Təhlükəli hava şəraiti ilə üz-üzəyik: 31-ci dəqiqə həyəcan siqnalıdır

Maraqlı

28.06.2019 - 21:31

Günvurmaya məruz qalan birinə necə ilkin tibbi yardım göstərmək olar?

 

Dünya təhlükəli isti hava dalğası ilə üz-üzədir. Meteoroloji məlumatlara görə, yaxın günlərdə hərarətin 40 dərəcədən çox olması gözlənilir. Təbii ki, bu dəhşətli istilərdən zəzər görməmək, günvurmalardan qorunmaq üçün önləyici tədbirlər görülməlidir. Əks halda, bədən temperaturu yüksək olan və günvurmaya məruz qalan şəxsin sağlamlığı ciddi risk altına düşə bilər.

 

Bəs, günvurmanın əlamətlərini necə müəyyən etmək və hansı üsulla müalicə etmək olar? AYNA-nın təqdim etdiyi bu yazıda günvurmadan qorunmağın yolları ilə tanış ola biləcəksiniz.

 

Günvurma nədir?

 

Günvurma insanın bədən hərarətinin zərər verəcək həddə qədər yüksəlməsi zamanı ortaya çıxır. Mütəmadi günəş altında olan insan günvurma ilə üzləşə bilər. Çünki insan uzun müddət günəş altında və ya yüksək temperaturda vaxt keçirəndə bədəni normadan çox su itirir. Belə mühitdə insan həddindən artıq tərləyir və bu zaman orqanizmin soyutma mexanizmi öz funksiyasını yerinə yetirə bilmir. Nəticədə günvurma baş verir.

 

Həddən ziyadə istilik altında qalmağa məcbur olan şəxsin bədən hərarəti 30 dəqiqə ərzində azaldılarsa, sağlamlığı ciddi risk altında olmaqdan çıxır. Ancaq vəziyyət günvurma həddinə çatıbsa, mütləq təcili tibbi yardım xidmətinə müraciət etmək lazımdır.

 

Günvurmanın əlamətləri nələrdir?

 

Günvurmanın əlamətləri: baş ağrısı, başgicəllənmə, iştahsızlıq, ürək bulanması, həddən artıq tərləmə, ürək döyüntüsünün sürətlənməsi, bədən temperaturunun 38 dərəcə və ya daha yüksək olması, çox susamaq. Çox isti olmasına baxmayaraq, 40 dərəcə və ya yuxarı temperaturda tərləməmək, nəfəs çatışmazlığı, qıcolmalar, yaddaşın itməsi, ətrafa reaksiya verməmək də günvurmanın əlamətlərindən sayıla bilər.

 

Bu əlamətlər özünü daha çox böyüklərdə büruzə verir. Uşaqlarda, həmçinin daha çox yuxuya getməyə səbəb olur. Bu əlamətlər 30 dəqiqə ərzində aradan qalxmasa, o zaman vəziyyət günvurmaya çevrilmiş olur.

 

Günvurmaya məruz qalan birinə necə ilk tibbi yardım göstərmək olar?

 

Günvurmaya məruz qalan şəxs mütləq ilk olaraq sərin bir yerə aparılmalıdır. Sonra sərinləmələri üçün tədbirlər görmək lazımdır. Bu məqsədlə əvvəlcə bol su içirdilməli, daha sonra bədənləri isladılmalıdr. Bunlar edildikdən sonra isə ayaqları azacıq yuxarı olmaq şərtilə arxası üstdə uzandırılmalıdır.

 

Əgər günvurmuş şəxs 30 dəqiqə ərzində özünə gəlməzsə, mütləq həkimə müraciət edilməlidir. Bu müddət ərzində isə yaş mələfəyə bükməklə, həmçinin bədənini tez-tez islatmaqla hərarətini aşağı salmağa çalışmaq tövsiyə olunur. Bədənin hərarəti normallaşanda isə yaş mələfələri quru mələfələrlə əvəz etmək lazımdır.

 

Bu müddətdə həmin şəxsin nəfəsi, nəbzi və ətrafa reaksiyası nəzarətdə saxlanılmalıdır. Bunu etməklə nəfəs yollarının açıq olub-olmadığına əmin olmaq olar.

 

Günvurmanın qarşısını necə almaq olar?

 

Günvurmanın qarşısını almaq üçün bir neçə üsul var. Bunlar arasında bolluca soyuq su içmək, soyuq suyla yuyunmaq, boş, bədəni sıxmayan geyimlər geyinmək, günəş şüalarının intensiv olduğu saatlarda gün altında qalmamaq və spirtli içki qəbul etməmək yer alır.

 

Uşaqlar, yaşlılar və sağlamlığında problem olan şəxslər günvurmaya meylli olduqlarından özlərini gözləməlidirlər.

Müəllif: Ayna.az