“Sərhədlər dəqiqləşə, sülh müqaviləsi imzalana bilər, amma daha ciddi bir problem qalır”

Siyasət

22.12.2021 - 15:44

Rauf Mirqədirov: “44 günlük müharibəyədək Rusiyanın Qarabağ münaqişəsində heç bir hərbi-siyasi iştirakı yox idi, bu gün isə var”

Dekabrın 15-də Brüsseldə "Şərq Tərəfdaşlığı" Sammiti çərçivəsində, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Şarl Mişel arasında üçtərəfli və təkbətək görüş keçirildi. Görüşün yekunları ilə bağlı istər Mişel tərəfindən verilən bəyanatda, istərsə də Paşinyanın açıqlamalarında hiss edilir ki, Ermənistanla Azərbaycan arasında müəyyən razılaşmalar əldə edilib. Xüsusən də, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında real addımların atılması qərarlaşdırılıb. 

Brüssel görüşü, görüşdən sonra verilən pozitiv bəyanatlarla bağlı AYNA-nın suallarını tanınmış siyasi şərhçi Rauf Mirqədirov cavablandırıb. Analitik hesab edir ki, real nəticələr baxımından 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatdan bu yana hansısa nəticə əldə edilməyib:

- Kommunikasiyanın açılması barədə ümumi razılıq 10 noyabr bəyanatında var. Digər məsələlərlə bağlı ümumi razılaşmalar da həmin sənəddə əksini tapıb. Onu deyə bilərik ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla əlaqələndirən kommunikasiyada müəyyən dəqiqləşmə olub. Amma bir nüansı nəzərə almalıyıq ki, bunlar ümumi razılaşmalardır. Ümumi razılaşma ilə konkret razılaşma arasında böyük məsafə var. Təbii ki, bu, bir günün məsələsi deyil. Texniki məsələlər həll edilməlidir, detallar razılaşdırılmalıdır, sonra şose və dəmir yolunun icrasına başlanılmalıdır. Pozitiv olsaq, onu deyə bilərik ki, danışıqlar aparmaq müharibə aparmaqdan daha yaxşıdır. Ən azı gənclərimiz həlak olmurlar, şəhidlər vermirik. Əgər danışıqlar nəticə əldə edilməsinə yönəlibsə, sözsüz ki, bunu həyata keçirmək vacibdir.

- Maraqlıdır ki, Brüsseldə bir dəfə də olsun "Qarabağ", "Qarabağın statusu" kimi ifadələr işlədilmədi. Sizcə, Ermənistan əvvəlki mövqeyindən imtina edibmi?

- Biz özümüzü aldada, illuziyalar yarada bilərik. Amma problemin adının çəkilməməsi bunun qeyri-mövcudluğu anlamını vermir. Bəli, “bu sənəddə "Qarabağ" deyilmədi”, “filan bəyanatda "status" kəlməsi olmadı” və s. demək olar. Anlamaq lazımdır ki, bütün sənədlər, bəyanatlar əvvəldən razılaşmanın, müəyyən kompromislərin nəticəsidir. 

Digər yandan, məsələnin gerçək tərəfi var: Qarabağın dağlıq hissəsində Azərbaycanın suverenliyi altında olmayan ərazi mövcuddur. Söhbət təkcə Xankəndi, Xocalı, Xocavənddən - ermənilər yaşayan ərazilərdən getmir, həm də Laçın dəhlizindən gedir. Beş kilometr eni, 60 kilometrdən çox uzunluğu olan Laçın dəhlizi də Azərbaycanın nəzarətində deyil. Eyni zamanda, bu ərazilərdə ermənilər yaşayırlar ki, onlar Azərbaycanın suverenliyini qəbul etmirlər, özlərini Azərbaycan vətəndaşı hesab etmirlər.

Üçüncü gerçəklik isə ondan ibarətdir ki, bu ərazilərdə Rusiya sülhməramlıları adı altında, faktiki olaraq Rusiya ordusu yerləşib. Əgər siz 10 noyabr Bəyanatına baxsanız, görəcəksiniz ki, Rusiya sülhməramlılarının iki funksiyası vardı: birincisi, Laçın dəhlizinin təhlükəsizliyini təmin etmək, ikincisi, qoşunlar arasında atəşkəsin davamlılığını təmin etmək, bunun qarşısını almaq. Amma sülhməramlı adlandırılanlar həmin ərazilərdə Rusiya dövlət idarələrinin yerli strukturlarını yaradıblar. Gerçəklik budur. 

