BMT eksperti: Azərbaycanın iqtisadi sərvəti əhali arasında bərabər bölüşdürülməyib

Siyasət

11.10.2019 - 23:46

BMT-nin insan hüquqları üzrə eksperti, xüsusi məruzəçisi Hilal Elver 1-11 oktyabr tarixlərində Bakı, Quba və Gəncəyə səfər edib

 

Ekspert fermerlər, xalça toxucuları, qadın sahibkarlar, beynəlxalq inkişaf agentliklərinin nümayəndələri, dövlət internat məktəbində əlilliyi olan uşaqlar, eləcə də yerli və mərkəzi hökumət rəsmiləri ilə görüşlər keçirib. Xüsusi məruzəçi müşahidələrinin nəticəsi olaraq Azərbaycan üçün fikir və tövsiyələrini verib.

 

AYNA BMT-nin Bakı Ofisinin verdiyi məlumata əsasən Hilal Elverin bəyanatını təqdim edir:

 

“Azərbaycan iqtisadiyyatının neft və təbii qaz hasilatından geniş şəkildə asılılığı üzündən həssas vəziyyətdə olması qeyri-neft sektoruna daha çox sərmayə yatırmaqla diversifikasiyanı təmin etməyin zəruriliyini daha qabarıq göstərir. Hökumət iqtisadi sabitliyi təmin etmək məqsədilə ölkənin aqrar potensialını inkişaf etdirmək və məhsuldarlığı artırmaq üçün səylər göstərir. Ancaq bu işlər hələ də erkən mərhələdədir və bu sahədə insan hüquqlarına əsaslanan yanaşma təmin edilməlidir ki, ölkənin regionlarının və fərqli etnik mənsubiyyəti olan insanların ehtiyacları və ənənələrini nəzərə alan dayanıqlı inkişaf əldə edilsin.” 


 
Xanım Elvir əlavə edib ki, son iki il ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kimi yeni təsisatların yaradılması istiqamətində Azərbaycan təqdirəlayiq addımlar atmış, kənd təsərrüfatı, ərzaq və qida təhlükəsizliyi sahələrini inkişaf etdirmək üçün yeni qanunlar, siyasət və proqramlar qəbul edib. Hazırda əsas məsələ, müvafiq vəsaitin ayrılmasını təmin edərək bu məqsədləri həyata keçirmək, habelə cəmiyyətin bütün təbəqələrinin bəhrələnəcəyi iqtisadi artıma nail olmaqdır”, – deyə xanim Elver bildirib.

 

Ekspert vurğulayıb ki, müsbət nailiyyətlərin əldə edilməsinə baxmayaraq, Azərbaycanın iqtisadi sərvəti əhali arasında bərabər bölüşdürülməmişdir. O deyib ki, bütün dünyada qeyri-bərabərlik yoxsulluq, aclıq və zəif qidalanmanın aradan qaldırılması yolunda əsas maneələrdən biridir. 

 

“Azad bazar istisadiyyatına keçid son illərdə ölkənin əhəmiyyətli dərəcədə irəliləməsinə töhvə versə də, bu artım hamını kifayət qədər əhatə etməyib və bütün cəmiyyət artımdan bəhrələnməyib. 

 

“Növbəti onillik həlledici əhəmiyyət kəsb edəcəkdir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından, Azərbaycan özü-özünü təmin edə bilmək üçün səylər göstərməli və kənd təsərrüfatı sahəsində böyük güclərdən və şirkətlərdən asılı olmamaq üçün bu sahədə müstəqilliyini gücləndirməlidir. Buna nail olmaq üçün kiçik fermerlərin bazarda rəqabət qabiliyyətini gücləndirmək həlledici əhəmiyyət kəsb edir.

