“Türkiyənin NATO-dan tələblərinin bir qismi nəzərə alınacaq”

Dünya

20.05.2022 - 10:17

Fuad Çıraqov: “Ankara özünə qarşı ikili standartların, qərəzli münasibətin aradan qaldırılmasını istəyir”

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün şərtlərini açıqlayıb. “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb ki, rəsmi Ankara F-35 qırıcılarının istehsalı proqramına daxil ediləcəyini gözləyir. Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə F-35 beşinci nəsil qırıcı-bombardmançı təyyarə proqramından kənarlaşdırmışdı.

Ankara, həmçinin, israr edir ki, hər hansı yeni NATO namizədi həm Türkiyə daxilində, həm də Suriya və İraqda kürd terrorçu birləşmələri ilə bağlı narahatlıqlarını etiraf etsin. Türkiyə istəyir ki, İsveç və Finlandiyanın bloka qoşulmasına icazə verilməzdən əvvəl həmin dövlətlər təkcə PKK deyil, həm də onun qollarını açıq şəkildə pisləsin. Bundan əlavə, Ankara İsveç və Finlandiyanın Türkiyənin 2019-cu ildə Suriyadakı hərbi əməliyyatlarından sonra bir neçə digər Avropa İttifaqının üzvü ilə birlikdə silah ixracına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasını istəyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələ ilə bağlı açıqlama verib. Türkiyə lideri bəyan edib ki, PKK və YPG terror təşkilatlarına dəstək vermək və bunun qarşılığında NATO-ya üzvlük üçün Türkiyədən dəstək istəmək məntiqsizlikdir: “30 terrorçunu istədik, bizə təhvil vermədilər. Finlandiya ilə İsveçin NATO-ya üzvlüyünə sorğu-sualsız “hə” deməyəcəyik”.

Bununla yanaşı, Ərdoğan NATO müttəfiqlərini Türkiyənin narahatlığına hörmət etməyə çağırıb: "Müttəfiqlərimizdən bizim narahatlığımızı anlamalarını, hörmət etmələrini və mümkündürsə, dəstək vermələrini gözləyirik".

"Bizim terror təşkilatlarının sərhədlərimizə etdiyi hücümlarından qorunmaq kimi həssaslığımız var. İllərdir buna görə acı çəkdik, itkilərimiz oldu, hələ də əvəzini ödəyirik. Buna heç bir müttəfiqimiz gözlədiyimiz səviyyədə hörmət və dəstək göstərmədi. PKK və İŞİD-in sərhədlərimizə dayandığı bir zamanda ölkəmizdəki hava hücumundan qorunma sistemlərinin götürüldüyü günləri unutmadıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan NATO çərçivəsində müttəfiqlərin Türkiyəyə qarşı sərgilədiyi münasibətə baxmayaraq, ölkəsinin Alyans çərçivəsində bütün öhdəliklərini yerinə yetirdiyini və əməldə NATO-nun fəaliyyətlərinə ən çox dəstək verən ölkə olduğunu söyləyib: “Amma qarşımıza qoyulan hər bir təklifə sorğu-sualsız “hə” deyən deyilik. NATO-nun genişlənməsi bizim həssaslığımıza göstəriləcək hörmət çərçivəsində anlamlıdır". 

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, politoloq Fuad Çıraqov deyib ki, Türkiyənin tələbləri milli maraqlara söykənir:

- Türkiyənin bu addımını qərəzli sayanların özləri məsələyə qərəzli mövqe sərgiləyirlər. Türkiyənin tələbləri məntiqli, aydın, qanunauyğun və milli maraqlarına əsaslanır. Əgər bir ittifaqda təmsilçilik varsa, oranın üzvlərinin baxışları nəzərə alınmalıdır. NATO-da belə bir anlayış var ki, Alyansın üzvlərinin təhlükəsizliyinə digər üzvlər həssas yanaşmalıdır. 

