Kaş, Əli Vəfa Səhiyyə nazirimiz ola...

Cəmiyyət

30.10.2019 - 13:55

Bizim səhiyyəmiz özü ən TƏHLÜKƏLİ XƏRÇƏNGdir, müalicəsi də ancaq Tanrının ümidinə qalıb

 

Son bir ay ərzində həm işimlə, həm də səhhətimlə əlaqədar olaraq Bakıda yerləşən bir çox xəstəxanada oldum. Demək olar ki, bütün xəstəxanalarda eyni mənzərə ilə üzləşdim, hər yerdə xəstə insanlar qaynaşır. Solmuş, saralmış çöhrələrinə, sanki ölüm ruhu hakim kəsilmiş, çuxura düşmüş gözlərində ümidsizlik əks olunmuş, nimdaş geyimlərindən kasıblıq yağan çarəsiz insanlarla dolub-daşır xəstəxanalar.

 

Bütün tibb ocaqlarında, istənilən həkimin kabinetinin qarşısında, ən azı 10, ən çoxu isə 40-50 xəstə növbəyə durur. Analiz, USM, MRT, rentgen, dopler kabinetlərinin qarşısında isə iynə atsan, yerə düşməz. Həmin sicilləmə xəstə növbələri apteklərdə də davam edir.

 

Düzdür, başqa ölkələrdəki xəstəxanalarda da eyni vəziyyət müşahidə olunur. İllərdir müalicə üçün getdiyim Tehran şəhərində də oxşar vəziyyət hökm sürür. Ancaq bizdən fərqli olaraq oradakı insanlar ümidsiz, çarəsiz deyillər, onlar son anda, yəni canları çıxanda xəstəxanalara üz tutmurlar, ciblərindəki pulun müqabilində həkim və ya xəstəxana axtarmırlar, ucuz dərman tapmaq ümidiylə aptek-aptek gəzmirlər. Bir sözlə, bizdən fərqli olaraq, xəstəxana dəhlizlərində ölümü qarşılamırlar, ölümü dəf etmək üçün həkimə gedirlər.

Image result for xəstəxanalarda növbə

Çünki o ölkələrdə dövlət vətəndaşını sevir və qoruyur, ilk növbədə onun səhiyyəsinə və təhsilinə qayğı göstərir. Səhiyyə sistemi o qədər inkişaf edib ki, insanı diri-diri öldürmürlər, tibbin ən müasir vasitələrindən istifadə edərək, xəstəni ölümün caynağından çəkib çıxarırlar. Dövlət vətəndaşının qeydinə o qədər qalır ki, peşəsindən, yaşından, mövqeyindən asılı olmayaraq hər kəsi sığorta edir. İnsan doğulan gündən etibarən, ən xırda bir narahatlığına görə pulsuz həkim müayinəsindən keçə və əgər xəstəliyi varsa, pulsuz müalicə oluna, hətta lazım gəldiyi təqdirdə, ən ağır əməliyyatlar belə, keçirə bilir. Yoxsa, bizim kimi, pulsuzluq ucbatından ancaq ölüm döşəyində olanda həkimə üz tutmur.

 

Həmçinin, o ölkələrdə çalışan həkimlər həkim olmaq üçün, bəlkə də ömürlərinin tən yarısı qədər uzun bir yol qət edirlər. Həkimlik peşəsinə yiyələnmək üçün bizdəki kimi ATU-nun təhsili ilə kifayətlənmirlər. O ölkələrdə həkim xələtini geyinməmişdən öncə, sözün əsl mənasında həkim kimi yoğrulurlar! Və əziyyətlərinin müqabilində də dövlət onları elə bir səviyyədə şəraitlə təmin edir ki, ağılları xəstənin cibində yox, özlərində qalır. Xəstədən daha çox pul qamarlamaq barədə yox, xəstəliyini hansı yolla daha asan və tez müalicə etmək barədə baş sındırırlar.

