Tanka qarşı pomidor? – Zərərvericilər aranı qarışdırdı

Aktual

13.12.2020 - 10:29

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan məhsullarının Rusiyaya ixrac qadağasının arxasında hansı amillər dayanır?

 

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan etibarən, məhsullarda aşkar olunan zərərvericilər səbəbindən Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu. Qurum məhsullardakı zərərli orqanizmlərin sistematik şəkildə müəyyənləşdirilməsi barədə dəfələrlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verdiyini qeyd edir. AQTA da araşdırmalar nəticəsində, yerli pomidor istehsalçılarının məhsullarında kənd təsərrüfatı zərərvericilərinin aşkarlandığını 8 dekabr 2020-ci ildə təsdiqlədi.

 

“Rosselxoznadzor”un Sanitar və Toxum Nəzarəti İdarəsinin nümayəndəsi Lyubov Trofimovanın AYNA-ya verdiyi məlumata görə, İdarənin əməkdaşları dəfələrlə Azərbaycandan gələn məhsullarda Cənubi Amerika pomidor güvəsi və Şərq güvəsi tapıblar: “İdarəmiz dəfələrlə Azərbaycan tərəfindən izahat tələb edib və oradan bizə hərtərəfli araşdırmalar aparacaqlarına söz veriblər. Bizə də belə halların bir daha təkrar olunmayacağını deyiblər. Ancaq təəssüf ki, Azərbaycandan gələn məhsullarda pomidor güvəsi və Şərq güvəsi tapmağa davam etdik. Buna görə də Azərbaycandan pomidor və alma tədarükünün qadağan edilməsinə qərar verildi”.

 

AQTA-nın da mövqeyini öyrənməyə çalışdıq. “Hazırda məsələ üzrə araşdırma aparılır, nəticələrini mütləq ictimaiyyətə çatdıracağıq”, - deyə qurumdan AYNA-ya bildirildi.

 

Qadağanın rəsmi versiyasına baxmayaraq, Rusiya informasiya mənbələrində bunun siyasi çalarlı qərar olduğu da söylənildi: 1918-ci ildən bəri ilk dəfə türk əsgərlərinin Bakıdakı paradda yürüş etməsinə və paradın İlham Əliyevlə yanaşı Türkiyə Prezidenti Ərdoğan tərəfindən qəbul edilməsinə görə Azərbaycanın cəzalandırılması barədə açıqlamalar verildi. Amerika Rutgers Universitetinin professoru Qubad İbadoğlu da Rusiyanın bu ölkəyə Azərbaycan pomidor və almalarının gətirilməsinə qoyulan qadağanı Moskvadan ələ keçirilmiş rus hərbi texnikasının Bakıdakı bir paradda nümayiş etdirilməsinə siyasi cavab kimi izah etdi. Alim “Facebook” sosial şəbəkəsindəki statusunda döyüş meydanında qalan və ya 2020-ci il müharibəsində Azərbaycan ordusu tərəfindən qənimət kimi götürülmüş qırılmış rus texnikasının nümayişinin Rusiya silahlarının ixrac potensialına zərbə vurması ehtimalını da önə çəkdi.

Qubad İbadoğlu ABŞ universitetində işləməyə başladı - modern.az

“Rusiyanın Azərbaycana qarşı apardığı “pomidor müharibəsi” ilə bağlı şərhimin BBC və “France-Presse” kimi nüfuzlu media tərəfindən yayımlanması yuxarıdakı məsələnin ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu göstərir. 2015-ci ildə Rusiya təyyarəsinin vurulması ilə bağlı Türkiyəyə tətbiq olunan embarqo indi Azərbaycana qarşı yönəldildi, lakin fərqli bir sousla. Hadisəni siyasiləşdirməməyə çağırışlar edilsə də, burada siyasət əsas rol oynayır, çünki bu gün beynəlxalq ticarət qlobal siyasətin əsas alətinə çevrilib. Pomidorlar, xüsusən də aşağı neft gəlirləri kontekstində Azərbaycan üçün qeyri-neft ixracatının vacib maddəsidir və bu səbəbdən “Rosselxoznadzor”un qadağası ölkə üçün ağrılı olacaq”, - İbadoğlu belə şərh etdi.

