Peyğəmbərlər yurduna səyahət: Birinci hissə – <font color=red> FOTOLAR</font>

Maraqlı

28.01.2021 - 23:25

İsrail: səmavi dinlərin müqəddəs məkanı, dünya irsi inciləri, hərbi postlar və təmas xətləri

 

Bu yazıda beş il əvvəl - 2016-cı ilin ilk günlərində İsrailə səfərim haqqında təssüratlarımı paylaşıram. Səfərdə gördüklərimin ölkəmizdə baş verən son hadisələrlə bir qədər oxşarlığını (İsrail-Fələstin qarşıdurması, dini obyektlərin idarə olunması, hərbi postlar və s.) hiss etdiyimdəm oxuculara maraqlı gələcəyinə ümid edirəm.

 

“Pegasus Hava Yolları” vasitəsilə Tiflis və İstanbul üzərindən Təl-Əvivə uçdum. Ben Qurion beynəlxalq hava limanında məni İsraildə yaşayan, Gəncədən olan qohumumuz Vahid Qurbanoğlu qarşıladı. Qonaqpərvərliyinə, mehribanlığına görə bir daha ona öz təşəkkürümü bildirirəm.

 

Vahid paytaxt Təl-Əvivə cənubdan bitişik olan Bat Yam şəhərində yaşayır. İlk günüm bu şəhərlə qısa tanışlıq oldu. Bat Yam əhalisinin bir hissəsi keçmiş SSRİ-dən mühacirət edənlərdir, burada xeyli sayda ərəblər də yaşayır. Şəhərin Aralıq dənizi sahilində yerləşməsindən və yanvar ayının olmasına baxmayaraq havanın mülayim keçdiyindən dolayı, həmin gün dənizdə çimmək imkanını əldən vermədim.

 

Xoş bir təsadüfdən, orta məktəbdə bir sinifdə oxuduğum Məncanə Əhmədova da bu şəhərdə yaşayırdı və otellərin birinin inzibatçısı idi. Günortadan sonra, təqribən 25 il sonradan sinif yoldaşımla görüşdüm və uşaqlıq illərimizi, məktəb günlərimizi xatırladıq. Məncanənin vasitəçiliyi ilə İsrail səfərim bir qədər də maraqlı keçdi. Yerli turist şirkətləri bu otel ilə əməkdaşlıq etdiklərindən, Məncanə mənə onların müxtəlif turlarından istifadə etməyimə şərait yaratdı. Birinci olaraq Hayfa turunu seçdim.

 

Ertəsi gün erkən oyanaraq tura qoşulmaq üçün həmin otelin qarşısına gəldim. Çox keçmədən turist avtobusu şəhərin müxtəlif yerlərindən səyahətçiləri toplayaraq məni də öz sıralarına qatdı və biz İsrailin şimalına yollandıq. Əslən bakılı olan bələdçimiz yolboyu gedəcəyimiz yerlər, həmçinin ölkəsi haqqında maraqlı söhbətlər edirdi. O, danışdığı qısa mövzular arasında yəhudi-ərəb münasibətlərinə də toxundu. Yerlimizin söylədiyi bu sözləri indi də xatırlayıram: “İsrail artıq tank istehsalı etmir. Çünki biz bu sahədə qonşu ölkələrin hamısından çox üstünük”. Azərbaycan Ordusunun Vətən müharibəsində istifadə etdiyi İsrail istehsalı olan PUA-lar (“Harop”) müasir lokal hərbi toqquşmalarda ağır texnikadansa bu növ müasir silahlardan istifadənin effektivliyini sübut etdi.

 

İri liman şəhəri olan Hayfa Yerusəlim (Qüds) və Təl-Əvivdən sonra ölkənin üçüncü şəhəridir. Turumuzun ilk dayanacağı Hayfa şəhərində Kermil dağında yerləşən Dünya Bəhailiyinin mərkəzi oldu. Bəhai dininin “peyğəmbəri” hesab edilən Babın (Seyid Əli Məhəmməd Şirazi) məqbərəsi buradadır və bəhai zəvvarlarının ziyarət yeridir. Məqbərənin ətrafında və dağın ətəyində on doqquz terrasdan ibarət məşhur Bəhai bağları salınıb. Bu kompleks 2008-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına (dünya irsi incilərinə) daxil edilib.

 

Kompleksin yalnız məqbərə hissəsi, yuxarı və aşağı baxış meydançaları turistlərin girişi üçün açıq olur. Kermil dağının üstündən şəhərə və limana geniş panorama açılır. Dəniz sahilindən baxdıqda isə dağ ətəyində çox gözəl və estetik salınmış bu bağların həqiqətən də İsrailin ən çox ziyarət edilən turist obyektlərindən biri olduğu qənaətinə gəlirsən.

