Polis yol hərəkəti qaydalarını pozan piyadalardan rüşvət alıb
Sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən video yayılıb.
AYNA xəbər verir ki, görüntü Bakı şəhərində qeydə alınıb.
Yayılmış görüntülərdən anlaşılır ki, yol polisi yol hərəkəti qaydalarını pozan hər iki gəncdən 10 manat pul alır. Bunun müqabilində isə onlara qanunla nəzərdə tutulan protokolu yazmır.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, yolu təyin olunan yerdən keçməyən piyadalar 40 manat məbləğində cərimə olunur. Cərimələnən şəxs yazılmış protokola uyğun olaraq ödənişi banka edir.