 

Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi elmlər və sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev də AYNA-ya açıqlamasında, Azərbaycan pomidoru və almasının idxalına qoyulan qadağanın siyasi təsirləri olduğunu  təsdiqlədi: “Bu qərarın əlbəttə ki, siyasi bir mənası var və bu məna 10 dekabrda keçirilən Zəfər paradı ilə əlaqədardır. Əsas məsələ tanklarda deyil. Bu amil ən azı birinci yerdə deyil. Bu addımla rəsmi Moskva üçtərəfli sazişin Azərbaycan tərəfindən həyata keçirilməsindən narazılığını rəsmi Bakıya çatdırmağa çalışır. Türk ordusunun Bakı tərəfindən Dağlıq Qarabağ bölgəsindəki sülhməramlı fəaliyyətdə fəal lobbiçiliyi, Ərdoğanın bu zəfərə aid bir mövzu olaraq Qələbə paradında nümayişkaranə iştirakı - bütün bunlar Rusiya Federasiyası rəhbərliyinin narazılığına səbəb olur. Moskva bu gizli sanksiya hərəkətləri ilə Bakını Dağlıq Qarabağ münaqişəsinin həllinə dair üçtərəfli sazişin tələblərinin dəqiq yerinə yetirilməsi çərçivəsinə qaytarmağa çalışır”.

 

Rusiyalı politoloq Kremlin tədbirlərinin Azərbaycanı qismən güzəştə getməyə məcbur edə biləcəyini istisna etmir: “Bəlkə də tam olaraq deyil, rəsmi Bakı qismən güzəştə gedə bilər. Fakt budur ki, Ankaranın münaqişənin həllində iştirakı üçtərəfli saziş tərəfindən təmin edilmir. Moskva göstərir ki, müqavilə münasibətlərinin yerinə yetirilməsinə ciddi şəkildə əməl olunmalıdır. Axı, məhz bundan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilyaətinin qalan ərazilərinin Azərbaycan Respublikasına qaytarılması ilə bağlı dialoqu davam etdirmək mümkün olacaq - təbii ki, rəsmi Bakının özü imzalanan müqavilələrə ciddi əməl etsə. Rusiya da hesab edir ki, Azərbaycan yalnız maliyyə borcuna (düşmüş helikopterin təzminatı - red.) deyil, eyni zamanda hərbi-siyasi sahədə, yəni  sazişin həyata keçirildiyi ərəfədə helikopterin vurulmasında pilotlarımızın ölümü ilə bağlı da Moskva qarşısında borcludur”.

Koltaşov: Rusiya böyük aclıq təhlükəsi ilə üz-üzə… | No Comment

Bununla birlikdə, “Rosselxoznadzor” qadağasının tamamilə siyasi qərar olması ilə bağlı fikirlər çox fərqlidir. Qloballaşma və Sosial Hərəkatlar İnstitutunun Rusiya İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov da bu mövqe ilə razılaşmayanlar arasındadır. Onun AYNA-ya dediyinə görə, “Rosselxoznadzor”un tədbirləri Rusiya hökumətinin proteksionist siyasəti və qış mövsümündə rus kənd təsərrüfatı istehsalçılarının maraqlarının qorunması ilə əlaqədardır: “İnanıram ki, Rusiyanın qadağası yalnız Azərbaycandan gələn məhsullarda zərərli bir şeyin olması ilə əlaqəli deyil. Bu, həm də qışın başlaması ilə Rusiya hakimiyyət orqanlarının öz istehsalçılarını, istixana sahiblərini dəstəkləməyə çalışması ilə əlaqəli ola bilər, çünki söhbət pomidordan gedir, çox çətin bir ildən sonra bazarda onlar üçün ən yaxşı şərait yaradır. Hesab edirəm ki, qadağanedici tədbirlər, eyni zamanda haqlı olaraq Rusiya Federasiyasında qaçaqmalçılıq olaraq qəbul edilən malların Azərbaycan üzərindən Rusiyaya keçidini istifadə etmək imkanlarını məhdudlaşdırmaq istəyi ilə də əlaqəlidir. Rusiyada qəti bir inam var ki, “Made in Azerbaijan” etiketli çox sayda məhsul, əslində, Türkiyə mənşəlidir, çünki Azərbaycan bu miqdarda pomidor istehsal etmir. Yeri gəlmişkən, türk mənşəli olması vacib olmayan bəzi qeyri-Azərbaycan mənşəli mal partiyalarının Azərbaycan tərəfindən Rusiyaya keçidi halları da mövcuddur. Bu mənada, Rusiya səlahiyyətliləri öz məntiqlərinə görə, yenə də proteksionist siyasət çərçivəsində hərəkət edirlər”.