 

“Fermer təsərrüfatlarının təxminən 90%-i kiçik ölçüdədir və bu kiçik təsərrüfatlar kənd təsərrüfatı torpaqlarının 85%-ni təşkil edir. Torpaq sahələri kiçik olduğundan, əsasən, bir-üç hektar arası, habelə assosiasiyalar mövcud olmadığından, bu fermerlər bazarlara çıxarkən çoxsaylı çətinliklərlə üzləşirlər və böyük aqro bizneslərlə rəqabət aparmalı olurlar. Bir çox hallarda, məhsulların “sahədə ödənilən” ilkin topdansatış qiymətləri və istehlakçıların ödədiyi qiymət arasında əhəmiyyətli fərq olur.

 

“Kiçik fermerlər son dərəcə həssas vəziyyətdədirlər və çox zaman öz fermer təsərrüfatları hesabına dolanışıqlarını təmin edə bilmirlər. Ailələrinin ehtiyaclarını təmin etmək üçün onlar neft və xidmət sektorunda günəmuzd işləməyə məcburdurlar. İctimaiyyətlə məsləhətləşmələrin aparılmaması vəziyyəti yaxşılaşdırmaq üçün göstərilən səylərə mane olur. İctimai iştirakçılıq olmazsa, kənd təsərrüfatı sektorunda insanların real ehtiyacları, eləcə də ərtaf-mühit və istehsal ilə bağlı real ehtiyaclar proqram və layihələrdə düzgün nəzərə alına bilməyəcəkdir.

 

“Bir çox fermerlər ağır su çatışmazlığı və ekoloji çirklənmə ilə üzləşirlər – bu, xüsusilə Ermənistan tərəfdən sərhədi keçərək ölkəyə axan çaylarda müşahidə edilir. Keyfiyyətli toxum, müasir suvarma sistemləri kimi münasib kənd təsərrüfatı avadanlığının əlçatan olmaması kimi problemlər, hebelə məhsulun satışı və bazara çıxarılması üçün emal edilməsində çətinliklər var. Eyni zamanda, fermerlər kredit və subsidiyaların əldə edilməsi baxımından tez-tez maliyyə çətinlikləri ilə üzləşirlər”, – deyə xanım Elver bildirib. 

 

“Bundan başqa, iqlim dəyişmələri, sənaye müəssisələrinin havanı kəskin çirkləndirməsi və istehsalı artırmaq üçün pestisidlərin izafi istifadəsi ekoloji çətinlikləri daha da ağırlaşdırır. İstifadə müddəti bitmiş təhlükəli pestisidlərin zərərsizləşdirilməsində, eləcə də suyun çirklənməsi, torpaqların deqradasiyası ilə bağlı çətinliklər var, biomüxtəliflik və meşələrin qorunub saxlanılması sahələrində mühüm çağırışlar mövcuddur".

 

Xüsusi Məruzəçisi vurğulayıb ki, Azərbaycanda yoxsulluğun səviyyəsini dəqiq hesablamaq üçün daha keyfiyyətli məlumatların toplanılmasına və qida, təhsil, səhiyyə, yaşayış yeri ilə bağlı hüquqların təmin olunub-olunmadığını müəyyən etməyə ehtiyac vardır.  

 

Xanım Elver qeyd edib ki, əgər hökumət ölkənin insan kapitalını təhsil vasitəsilə inkişaf etdirmək, kənd təsərrüfatı siyasətlərində insan hüquqlarına əsaslanan yanaşmanı təmin etmək və ictimaiyyətlə, xüsusilə qadınlar, uşaqlar, kənd əhalisi və əlilliyi olan insanlar kimi həssas qruplarla konstruktiv məsləhətləşmələr aparmağa hazırdırsa, dayanıqlı inkişafa nail olmaq mümkündür. Əgər bu istiqamətdə iş aparılarsa, Azərbaycan əldə etdiyi nailiyyətlər və islahatları sayəsində yüksək səviyyədə qiymətləndirilməyə layiq olacaqdır”.


Qeyd edək ki, Hilal Elver 2020-ci ilin mart ayında Azərbaycanla bağlı hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcəkdir.

 

Müəllif: Raminə Eyvazqızı