Məzahir Pənahov: “O namizədlərin adlarının üstündən xətt çəkiləcək”

Siyasət

27.01.2020 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

MSK tərəfindən müəyyənləşdirilən qaydada seçki bülletenlərinin çapına başlanılıb

 

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gündən seçki bülletenlərinin çapına başlanılıb. AYNA xəbər verir ki, Milli Məclis Aparatının mətbəəsində keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri iştirak ediblər.

 

“Seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib. 125 dairə üzrə ümumilikdə, 5 milyon 387 min 600 ədəd bülleten çap olunacaq. Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanıb. Seçki Məcəlləsinə uyğun olaraq, bülletenlərin çap prosesi seçki gününə 10 gün qalmış, yəni yanvarın 30-dək yekunlaşacaq”, - M.Pənahov deyib.

 

O bildirib ki, seçki bülletenləri əvvəlcə Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanacaq: “Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, namizədin adını bülletendən çıxaracağıq. Əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək”.

 

“Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç seçki bülleteninə düşməsin”, - MSK sədri vurğulayıb.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət