Malkeviç: “Bezukladova həyasız yalan və saxtakarlığa yol verib ki, bu hərəkətinin ciddi cəzası olmalıdır”
Rusiya İctimai Palatasının Media Komissiyası sədrinin birinci müavini, Milli Dəyərləri Müdafiə Fondunun prezidenti Aleksandr Malkeviç illik mətbuat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putinə yalan danışan jurnalist Aleksandra Bezukladovanı ciddi şəkildə cəzalandırmağı tələb edir.
AYNA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Malkeviç deyib ki, jurnalist xanım üzərində “hamiləliyəm” yazılmış plakatla diqqət çəkərək, Prezidentə sual vermək imkanı qazanıb: “Lakin bu həqiqətə uyğun deyilmiş. Jurnalist hamilə olmadığı halda belə həyasız yalan və saxtakarlığa yol verib ki, bu hərəkətinin ciddi cəzası olmalıdır”.
“Mən Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyova addım atması üçün müraciət edirəm. Jurnalist şərəfini və peşəsini ləkələyən davranışa görə Bezukladova Jurnalistlər Birliyinin üzvlüyündən xaric edilməlidir”, - deyə Malkeviç vurğulayıb.
Qeyd edək ki, Ryazandan olan jurnalist, “MK in Ryazan” nəşrinin rəhbəri Aleksandra Bezukladova Putinin illik mətbuat konfransı zamanı əlində “hamiləyəm” posteri tutaraq, sual vermək üçün icazə istəyib. Jurnalistə sual vermək icazəsi verildikdə isə o, Putindən yanğın zamanı yeddi nəfəri xilas etdiyinə görə Ryazan vilayətinin qubernator müavini İqor Qrekova “Rusiya Qəhrəmanı” adının verilməsini istəyib.
Putin jurnalistdən hamiləliyinin məsələ ilə nə əlaqəsi olduğunu soruşub. Bezukladova bildirib ki, hamilə deyil, sadəcə diqqət çəkmək və sual imkanı qazanmaq üçün belə addım atdığını bildirib.
“Görürəm, sən bizi aldatdın”, - deyə Prezident jurnalistə cavab verib.
Xatırladaq ki, Putinin illik mətbuat konfransı 17 dekabrda baş tutub. 4 saat 29 dəqiqə davam edən məktuat konfransında Rusiya lideri jurnalistlərin 50-dən çox sualını, Çağrı Mərkəzinə vətəndaşlardan daxil olan müraciətləri cavablandırıb.