 

Hayfadan sonra bir qədər də şimala hərəkət edərək, Akka (Akra) şəhərinə yola düşdük. Akka ticarət yollarının üzərində yerləşdiyindən, hələ qədim vaxtlardan çox əhəmiyyətli yer kimi seçilirdi və tarixən region dövlətlərinin – Misir, Finikiya, Assuriya, Əhəmənilər, yunanlar, romalılar, bizanslılar, ərəblər və Tulunoğullarının əlinə keçmişdi. Sonralar şəhər səlibçilərin, məmlüklərin və Osmanlı imperasının tabeçiliyində olub. Səlibçilərin idarəçiliyi dövründə Akka Yerusəlim krallığının paytaxtı idi. Misir ekspedisiyası zamanı Napoleon Fələstin ərazilərinə yürüşə başlamış, lakin Akkaya hücum etsə də, türklər tərəfindən dəf edilmişdi.

 

Şəhərin görməli yerlərindən biri qədim qaladır. Hündürlüyü 40 metr olan bu qala 18-ci əsrdə yerli ərəb hakimi Zahir Əl-Ömər tərəfindən səlibçi Hospitalyerlər ordeninin monastırının qalıqları əsasında inşa edilib. Burada, həmçinin silah anbarı və kazarma yerləşirdi. Sonralar bu qala həbsxana kimi də istifadə edilib. Qalanın tam yaxınlığında “Sehirli bağ” adlandırılan bir bağ var. Deyilənə görə, 1799-cü ildə bu ərazilərdə fransızlarla türklər arasında döyüş gedib.

 

Akka şəhəri də bəhai zəvvarları üçün müqəddəs yerlərdən sayılır. Bəhai dininin yaradıcısı Bəhaullah (Mirzə Hüseyn Əli Nuri) ömrünün sonuna qədər Akka şəhərində uzunmüddətli sürgün həyatı yaşayıb və qaladakı həbsxanada saxlanılıb. Onun dəfn edildiyi məqbərə ətrafında Bəhai bağı salınıb.

 

Akka qalasının yaxınlığında Əl-Cəzzar məscidi yerləşir. Yaşıl rəngli gümbəzləri və minarəsi ilə məşhur olan bu məscid 18-ci əsrdə Bosniya əsilli yerli Osmanlı hakimi Cəzzar Əhməd Paşa tərəfindən inşa etdirilib və sonralar özü də burada dəfn olunub. Şəhərdə indiyə qədər salamat qalan qala divarları da məhz Əl-Cəzzarın dövründə tikilib. Akka şəhərinin tarixi hissəsi də 2001-ci ildən dünya irs inciləri siyahısına salınıb.

 

Turumuzun sonunda, geriyə qayıdarkən Kesariya (Qeysəriyyə) şəhərini də ziyarət etdik. Əsası miladdan öncə 4-cü əsrdə qoyulan bu şəhər, sonralar yəhudi kralı Böyük Herod tərəfindən Roma imperatoru Avqustun şərəfinə belə (Caesarea) adlandırılıb və buranı Roma şəhərləri üslubunda inşa etdirib. Kesariya romalıların bölgədə əsas inzibati mərkəzinə çevrilib. Bu günlərimizə qədər Roma dövründən qalan mozaikalı kral sarayınıın, Avqust məbədinin və digər tikililərin xarabalıqları, sahiboyu böyük hippodrom və Bizans, ərəb və səlibçilərə məxsus çoxlu sayda tarixi abidələr qalmaqdadır. Buradakı Roma teatrı, deyilənə görə, İsrail ərazisində mövcud olan ən qədim və ən böyüyüdür. Hazırda bu teatr bərpa edildikdən sonra konsert yeri kimi istifadə olunur.

 

Kesariyadakı arxeoloji tapıntılar arasında ən məşhuru, üzərində qədim latın yazısı olan əhəng daşı plitəsidir. Bu plitədə yəhudi əyalətinin prefekti Ponti Pilatın adı əks olunub və “İncil”ə görə, İsa peyğəmbər haqqında ölüm hökmünü verən bu şəxs haqqında əldə edilmiş yeganə arxeoloji tapıntı hesab olunur.

 

Kesariyada 19-cu əsrdə inşa edilmiş Bosniya məscidi var. 1878-ci ildə Avstriya-Macarıstan imperiyası Bosniya-Herseqovinanı işğal etdikdən sonra xeyli boşnaklar Fələstin ərazisinə mühacirət edib və bir qismi bu ərazidə məskunlaşıb. Kesariya şəhəri 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi obyektlərinin ilkin siyahısına daxil edilib.

 

Sinif yoldaşımın yardımı ilə getdiyim ikinci turist turu Masada və Ölü dəniz sahillərini əhatə etdi. Qədim Masada qalası Ölü dənizin yaxınlığında, səhralıqda çox da hündür olmayan (450 m.) dağın üzərində, miladdan öncə 30-cu illərdə inşa olunub. Qala sonralar Yəhudi kralı Böyük Herod tərəfindən möhkəmləndirilib.

