“Ermənilərlə birgəyaşayış çətindir” – <font color=red> DEPUTAT</font>

Aktual

24.12.2020 - 13:28

Tahir Kərimli: “Maneələri, problemləri dəf etmək və mümkün qədər sürətlə hərəkət etmək lazımdır”

 

Azərbaycan Respublikası ədliyyə nazirinin əmrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerli ədliyyə qurumlarının yeni strukturu və ştat bölgüsünün təsdiq edilməsi ilə əlaqədar müvafiq vəzifələrin icrası barədə verilən təkliflər və müraciətlər nəzərə alınaraq, Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası, Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Bəşirov Rac Şükür oğluna həvalə edilib.

 

29 ildən sonra ilk dəfədir ki, Xankəndidə rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.

 

Bəs, fəaliyyət necə həyata keçiriləcək? Hansı çətinliklər üzə çıxa bilər? 

 

Mövzunu AYNA-ya dəyərləndirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, real vəziyyətə görə, hazırda nə Xankəndi, nə də Xocalıda həmin xidmət sahələrinin fəaliyyət göstərməsi mümkündür: “Ona görə də tam doğru olaraq, hüquqi cəhətdən həmin ərazilər Azərbaycana məxsus olduğu üçün və qanunlara istinad edərək həmin ərazilərə azəbaycanlı məmur təyin edilib. İstənilən halda, xidmət sahələrinin harada yerləşməsindən asılı olmayaraq, Xankəndi və Xocalı sakinlərinə müxtəlif qərarların icrası və hüquqi prosedurların yerinə yetirilməsi ilə bağlı xidmətlər göstəriləcək. Bu da ona bənzəyir ki, vaxtı ilə işğal altında olmuş rayonların strukturları Azərbaycanın digər ərazilərində yerləşib, fəaliyyət göstərirdi, indi də eyni proses Xankəndi və Xocalı üçün tətbiq ediləcək”.

525-ci Qəzet - Tahir Kərimli: “Bir çox deputat sosial şəbəkələrin qurbanı  olub”

“Təbii ki, biz hər şeyi sıfırdan, hətta, mənfidən başlayırıq. Çünki bizə qarşı düşmən münasibət olub, Xocalıda faciə ilə üzləşmişik, Xankəndidən vətəndaşlarımız didərgin düşüb və düşmənçilik münasibətlərinin təzahürləri hələ də davam edir və yəqin ki, edəcək də. Bu da insanların istər psixologiyasında, istərsə də yaşantısında öz təsirlərini göstərib və həyat normala döndükdən sonra insanlar həmin ərazilərə qayıdanda, bu, həm ictimai, həm də hüquqi münasibətlərə təsirlərini göstərəcək və müəyyən çətinliklər yaradacaq. Mərhum Prezident Heydər Əliyev deyirdi ki, “müstəqilliyi qorumaq onu qazanmaqdan daha çətindir”. Həqiqətən də biz indi ərazi bütövlüyümüzü bərpa etmişik, suverenliyimiz bərpa olunub, amma uzun illər davam edən problemlər qarşımızda maneələr yaradacaq. Əlbəttə ki, bu maneələri, problemləri dəf etmək və mümkün qədər sürətlə hərəkət etmək lazımdır”, - deyə, Milli Məclis üzvü vurğulayıb.

 

Partiya sədri sözügedən qurumların və sakinlərin müvafiq ərazilərə köçürülməsi prosesinə də münasibət bildirib: “Artıq elan olunub ki, növbəti ildə Şuşaya əhalinin köçürülməsi prosesinə başlanılacaq. Məlum olduğu kimi, ermənilər Şuşanı tam özlərininki hesab etdikləri və daimi orada yaşayacaqlarını düşündükləri üçün Azərbaycana aid mədəni irsləri məhv etsələr də, müəyyən yaşayış massivlərini qoruyub-saxlayıblar. Ona görə də hansı yerlərdə ki, ermənilər məskunlaşma sistemlərini ləğv etməyiblər, həmin yerlərə köçürülmə prosesi daha tez olacaq. Lakin digər ərazilər üçün bu proses ağır başa gələcək. Xüsusən də, bu istiqamətdə bizim Rusiya hakimiyyəti və sülhməramlıları ilə müzakirələrimiz olacaq. Məsələn, Xankəndinin azərbaycanlı vətəndaşları ermənilərlə necə yaşayacaq, yaşayış necə təmin olunacaq, o cümlədən hüquqi rejim necə həyata keçiriləcək və s. Yəni, qarşımızda hədsiz dərəcədə çətin vəzifələr dayanır. Xüsusən də tamamilə dağıdılmış şəhər və kəndlərimizdə infrastrukturun bərpası, yaşayış sisteminin restavrasiyası uzun vaxt alacaq. Məlumdur ki, həmin ərazilər darmadağın olub və hazırda bu proses mümkün deyil”.

 

“Bununla yanaşı, Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi və beynəlxalq məhkəmədə mübahisələndirilməsi məsələsi var. İnfrastrukttur və yaşayış yerləri də zamanla yaradılacaq. Bunun üçün 2,4 milyard pul da ayrılıb və sərmayələr cəlb olunacaq. Mən Milli Məclisdəki çıxışımda da sərmayə mözusu ilə bağlı xüsusi qeyd elədim ki, istər milli sahibkarlarımız olsun, istərsə də xarici - elə etmək lazımdır ki, məhəkəmə perspektivindən tutmuş digər sahələrə kimi şəffaflığın və ədalətin qorunmasına insanlar inansınlar ki, həmin ərazilərə sərmayə də qoysunlar”, - deputat qeyd edib.

 

Kərimli, azad edilmiş ərazilərdə rəsmi qurumlardan birgə istifadə və əhalinin birgə yaşayışının mümkünlüyünə bir o qədər də inanmır: “Çünki biz xalq olaraq unutqan, pisliyi yaddan çıxaran, tez barışan, ümumi əhval-ruhiyyədə ürəyimizdən nifrət götürülən mərhəmətli xalqıq. Amma ermənilərin daxilində kök salmış türkələrə nifrət o qədər dərinləşib ki, onlar kütləvi yaşayışdan yekdillə qaçacaqlar. Təbii ki, bu, onların öz işləridir. Əgər, Azərbaycan vətəndaşlığını qəbul edib, birgə yaşayışa razı olasalar, birlikdə yaşayacağıq. Biz ərazi bütövlyümüzün bərpa edildiyi bütün ərazilərə, o cümlədən Xankəndiyə öz vətəndaşlarımızı qaytaracağıq. Buna da heç bir dövlət mane ola bilməz. Rusiya Prezidenti Vladimir Putin də, Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov da bu ərazilərin Azərbaycanın suveren ərazisi olduğunu qeyd edib. Bu suverenlik də təmin olunmalıdır. Hazırda Beynəxlalq Qaçqınlar Komitəsi ilə də bu istiqamətdə danışıqlar gedir, müəyyən işlər görülür. Amma onlar da bu işdə aktivlik göstərməlidir. Əksi olsa belə, Azərbaycan öz gücüylə və Rusiya ilə danışıqlar apararaq bu prosesi həyata keçirəcək”.

Müəllif: Mərahim Nəsib