Tələbələrin başının üstünü kəsdirməyin - <font color=red> Qara iş ağ otaqda baş vermir</font>

Cəmiyyət

31.01.2020 - 13:25

 "Ali məktəbdə bir saat imtahana nəzarət etməklə, imtahan prosesinə hər hansı bir don geyindirməyimiz imitasiyadan başqa bir şey deyil"

 

Bir neçə il öncə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalanmışdı. Əmrdə göstərilirdi ki, ali təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri ali məktəblərdə imtahan qərargahı, həmçinin imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar.

 

Ondan sonra bir sıra ali məktəblərdə imtahan qərargahları yaradıldı, sessiyası zamanı monitorinqlər keçirilməyə başlandı və bu proses, bir növ adət halını aldı. Hazırda da bir çox ali təhsil müəssisələrinin rəhbərlikləri tərəfindən seçilmiş jurnalistlər, KİV rəhbərləri, təhsil ekspertləri və QHT nümayəndələri imtahanların gedişini izləyirlər.

 

Maraqlıdır, bu tip monitorinqlərin keçirilməsi, həqiqətən də, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məsələsində faydalı oldumu? Ümumiyyətlə, bu addımın mənfi və müsbət tərəfləri hansılardır? Suallarımıza həmin monitorinq qruplarında təmsil olunan təhsil ekspertləri ilə AYNA tutmağa çalışdıq.

Картинки по запросу professor Şahlar Əsgərov

Təhsil eksperti, Milli Məclisin Təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov düşünür ki, bu proses 3-4 ildir davam etsə də, arzuolunan nəticələr vermir: “Bizim imtahanları belə müşahidə etməyimiz elə də uğurlu alınmır. Çünki nəsə edirlərsə və etmək istəyirlərsə, təbii ki, bizim yanımızda etməyəcəklər, bizdən sonra hər addıma əl atmaq mümkündür. Builki monitorinqlər zamanı bu etirazı səsləndirdim. Hesab edirəm ki, bu proses hansısa metodla əvəz olunmalıdır, yeni üsul tapmalıyıq”.  

 

Ş.Əsgərov belə monitorinqlərdənsə, jurnalist-universitet münasibətlərinin düzgün qurulmasını daha effektiv hesab edir: “Rektor ölkə Prezidenti tərəfindən təyin edilmiş şəxsdir və onun məqsədi rəhbərlik etdiyi universitetin problemini həll etmək, nüfuzunu qaldırmaqdır. Əgər jurnalistlərin də məqsədi universitetin yüksəlməsidirsə və bunu arzu edirsə, jurnalistlərin arzusu ilə rektorların arzusu paralel olmalıdır. O zaman bunlar arasında ziddiyyət yox, bir-birinə köməklik olmalıdır, bu arzu ümumdövlət məqsədinə bərabər olmalıdır. Jurnlalistlə rektor arasında məqsədlər müxtəlif olanda, hansısa ümumdövlət məqsədinə yox, öz şəxsi məqsədinə qulluq edəndə ziddiyyət yaranır”.

 

“Bu ziddiyyətin yaranmaması üçün jurnalistlər universitetlərə kömək etməlidirlər. Rektoru nəyinsə müqabilində boş yerə tərifləməməli, nəyisə ala bilməyəndə tənqid etməməlidirlər. Mövcud olanı düz yazmalıdırlar, jurnalist düz yazmaqla həm rektora, həm millətə, həm də dövlətə kömək etmiş olur. Problemləri ancaq düzü yazmaqla, düzü deməklə həll edə bilərik”, - deyə professor qeyd edib.

Картинки по запросу Təhsil eksperti Etibar Əliyev

Təhsil eksperti Etibar Əliyev də bu tip görüşlərin nəticəsiz olduğu qənaətindədir: “İlk dəfədir ki, gözlədiyim sualla qarşılaşıram. Belə görüşlərdə mən özüm də dəfələrlə iştirak etmişəm, deyə bilərəm ki, bu tip monitorinqlərin heç bir effekti yoxdur, artıq görüntü xarakteri daşımağa başlayıb. Hər hansı bir ali məktəbdə uzağı bir saat imtahana nəzarət etməklə, imtahan prosesinə hər hansı bir don geyindirməyimiz imitasiyadan başqa bir şey deyil. Bir çox rektorlar ictimaiyyət və QHT numayəndələrini universitetlərə dəvət etməklə, universitetdə obyektiv imtahan mühitinin yaradılması barədə görüntü yaratmağa çalışırlar. Fikrimcə, bu format dəyişdirilməlidir, hər hansı yeni format düşünülməlidir”.

 

E.Əliyevin sözlərinə görə, bu tip mediaturlar artıq öz aktuallağını itirib: “Artıq bir neçə ali məktəb haqlı olaraq bu formadan imtina edib. İmtahan prosesini belə gərgin formada həyata keçirmək yolverilməzdir. Kütləvi şəkildə jurnalistlərin, ictimaiyyət nümayəndələrinin imtahan keçirilən zala daxil olması tələbələrdə müəyyən həyəcana və vaxt itkisinə səbə olur. Tələbələrin həmin görüş zamanı itirdiyi vaxt sonradan təmin olunsa da, keçirdikləri həyəcanı kompensasiya etmək mümkün deyil”.

 

Ekspert təklif edir ki, ictimaiyyət nümayəndələri, həmçinin jurnalistlər imtahanlardan sonra müəyyən monitorinqlər aparsınlar: “Bu gün ali məktəb rəhbərliyinin üzərinə düşən məsuliyyətlərdən biri də dürüst və şəffaf imtahanların keçirilməsidir. Bu məqsədlə də elə şərait yaradılmalıdır ki, ictimaiyyət, QHT, media nümayəndələri istənilən vaxt imtahan nəticələri barədə monitorinq apara bilsinlər. Universitet tərəfindən öncədən müəyyən edilmiş vaxtda bunu etmək effektiv deyil”.

Müəllif: Rumiyyə Miraslan