"10 nəfərlik nümayəndə heyəti oradakı vəziyyəti yerində öyrənəcək"
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Çindəki uyğur türklərinin problemlərinə dair açıqlama verib. "Bizim gözləntimiz Çinin himayəsi altında uyğur qardaşlarımızın əmin-amanlıq və sülh şəraitində yaşamasıdır", - deyə o bildirib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, 52-ci Cənub-şərqi Asiya Millətlər Birliyi (ASEAN) Xarici İşlər nazirlərinin toplantısı çərçivəsində açıqlama verən Çavuşoğlu Türkiyə-ASEAN münasibətlərini, Rusiya-Çin əlaqələrini, Çindəki uyğur türklərinin problemlərinə münasibəti dəyərləndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çinə səfəri çərçivəsində uyğur türkləri məsələsini də gündəmə gətirdiyini xatırladan Çavuşoğlu deyib: "Bizim gözləntimiz Çinin himayəsi altında uyğur qardaşlarımızın dinclik və sülh içində yaşamasıdır. Prezidentimizin səfəri zamanı Çin Prezidenti Türkiyədən bölgəyə bir heyət göndərməyi təklif etmişdi. Daha sonra 24 iyulda Çin səfirliyi nazirliyimizə gələrək bu dəvəti rəsmi şəkildə çatdırdı".
"Bu gün də bu barədə danışdıq. Bu dəvətə Prezidentimiz prinsipcə müsbət cavab vermişdi. İndi o bölgəyə Çinin dəvəti ilə müxtəlif qurumlardan ibarət, təxminən 10 nəfərlik bir nümayəndə heyətimizi göndərəcəyik və oradakı vəziyyəti dostlarımız yerində görəcəklər", - Çavuşoğlu vurğulayıb.