Həsən Ruhani: “Bu hadisə düşmənlər üçün xəbərdarlıq olmalı və müharibəyə son qoyulmalıdır”
İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanında baş verən partlayışı dəstəkləyən açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ruhani "Saudi Aramco"da baş verənləri nəzərdə tutaraq, “bu hadisə düşmənlər üçün xəbərdarlıq olmalı və müharibəyə son qoyulmalıdır”, - deyib.
Bununla yanaşı, Ruhani hadisədə İranın günahlandırılması məsələsinə birmənalı cavab verməyib: “Biz bölgədə qarşıdurma olmasını istəmirik, lakin qarşıdurma olarsa, kimin qələbə qazanacağı da məlumdur. Diqqətlə baxın, "Aramco"ya hücum edənlər xəstəxanalara, bazarlara və məktəblərə hücum etməyiblər. Bölgədəki düşmənlər bundan nəticə çıxarmalı və sülh içində yaşamaq üçün müharibəyə son qoymalıdırlar”.
Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft şirkətinə hücum edilib və şirkətə məxsus iki neft zavodunda partlayış baş verib.