Türkiyə nə tələb edir ki? Deyir, PKK, YPG/PYD terrorçularının Finlandiya və İsveçdəki fəaliyyətləri qadağan olunsun, onlar terrorçu təşkilat kimi tanınsın. Biz illərdir müşahidə edirik ki, bu ölkələr həmin terror təşkilatlarına dəstək olub. Bu ölkələrdə terrorçuların təlimatlandırılma, hazırlanma yerləri var, maliyyə mənbələri mövcuddur. Türkiyə təbii olaraq, bunun qarşısının alınmasını tələb edir. Əgər bu ölkələrin təhlükəsizliklə bağlı narahatlıqları varsa, NATO-ya üzv olmaq istəyirlərsə, o zaman NATO-nun əsas üzvü olan Türkiyənin də maraqlarını, narahatlığını nəzərə almalıdırlar. Ankaranın da təhlükəsizliklə bağlı narahatlığı PKK, YPG/PYD terror təşkilatlarıdır. İttifaqda təmsilçilik həm də üzvlərin bir-birilərinin təhlükəsizlik maraqlarını nəzərə almaq deməkdir. 

- Tələblərdən biri də F-35 beşinci nəsil qırıcı-bombardmançı proqramına bərpa edilməkdir...

- Bəli, Türkiyənin tələbləri içərisində F-16 və F-35 qırıcı təyyarələri ilə bağlı məsələlər də var. Ankara vaxtilə qərəzli şəkildə bu layihələrdən uzaqlaşdırıldı. Bundan sonra Yunanıstan silahlandırılmağa başlanılıb. Sual olunur: Yunanıstan niyə silahlandırılır? Afinaya hansı təhlükə var ki, Yunanıstan müasir silahlarla təchiz edilir?! Yunanıstanın təhlükəsizliklə bağlı problemi yoxdur. Demək, belə qənaət dormalaşır ki, bu, ancaq Türkiyəyə qarşı atılan addımdır. Təbii, əgər balans yaradılmalıdırsa, o zaman Türkiyəyə də eyni formada hərbi texnika verilməlidir, sanksiyalar aradan qaldırılmalıdır. Türkiyənin silah sanksiyalarının aradan qaldırılması ilə bağlı tələbi də normaldır, burada qeyri-adi tələb yoxdur. Türkiyə sadəcə olaraq, özünə qarşı ikili standartların, qərəzli münasibətin aradan qaldırılmasını istəyir.

- Sizcə, Finlandiya və İsveçin NATO-ya üzv olmasını istəyən qüvvələr Türkiyənin bu tələblərini nəzərə alacaqlarmı?

- Siyasət bir qədər də alver məsələsidir. Türkiyənin istəkləri, tələbləri var ki, bunlar təmin edilməlidir. Yenə deyirəm, bunlar qeyri-adi tələblər deyil, milli maraqlara dayanan tələblərdir. Ona görə də, Ankaranın istəkləri nəzərə alınmalıdır. ABŞ Prezidenti Co Bayden son açıqlamasında təxminən belə dedi ki, "hər şey yaxşı olacaq". Eləcə də, NATO-nun Baş katibi Yens Stoltenberqin çıxışlarında müsbət məqamlar var. Yəqin ki, ortaq bir nöqtəyə gəlinəcək. Hamısı olmasa da, Türkiyənin tələblərinin bir qismi nəzərə alınacaq. 

- Məlumdur ki, Rusiya ilə Türkiyə arasında münasibətlər kəskin və düşməncə deyil. Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə "hə" desə, buna Kremldən hansı reaksiya gələcək?

- Türkiyə öz maraqlarına uyğun siyasət aparır. Buna Rusiyanın və ya hansısa başqa bir ölkənin pis baxması önəmli deyil. Biz gördük ki, Türkiyənin Rusiya ilə münasibətlərinin normal olması ilə paralel şəkildə Ukrayna ilə də çox yaxşı münasibətləri var. Ukraynaya verilən "Bayraktar" və digar silah növlərinin müharibədə bu ölkənin ordusunun uğurlarında nə qədər pay sahibi olduğunu müşahidə etdik. Türkiyə silahlarının Rusiyanın Ukraynaya hücumunun iflasa uğramasında çox böyük rolu var. Rusiya bunu çox yaxşı bilir, anlayır. Əlbəttə, Kreml narazıdır, amma nəsə deyə bilmir. Rusiya da anlayır ki, rəsmi Ankara hansısa qüvvələrin göstərişi ilə siyasət aparmır, Türkiyənin milli maraqlarına uyğun siyasət aparır. Bu baxımdan, Kremldən hansı reaksiyanın gələcəyinin əhəmiyyəti yoxdur. 

Müəllif: Anar Bayramoğlu