 

Diqqətəlayiqdir ki, Azərbaycan məhsullarının idxalına qadağa qoyulduqdan dərhal sonra, Rusiyanın Ermənistanın Armavir bölgəsində yetişən pomidor və bibər idxalını da qadağan etdiyi məlum oldu. Bu qadağa 14 dekabrda qüvvəyə minəcək.

 

Koltaşov bu qərara da münasibət bildirdi: “Erməni məhsullarından danışırıqsa, bu, qeyri-mövsümi məhsulların istehsal olunduğu şəraitdə yerli istehsalçıların qorunması ilə əlaqəli mövsümi proteksionizmdir. Bunu siyasi cəhətdən anlamağa çalışanlar üçün: yerli müxalifət üçün bir növ siqnaldır ki, ölkədə hakimiyyət dəyişikliyi hələ aparılmayıb və Paşinyan Rusiyaya münasibətdə qondarma yeni siyasətinə görə, yəni, əslində müttəfiq münasibətlərinin pozulması, NATO yönümlü siyasətə görə cəzalandırılmayıb. Bu məqamı da nəzərə alardım. Mənə elə gəlir ki, Moskva öz prinsiplərini pozaraq Ermənistan iqtisadiyyatını stimullaşdırmağa hazır deyil. Bu, qismən Azərbaycana da aiddir, bu səbəbdən də bu qışda Rusiyaya pomidor və digər məhsullar üçün tədarükdə məhdudiyyətlərin tətbiqinə başlanıldı”.

 

İqtisadçı baş verənlərin Rusiyada istehsal olunan və Qarabağda müharibə vaxtı sıradan çıxarılmış hərbi texnikanın paradda nümayişi ilə əlaqəli olduğuna inanmır: “Çünki eyni Rusiya istehsalı olan vurulmuş və ya qənimət götürülmüş hərbi texnika Azərbaycan texnikası adı altında Ermənistan rəhbərliyi tərəfindən də nümayiş etdirilib. Hər iki ölkə də Rusiya istehsalı olan texnikadan istifadə edirsə, burada nə demək olar? Bu, təbii olaraq həmin avadanlıqların bir hissəsinin itirilməsinə, ələ keçirilməsinə gətirib çıxarır və çətin ki, Rusiya silahlarının ixracına ciddi təsir etsin. Üstəlik, bu amili qışda qida ticarəti ilə əlaqəli belə ciddi bir qərarın əsl səbəbi hesab etmək yanlışdır”.

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq zülfüqarov da “Rosselxoznadzor”un qadağasında siyasi çalar görmür. O, AYNA-ya şərhində siyasi iddiaları “uydurma mövzu” adlandırdı: “Düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin tamamilə özəl bir məsələ ilə əlaqələndirilməsi həqiqətdən çox uzaq, uydurma bir mövzudur. İnanıram ki, bu vəziyyəti ikitərəfli münasibətlərin digər komponentlərinə ekstrapolyasiya etməməliyik. Eyni zamanda, “Rosselxoznadzor”un pomidor məhsullarının ixracatçılarına qarşı irəli sürdüyü iddiaları diqqətlə nəzərdən keçirmək və gələcəkdə Rusiyaya ixracını təmin edəcək bir növ ortaq məxrəcə gəlməyə çalışmaq lazımdır. İndi vəziyyət bir qədər fərqlidir. Azərbaycan rəhbərliyinin, onun bir çox nümayəndəsinin Rusiya rəsmiləri ilə koordinasiya dərəcəsi, fikrimcə, hələ də daha müsbətdir və müəyyən məsələləri həll etmək üçün ixracın azaldılmasına müraciət etmək lazım deyil. Qarşılıqlı fəaliyyətin başqa formaları da var - danışıqlar, məsləhətləşmələr. Odur ki, bu cür nəticələr çıxarılmamalıdır”.