 

O həkimlər bizimkilərdən fərqli olaraq, vicdanlarını itirməyiblər, ən yüngül soyuqdəymə zamanı ən ağır antibiotiklərlə müalicə təyin etmirlər, başı ağrıyan xəstəyə “İmodium” yazmırlar. Daha betəri, xəstə ayağın əvəzinə sağlam ayağı amputasiya edəcək qədər bisavad deyillər. Orada həkimlər bizimkilərdən fərqli olaraq xəstələri xəstəxana qapılarından asılı vəziyyətdə saxlamırlar, çalışırlar ki, xəstələrinin ayaqlarını xəstəxana yollarından kəssinlər.

Image result for xəstəxanalarda növbə

Başqa bir fərqimiz də, məhz dərmanlarımızla bağlıdır. Çünki o ölkələrdə əhəngdən hazırlanmış aspirinlər, heç bir təsiri olmayan dimedrollar, içi boş essensial-fortelər və s. saxta dərmanlar satılmır. O ölkələrdə ölkəyə dərman idxalı və satışı monopoliyalaşmayıb. İstənilən şəxs bir dərman firması aça və istədiyi ölkədə, istədiyi tərkibdə dərman sifariş etdirə və faiz güdən həkimlərin əli ilə tərkibi bilinməyən həmin dərmanlarla insanları zəhərləyə, xəstəxanalardan asılı vəziyyətdə saxlaya bilmir.

 

O ölkələrdə aptek sahibləri dərmanları istədiyi qiymətə satmaq ixtiyarında deyillər, tək qiymət var və hər bir əczaxana bu qiymətlərə əməl etmək məcburiyyətindədir. Üstəlik, ölkənin vətəndaşları dərmanlara görə də sığorta olunub, yəni həkimin yazdığı reseptdəki dərmanları, ancaq qiymətinin 10 faizini ödəməklə, bir sözlə, pulsuz əldə edirlər. Bizdəki kimi dərmanları tək-tək almağa və ya ümumiyyətlə ala bilməməyə məhkum olunmayıblar...

Image result for apteklərdə növbələr

Təbii ki, fərqlər xeyli saydadır və əksəriyyətimiz bu fərqləri yaxşı bilirik. Çünki, demək olar ki, hamımızın ailəsində, qohumunda, qonşusunda xarici ölkələrdən birinə müalicə üçün pənah aparmış şəxslər var. Hər dəfə həmin ölkələrə gedib-gəldikcə və ya həmin insanlarla həmsöhbət olduqca, Azərbaycan səhiyyəsinin necə də acınacaqlı vəziyyətdə olduğunu aydın dərk edirik.

 

Bu gün dünya səhiyyəsi xərçəng kimi ağır xəstəliklərin sağalması üçün təcrübələr aparır, yeniliklər edir. Bizim səhiyyəmizin özü isə ən TƏHLÜKƏLİ XƏRÇƏNGdir, müalicəsi də ancaq Tanrının ümidinə qalıb...

Image result for mucize doktor

Bu arada, Türkiyədə “Möcüzə doktor” adlı bir serial yayımlanır, TV-yə baxmağa zamanım və həvəsim olmasa da, həmin serialı internet üzərindən həvəslə izləyirəm. Və izlədikcə filmdə həkimlərin davranışlarını, xəstələrlə ünsiyyətini, mübarizə əzmlərini, bir sözlə, səhiyyəyə aid baş verən bütün hadisələri özümüzlə müqayisə edirəm.

 

Müqayisə etdikcə də, necə bir uçurumun dibində olduğumuzun fərqinə bir daha varıram. Vardıqca da, uşaq sadəlövhlüyü ilə, “kaş ki, filmdəki autizmli həkim - Əli Vəfa bizim səhiyyə nazirimiz ola”, – deyə düşünürəm. Məni qınamayın, ona görə ki, biz bu gedişlə inkişafı ancaq filmlərdə görə və xəyal edə biləcəyik...

Müəllif: Rumiyyə Miraslan