 

Birinci Yəhudi-Roma müharibəsi zamanı (66-73-cü illər) Masada yəhudilər tərəfindən ələ keçirilir. 70-ci ildə Roma sərkərdəsi Tit Yerusəlimi tutur və dağıdır. Lakin yəhudilərin mübarizəsi hələ üç il davam edir və son müqavimət yeri məhz Masada olur. Romalılar uzun müddət dağın zirvəsində olan bu qalanı mühasirədə saxlayırlar. Xarici istilaçılara qarşı döyüşən yəhudilər mübarizlik nümunəsi göstərirlər.

 

Artıq müqavimətin tükəndiyini hiss edən yəhudilər, düşmənə qul olmaqdansa ölümü üstün tuturlar. Qalada olan 960 nəfər arasından 10 döyüşçü seçilir və onlar qalan 950 nəfəri qılıncla qətlə yetirirlər. Sonra 10 nəfər arasından biri seçilir və o, qalanlarını öldürür və sonda öz canına qəsd edir. Təsadüf nəticəsində kütləvi qətldən yalnız iki qadın və beş uşaq sağ qalır və bu hadisələr onların söyləmələrindən tarixə düşür.

 

Hazırda bu ərazidə Masada Milli Parkı yaradılıb. Qalaya qalxmaq üçün kanat yolu çəkilib. Qalaya digər yolla, “ilan cığırı” adlandırılan dağ yolu ilə də qalxmaq olar və mən bir neçə turistlə belə də etdik. Qala daxilində kral sarayı, sinaqoq, çoxlu sayda tikililərin qalıqları qalmaqdadır. Masadada zamanına görə mükəmməl çəkilmiş su sistemi mövcud idi və hazırda hamam və su anbarlarının dağıntıları mövcuddur.

 

Romalılardan sonra burada Bizans xristian monastırı olub. Dağın üzərindən Ölü dənizə və İordaniya ərazisinə geniş görünüş açılır. Qalanın qalıqları 19-cu əsrdə tapılıb və arxeoloji qazıntılar aparılıb. Masada 2001-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısındadır və İsrailin ən çox ziyarət edilən turist obyektlərindən biridir.

 

Turumuzun növbəti dayanacağı Ölü dənizin sahili oldu. Bu dəniz dünyanın ən duzlu göllərindən biridir və dəniz sahili Yer kürəsinin ən aşağı quru sahəsidir (-430 m). Ölü dənizin suyu mineralllarla zəngindir, onlar bir sıra xəstəliklərin müalicəsində və kosmetikada istifadə edilir. Turumuz çərçivəsində gəldiyimiz istirahət zonasında fürsətdən istifadə edərək Ölü dənizdə də bir qədər çimdim. Çimdim deyəndə ki, suyun duzluğunun çoxluğu insanın batmasına imkan vermir və rahatlıqla su üzərində qala bilirsən.

 

İsraildə olduğum günlərin birində gündüz vaxtı qohumum Vahidlə Təl-Əvivdə olduq. Hava sərin və bir qədər küləkli olduğundan şəhəri qısa müddətə maşınla gəzdik. Əsası 1909-cu ildə qoyulmuş bu şəhərdə qədim tarixi yerlərin olmamasından dolayı, bura mənə çox da cəlbedici gəlmədi. Hərçənd, keçən əsrin 30-50-ci illərində burada tikilmiş çoxlu sayda ağ və açıq rəngli binalara görə Təl-Əvivin bir hissəsi “Ağ şəhər” adlandırılıb və 2003-cü ildə dünya irsinin inciləri siyahısına salınıb.

 

Axşam saatlarında Vahid və onun dostu, həmyerlimiz Eyyub ilə Yaffada olduq. Hazırda bu şəhər Təl-Əviv ilə birləşdirilib və rəsmi olaraq Təl-Əviv-Yaffa adlandırılır. Yaffa daha qədim şəhərdir. Buranın ən görməli yerləri köhnə şəhərdə - Qədim Yaffada yerləşir. Köhnə şəhərin küçələrini xeyli piyada dolaşdıq. Axşam vaxtı olduğundan şəhərin tarixi obyektləri, o cümlədən Əl-Bahr məscidi (Dəniz məscidi) bağlı idi. Şəhərin məşhur Saat qülləsi də təmir işləri ilə əlaqədar örtülmüşdü. Yaffanın ən gözəl yerlərindən biri liman hissəsidir və gecə saatlarında buradan Təl-Əvivin sahil boyu olan göydələnlərini seyr etdik…

 

(Davamı növbəti yazıda)

 

P.S. İsrailə səfərlə bağlı bəzi videoları m_elnur1975 “Youtube” kanalımda izləyə bilərsiniz. Bəyənsəniz, abunə olmağı da unutmayın.

 

Elnur Məmmədli,

xüsusi olaraq AYNA üçün

Müəllif: Ayna.az