Yanukoviçi 15 ilə qədər həbs gözləyir

Dünya

25.06.2020 - 15:24

Ukraynanın sabiq Prezidenti və nazirlər dövlətə xəyanətdə ittiham olunurlar

 

Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç yenidən dövlətə xəyanətdə ittiham olunur. AYNA xarici mediaya istinadən bildirir ki, Ukraynanın Dövlət Təhqiqat Bürosu keçmiş Prezident və iki keçmiş müdafiə naziri Dmitri Salamatin və Pavel Lebedevi xəyanətdə şübhəli bilərək prokurorluğa məlumat verib.

 

Onları əmlakları müsadirə olunmaqla 15 ilə qədər həbs gözləyir. Hazırda hər üç sabiq Rusiyada yaşayırlar.

 

İstintaqın gəldiyi qənaətə görə, 2012-2014-cü illərdə Prezident və Müdafiə naziri Silahlı Qüvvələrdə islahat adı altında Ukraynanın müdafiəsini bilərəkdən azaldıblar. Bildirilir ki, onlar qoşunların şəxsi heyətinin sayını azaldıblar, hərbi hissələrin yerdəyişməsini həyata keçiriblər ki, bunlar xüsusilə Krım Muxtar Respublikası ərazisində baş verib. Nəticədə yarımada Rusiya tərəfindən ilhaq edilib.

 

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Yanukoviç xəyanətdə və Rusiyanın işğalçılığına dəstəkdə ittiham edilərək Kiyev Məhkəməsinin qərarı ilə qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edib.

 

Xatırladaq ki, Yanukoviç 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində Ukraynadakı inqilabdan sonra Prezidentlikdən devrilib, Rusiyaya sığınıb. Yanukoviç həmin tarixdən bu yanadır ki, Rusiyada yaşayır. 

Müəllif: Ayna.az