- Həm də bunu mandatları olmadan həyata keçirirlər...

- Bəli, heç bir mandatları olmadan fəaliyyətdədirlər. Rusiyaya, əslində mandat lazım deyil, çünki mandat onların fəaliyyətini çərçivəyə salacaq. Gerçəklik budur ki, Qarabağda təkcə separatçı rejim yox, eyni zamanda, “Rusiya sülhməramlıları” adlandırılan kontingentin vasitəsilə işğalçılıq fəaliyyəti mövcuddur. Biz bəyanatlarımızda nə deyirik – bu, o qədər də önəmli deyil. Söhbət faktdan gedir. Bizim rəsmi qurumların bəyanatında belə deyilir: "Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərimiz". 10 noyabr bəyanatının mətninə diqqətlə baxılsın, orada Laçın dəhlizindən başqa, hansısa ərazilərin sülhməramlıların nəzarətinə verilməsi bəndi var, ya yoxdur? Əlbəttə, yoxdur. Vəziyyət budur, reallıqlar bunlardan ibarətdir. İndi hansısa görüşdə, danışıqlarda, bəyanatlarda "Qarabağın statusu" ifadəsinin yer alıb-almaması reallığı dəyişirmi? Həmin problemi aradan qaldırırmı? Təbii ki, dəyişmir. Ona görə də, hesab edirəm ki, biz bu problemi hansısa yolla həll etməliyik. Əks halda, məsələ illərlə uzanacaq. 

- İndi danışıqlar əsas iki istiqamətdə gedir: kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası. Və bununla da, yekun sülh müqaviləsinin imzalanması. Yekun sülh, Ermənistanın Azərbaycanın ərazi bütovlüyünü tanıması sülhməramlıların nəzarətindəki ərazilər məsələsinin həlli deyilmi?

- Təəssüflər olsun ki, bəziləri bu fikri aşılayırlar ki, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi həll olunarsa, sülh müqaviləsi imzalanarsa, problem aradan qalxacaq. Biz özümüzü aldada bilərik, bu, çox rahatdır. Gəlin, delimitasiya və demarkasiyanın nə olduğunu açıqlayaq. Birincisi, delimitasiya və demarkasiya süılh müqaviləsinin tərkib hissəsi ola bilər. Eyni zamanda, demarkasiya yekun sülhə o qədər də aidiyyəti olmayan məsələdir. Məsələn, Gürcüstanla Azərbaycan arasında indiyədək sərhədlərin demarkasiyası tam həllini tapmayıb. Gürcüstanla sülh şəraitindəyik? Bəli. Delimitasiya bir qədər rahat məsələdir, xəritə üzərində təxmini sərhəd müəyyənləşdirilir. Demarkasiya isə sərhədlərin tam dəqiqləşdirilməsidir ki, bu, həddindən artıq uzunmüddətli və ağrılı prosesdir. Bildiyiniz kimi, hər iki dövlətin ərazisində vaxtilə anklavlar olub və s.

Tutaq ki, delimitasiya həll edildi, kommunikasiyalar açıldı, sülh müqaviləsi imzalandı. Sülh müqaviləsində də, göstərildi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağda ermənilər yaşayan əraziləri də Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Bu, dediyimiz problemi - Qarabağdakı separatizmi, “sülhməramlı” adlandırılan qüvvələrin yaratdığı problemi həll edəcəkmi? Əlbəttə, həll etməyəcək. İrəvan deyəcək ki, gedin Qarabağdakı ermənilərlə danışın, necə ki, vaxtilə Levon Ter-Petrosyan bunu demişdi. Yəni sülh müqaviləsi imzalansa belə, problem yerində qalacaq. Sözsüz ki, delimitasiyanın həyata keçirilməsi, yekun sülhün imzalanması pozitivdir. Ən azından dövlətlərarası  münasibətlər normallaşacaq, konflikt Azərbaycanın daxili müstəvisinə keçəcək. Amma bu, Qarabağ problemini aradan qaldırmır. Biz anlamalıyıq ki, bir gün yenidən separatizm problemi gündəmə gələcək. İndidən bunu görsək, həllinə çalışsaq, daha yaxşıdır. 

