Paşinyanın “Qarabağda sülh” kitabını Putinə verməkdə məqsədi nə idi?

Siyasət

21.10.2019 - 12:09

Paşinyanın Putinə hədiyyə etdiyi kitabda nələr var?

 

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinin Aşqabadda keçirilən son toplantısında Ermənistanın Baş Naziri Nikol Paşinyan koridorda Rusiya Prezidenti Vladimir Putinə yaxınlaşaraq “Qarabağda sülh” kitabını təqdim etdi. 

 

Həmin kitabı rusiyalı diplomat Vladimir Kazimirov yazıb. Kazimirov 1992-1996-cı illərdə Rusiyanın ATƏT-in Minsk Qrupundakı həmsədri olub. Azərbaycan o illərdə Kazimirovun fəaliyyətindən narazı idi. Çünki Kazimirov faktiki erməni separatçılarının mövqeyini müdafiə edrdi.

 

Paşinyanın Putinə Kazmirovun kitabını verməkdə məqsədi nə idi?

 

Birincisi, Paşinyan kitabı Putinə verəkən ətrafında jurnalistlərin olmasına çalışırdı. Paşinyan bununla Putinə demək istəyirdi ki, o rusiyalı diplomatın kitabındakı tezislərlə razıdır.

 

İkincisi, aydındır ki, Paşinyan həmin kitabı tam oxuyub və orada göstərilən tezislərin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiqini mümkün sayır.

 

Həmin kitabda nələr var?

 

Birincisi, Vladimir Kazimirov hesab edir ki, Azərbaycanın BMT-nin 4 qətnaməsinə istinad etməsi doğru deyil. Çünki həmin qətnamələr Azərbaycan ordusunun məğlubiyyəti fonunda qəbul edilib. Yəni Kazimirov demək istəyir ki, Azərbaycan işğalın nəticələrini qəbul etməlidir.

 

İkincisi, Vladimir Kazimirov ilk baxışdan münaqişənin “mərhələli həlli”nin əleyhinə deyil. Ancaq Kazimirov Dağlıq Qarabağda yaşayan ermənilərin referendum keçirilməsi haqqının olduğunu və bunun sazişdə əks olunmasını vacib sayır. Kazimirov yalnız bu şərtlər daxilində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması mümkünlüyünü yazır. Maraqlıdır ki, Kazimirov referendumun nəticəsini də özü üçün müəyyənləşdirib. O, kitabında yazır ki, Dağlıq Qarabağın erməni əhalisi rəsmi Bakının vəd etdiyi geniş muxtariyyətlə razılaşmayacaq, söhbət yalnız “müstəqillikdən” gedə bilər. Kazimirov Azərbaycanın problemi güc yolu ilə həlli istəyini tənqid edir.

 

Göründüyü kimi, pensiyada olan rusiyalı diplomat Vladimir Kazimirovun kitabındakı yazdığı fikirlər erməni separatçılarının və Ermənistan hakimiyyətinin xeyrinədir. Buna görə Paşinyan bu kitabı Putinə təqdim edib. Paşinyan bununla həm də onu demək istəyib ki, Ermənistan Kazimirovun timsalında Rusiyanın təklif etdiyi planın tərəfdarıdır.

 

Putinin Kazimirovun kitabını oxumağa vaxtı yoxdur. Buna baxmayaraq, Rusiyada Kazimirov kimilər az deyil. Məsələn, keçən həftə Rusiya parpalementinin Müstəqil Dövlət Birliyi üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin qanunsuz olaraq işğal altındakı torpaqlara gəldi və Xankəndidə forumda iştirak etdi. Azərbaycan Xarici İşlər Naziri bununla bağlı olaraq Rusiyaya nota verdi.

 

Konstantin Zatulin ilk dəfə deyil ki, Dağlıq Qarabağa gəlir. O, bunu az qala 25 ildir edir və erməni separatçılarının Azərbaycan torpaqlarını işğal etməsi siyasətini açıq şəkildə dəstəkləyir. Rusiya Dağlıq Qarabağın “müstəqilliyini” tanımır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya Serbiyanın da ərazi bütövlüyünü dəstəkləyir, heç bir rusiyalı deputat Serbiyadan ayrılan Kosovoya səfər etməz. Əgər hər hansı rusiyalı deputat Rusiyanın tanımadığı Kosovoya səfər etsə, Rusiya Xarici İşlər Nazirliyi dərhal bunun qarşısını alar. Bəs niyə Azərbaycana münasibətdə eyni addım atılmır, Zatulinə izah edilmir ki, Dağlıq Qarabağa qanunsuz səfərlər və erməni separatizminə dəstək yolverilməzdir?

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi