərlə əlaqələndirirlər, amma diqqətlə araşdıranda görürük ki, həmin yanğın da insan amili ilə bağldır. Çünki meşədəki yanğınların səbəbkarları da insanlardır. Meşənin yanmasına səbəb ola biləcək siqarət kötükləri, şüşə butulkaları hara gəldi, tullayıb gedirlər”, - vurğulayıb.
Müsahibimiz yanğınların qəsdən törədilməsi, yəni təxribat ehtimalını istisna edir: “Yanğınların heç birində təxribat xarakterindən söhbət belə, gedə bilməz. Belə bir faktla qarşılaşmamışıq”.
Nazirlik əməkdaşı “Yanğınların miqyasının genişlənməsi səbəbindən kənar dövlətlərdən kömək istəməyə ehtiyac yaradırmı” sualına isə belə cavab verib: “Hələlik başqa ölkələrdən yardım istəməyimizə ehtiyac yaranmayıb. Heç bir halda yardıma zərurət olmayıb və öz qüvvəmizlə prosesin öhdəsindən gəlmişik”.
G.Mehdiyevanın sözlərinə görə, baş verən yanğınlarda, yalnız taxta bazarındakı hadisədə xəsarət faktı qeydə alınıb: “Həmin hadisə zamanı bizim iki əməkdaşımızda tüstüdən boğulma halı baş verib və tibbi yardım göstərilərək həyatları xilas edilib. Qalan heç bir yanğın hadisəsində xəsarət faktı qeydə alınmayıb”.