- Liderlərin Rusiyada keçirilən görüşləri hər zaman üçtərəfli olub. Brüsseldə keçirilən görüş əvvəlcə üçtərəfli, sonra təkbətək oldu. Bundan sonra Nikol Paşinyan razılığın əldə edildiyini, kommunikasiyaların açılmasının vacibliyini söylədi. Hansı ki, Moskva və Soçidə keçirilən görüşlərdən sonra hansısa bəyanat verilsə də, real razılıq əldə edilmirdi. Sizə elə gəlmirmi ki, Azərbaycan və Ermənistan liderinin təkbətək görüşü daha effektlidir?

- Birincisi, aydınlaşdıraq ki, Brüsseldə hansı razılaşma olub. Mən bunu hansısa razılaşma hesab etmirəm, əvvəldə də dedim. Sadəcə ümumi razılaşmalardan bir qədər konkretliyə doğru addım atıldı. Xatırladım ki, Azərbaycan Prezidenti görüşdən qabaq NATO Baş katibi ilə keçirdiyi mətbuat konfransında çıxış etdi. Bildirdi ki, Laçın dəhlizi və Zəngəzur dəhlizinin hüquqi statusu eyni olmalıdır.

- O məsələ ilə bağlı ayrıca sual verəcəkdim...

- Razılaşma dediniz, bu baxımdan məsələnin üzərinə gəldim. Razılaşma kommunikasiyaların açılması ilə bağlı addımların atılmasını nəzərdə tutmur?

- Bəli.

- Yəni ki, təkbətək görüşdə əldə olunan razılaşma kommunikasiya məsələsidir. Azərbaycan tərəfi hər zaman Zəngəzur dəhlizi deyir, bu ifadədən istifadə edir. Amma siz əvvəlki sənədlər və bəyanatlarda da, Brüssel bəyanatında da heç yerdə "dəhliz" ifadəsinə rast gələ bilməzsiniz. Söhbət kommunikasiyalardan gedir. İkincisi, Laçın və Zəngəzur dəhlizinin statusunu eyniləşdirmək bir qədər siyasi və iqtisadi məntiqə uyğun deyil. Çünki Laçın dəhlizi müvəqqəti fəaliyyət göstərir. Problemlər həll olunandan sonra Laçın dəhlizi Azərbaycanın suveren nəzarəti altına qaytarılmalıdır. Zəngəzurdan keçəcək şose və dəmir yolu müvəqqəti deyil axı. Müvəqqəti dəhlizlə daimi dəhlizə eyni müstəvidə baxmaq bir qədər düzgün deyil.

Aydındır ki, Zəngəzurdan keçəcək yol Şərq-Qərb Nəqliyyat Dəhlizinin tərkib hissəsi olacaq. Bu, bizim də, ermənilərin də, Türkiyənin də maraqlarına cavab verir. Əvvəl Gürcüstan üzərindən yüklər daşınırdı. İndi Zəngəzurdan keçəcək ki, bu, həm vaxt, həm maliyyə baxımdan sərfəlidir. Eyni zamanda, buradan təkcə Azərbaycan və Ermənistana aid yüklər keçməyəcək. Qazaxstanın da, Çinin də, Fransanın da, digər dövlətlərin də yükü keçə bilər. Yəni bura geniş mənada böyük nəqliyyat dəhlizinin bir hissəsidir. Belə olan halda, biz Laçın dəhlizi ilə bunu niyə eyniləşdirək? Ermənistandan Qarabağa nə gedə bilər ki? Çox az miqdarda insan və yük axını var. Zəngəzur dəhlizi məsələsində isə söhbət böyük tranzitdən gedir. Bu, sadəcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən dəhliz deyil.

- Laçında gömrük postunun olmalı olduğunu hesab edirsiniz?