 

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev də sözügedən qərardakı siyasi konteksti qəti şəkildə rədd edir. O, AYNA-ya bildirdi ki, hazırda Azərbaycanla Rusiya arasındakı münasibətlər artan trayektoriya ilə inkişaf edir: “Bakıdakı Zəfər paradına gəlincə, Rusiya ATƏT-in Minsk Qrupunun üzvüdür və bitərəf olmalıdır. Bu səbəbdən, Rusiya dövlətinin yüksək vəzifəli şəxsləri, Rusiya Federasiyasının vasitəçiliyi ilə bağlanmış üçtərəfli sülh tərəflərindən birinin paradına qatıla bilmədi. “Rosselxoznadzor”un qadağasının siyasi təsirləri ilə bağlı açıqlamalarla qəti şəkildə razı deyiləm və bu cür şərhlərin Rusiya və Azərbaycanı qarşı-qarşıya qoymaq, qarşılıqlı anti-Rusiya və anti-Azərbaycan hisslərinin fəallaşmasına kömək etdiyini düşünürəm”.

BİZNESMEN, SİQARET MONOPOLİSTİ, SƏLƏMÇİ... - Lənkəranı yenəmi Rüfət Quliyev  təmsil edəcək? | AzPolitika — onlayn siyasi-ictimai qəzet

“Məhv edilmiş texnikaya gəlincə, bu müharibədə Azərbaycan Ermənistanın malik olmadığı ən yeni texnologiyalardan istifadə etdi və bu səbəbdən düşmənin çox sayda tankını və zirehli texnikasını sıradan çıxarıb ələ keçirməyimiz təbiidir. Bu baxımdan, insan lazımsız qeyri-müəyyənlikdən çəkinməli və buğdanı samandan ayırmalıdır. Düşmən üzərində bütün istiqamətlərdə - iqtisadi, hərbi və mənəvi-vətənpərvərlik üstünlüyünə sahib olaraq ədalətli bir müharibədə qazandıq”, - deputat vurğuladı.

 

Quliyev, həmçinin “Rosselxoznadzor”un qərarında proteksionist siyasətin mümkün elementlərini istisna etməyib: “Erməni məhsullarına qoyulan oxşar qadağanı nəzərə alsaq, bununla qismən razılaşmaq olar. Ancaq hər halda, Azərbaycan tərəvəzlərinin Rusiyaya ixracatının həcmi yüz milyonlarla dollar deyil. Azərbaycan adı altında ixrac edildiyi iddia edilən türk tərəvəzlərinə gəldikdə, sərhəddə uyğun analizlərlə məhsulun mənşəyi asanlıqla müəyyən edilə bilər. Bunu tapmaq çox asandır. Hər halda, qərarda proteksionizmin müəyyən elementləri ola bilər, amma qadağanın kökündə məhz bu amilin olduğunu düşünmürəm. Eyni zamanda, Azərbaycandakı istehsalçılar və dövlət qurumları daha yaxşı işləməlidirlər, amma qətiyyən siyasəti qatmaq olmaz! Türkiyə ilə münasibətimizə gəlincə, on ildən çoxdur ki, bütün dünyaya bir millət-iki dövlət olduğumuzu söyləyirik. Və bununla əlaqədar Rusiya ilə hər hansı bir problem olsaydı, bu məsələ yəqin ki, uyğun bir həll yolu tapardı. İki ölkənin hökumət idarələri səviyyəsində kifayət qədər yaxın, düzgün və yaxşı münasibətlərimiz var və bu qadağa məsələsi ilə bağlı ilkin müzakirə və qabaqlayıcı tədbirlər olacaq. Buna görə bütün bunları siyasiləşdirməyə və bu səviyyəyə qaldırmağa dəyməz. Bunlar, ehtimal ki, “Rosselxoznadzor”un proteksionizm elementləri olan adi tədbirlərindən başqa bir şey deyil. Burada qətiliklə siyasət yoxdur”.

 

Tanya Samsonova,

Rəşad Rüstəmov

Müəllif: Ayna.az