Qudalardan “doğulan” təlxəklər

Cəmiyyət

06.01.2020 - 22:00

Və ya biz niyə faciəmizə gülürük?

 

Son günlər ölkə gündəmini bir hadisə zəbt edib. Belə ki, Ağdaş rayonunda qoşulub qaçan qudalar, məmə yeyəndən, pəpə yeyənə qədər hər kəsin ağzına düşüb. Təbii ki, ölkədə baş verən hadisələrə "burnunu soxmayan", "mən siyasətə qarışmıram" deyib ölkədə baş verən heç bir ictimai-siyasi proseslərə vətəndaş mövqeyi sərgiləməyən, yaşamaq üçün yox, yemək üçün yaşayan adamların bu hadisəni məzhəkə obyektinə çevirməsi heç də təəccüblü deyil.

 

Niyə də təəccüblü olsun? Axı, azərbaycanlıların əksəriyyəti adətən hadisələrdən xəbərsiz ola-ola “Facebook”da status yazmaqla dividend qazanmağı xoşlayırlar. Bundan əlavə, bizim camaat mübhəm və məchul yerlibazlıq psixologiyası səbəbindən, bir-birlərini ən kritik məqamlarda vurmağa da hazırdırlar. Yetər ki, onlar, qarşı tərəfi “sındıra” bilsinlər.

 

Elə bu hadisə də həmin “qəhrəmanlar” üçün fürsət mənbəyinə çevrildi deyə, bu hadisəni məsxərəyə çevirərək həmin bölgə və sakinlərini ələ salmaqla məşğul oldular. Əslində, bu tip insanlar hadisələrin mənbəyini və mətbəxini bilmədən baş verən proseslərdə hansısa qeyri-müəyyən obraz yaratmağa çalışırlar.

Mərahim Nəsib