Həbsdəki ilahiyyatçının həyat yoldaşının cinayət işinə xitam verildi

Dünya

02.10.2019 - 15:34

İşdə cinayət tərkibinin olmadığı qənaətinə gəlinib

 

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri, ilahiyyatçı Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib. AYNA xəbər verir ki, bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

 

Onun sözlərinə görə, işdə cinayət tərkibinin olmadığı qənaətinə gəlinib və Leyla İsmayılzadədən götürülən telefon geri qaytarılıb.

 

Qeyd edək ki, cinayət işi Qobustan həbsxanasına – T.Bağırzadənin yanına telefon keçirmək cəhdi ilə bağlı idi. Penitensiar Xidmətin martın 21-də yaydığı məlumatda bildirilirdi ki, Leyla İsmayılzadə üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib. Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

 

Ona Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.

 

Bu maddənin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Müəllif: Ayna.az