Küçələrə pul səpirik, asfalt "bərəkətli" olsun deyə

Cəmiyyət

27.09.2019 - 13:00

Maraqlıdır, yenicə təmirdən çıxmış yolda, az sonra yenidən qazma-asfaltlama işləri başlayır, yaxud da 40 km-lik yolun 10 kilometri harasa “yoxa çıxır”

 

Yeni mövsümdə vətəndaşın gərgin iş tempi, tədris ilinin açılması yenə də yol mövzusunu gündəmə gətirir. Vaxtımızın çoxu yollarda keçir, hələ tıxaclar, tez-tez təmirə bağlanan yollar müşkülü olanda əsəblərimiz lap tarıma çəkilir.

 

Avtomagistralların, küçələrin təmiri dərdi nə vaxt bitəcək? Nə üçün yenicə təmirdən çıxmış yolda, az sonra yenə qazma-asfaltlama işləri başlayır?

 

Ən əvvəl qeyd edək ki, hazırda ölkədə yol təmiri, yol salınması ilə bağlı vəziyyət, həm də müvafiq qanun pozuntularını ortaya qoyur. “Avtomobil yolları haqqında” Qanunun bir çox maddələrinə, eləcə də yol işlərinin planlaşdırılması (maddı 22), avtomobil yollarının müayinəsi və diaqnostikası (maddə 37) işlərinə məhəl qoyulmur.

 

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının AYNA-ya verdiyi şərhə görə, ölkəmizdə avtomobil yollarının vəziyyəti ürəkaçan deyil: “Yollarımız heç bir standarta cavab vermir, istismar müddəti bitməmiş təmirə bağlanır. Keçmiş Nəqliyyat Nazirliyinin vaxtında da vəziyyət belə idi, indi də belədir. Heç nə dəyişməyib. İllərdir, istismar müddəti bitməmiş dağılan yolların şahidi oluruq. Misal üçün, Bakı-Quba yolunun istismar müddəti 30 illik idi. Amma 3 il sonra dağılmağa başladı. Beləliklə, milyonlarla vəsait havaya sovruldu. Bu gün də problem davam edir”.

Raminə Eyvazqızı