- Baxın, zənn edək ki, gömrük postları yoxdur. Və təsəvvür edin ki, Ermənistan Rusiyaya Azərbaycan ərazisindən yük aparır. Görün, nə qədər ərazimizdən keçib gedəcəklər. Biz Naxçıvana 40 kilometrlik Ermənistan ərazisindən keçəcəyiksə, onlar bir neçə yüz kilometr Azərbaycan ərazisindən keçəcəklər. Hesab edirəm ki, Laçın dəhlizində gömrük postu qurulmasından Azərbaycan imtina etməməlidir. Dəhlizləri eyniləşdirmək doğru deyil. Ümumiyyətlə isə, Brüssel görüşünün bəyanatında - Şarl Mişelin bəyanatında - dəhliz ifadəsi yoxdur, kommunikasiyaların açılması var. Orada da göstərilir ki, kommunikasiyalarla bağlı qaydalar dövlətlərin suverenliyinin qarşılıqlı tanınması ilə tətbiq edilməlidir.  

- Liderlərin təkbətək görüşünün effektivliyi sualım cavabsız qaldı...

- Sözsüz ki, əgər konkret nəticə əldə oluna bilirsə, danışıqlar nə qədər çox olarsa, bu, müharibədən yaxşıdır. Oturub sülhlə bağlı danışmaq sərt ritorikadan, müharibə bəyanatlarından min dəfə yaxşıdır. "Meqafon diplomatiyası"na ehtiyac yoxdur. Bakıdan sərt ritorika ilə bəyanat verilməsi, İrəvandan yüksək tonda fikir səsləndirilməsindənsə, danışıq yaxşıdır. Amma, əlbəttə, bu danışıqlar konkret nəticəyə köklənirsə. 

Əlbəttə, yaxşı olardı ki, İlham Əliyevlə Nikol Paşinyan təkbətək söhbət etsinlər. Bu zaman bir-birilərini başa düşməyə, bir-birilərini inandırmağa çalışa bilərlər. İnamın, etimadın yaranması üçün şəxsi görüşlər önəmlidir. Çünki üçtərəfli görüşlərdə iştirakçı üçüncü tərəfin mövqeyi nəzərə alınır. Bu, əlbəttə, tərəflərə sərfəli deyil. Təkbətək danışıqlarda nələrisə razılaşdırmaq daha asan olur. Lakin deyim ki, geniş mənada bəzi gerçəkliklər var.

Təəssüf ki, Azərbaycanda çox adam 44 günlük müharibənin ancaq müsbət cəhətlərindən danışır. Təhdid doğuran halları isə gündəmə gətirmək istəyən yoxdur. Təhdid doğuran əsas məqam Qarabağda Rusiya sülhməramlı adı altında rus ordusunun mövcudluğudur. 44 günlük müharibəyədək Rusiya tərəfinin münaqişədə heç bir hərbi-siyasi iştirakı yox idi. Bu gün isə Rusiya münaqişədə hərbi-siyasi iştirakçıdır. Faktiki olaraq bu gün Azərbaycan ərazisində nəzarətimizdən kənar ərazi var ki, orada ruslar mövcudiyyətlərini daimiləşdirməyə çalışırlar. Bu gün Qarabağa heç Ermənistan da faktiki olaraq nəzarət edə bilmir. Rusiya isə özünün Qarabağdakı mövcudiyyətindən istifadə edərək hər iki tərəfə təzyiq vasitəsi kimi istifadə edəcək. Bu gün bəziləri deyir ki, "bizim Rusiya ilə münasibətlərimiz yaxşıdır, problemimiz yoxdur".  Amma biz görürük ki, regionda vəziyyət həddən artıq qeyri-stabildir. Bu gün Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olması o demək deyil ki, sabah da yaxşı olacaq.

Onu da qeyd edim ki, bu gün Rusiya bir qədər neytrallıq nümayiş etdirərək Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına qarşı çıxmır. Çünki Rusiya anlayır ki, sülh müqaviləsi Qarabağın dağlıq hissəsindəki situasiyanı kardinal olaraq dəyişmək iqtidarında deyil. Sülh olsa belə, Moskvanın "Qarabağ aləti" əlində qalacaq. Lazım olduqda, maraqlarına cavab verdiyi halda o "alətdən" istifadə edərək münaqişəni növbəti dəfə qaynar vəziyyətə çevirə bilər.

Müəllif: Anar Bayramoğlu