Murqab rayonunda baş verib və döyüş iki saatdan çox davam edib
Əfqanıstanın şimal-qərbində yerləşən Badqis əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 10 əməkdaşı həlak olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, insident Murqab rayonunda baş verib və döyüş iki saatdan çox davam edib.
“Hücum nəticəsində yeddi desant və xüsusi təyinatlı polis dəstəsinin üç əməkdaşı öldürülüb, beş nəfər yaralanıb”, - deyə Əfqanıstan parlamentinin deputatı Ziauddin Akazi bildirib.
Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.