Rusiya təcavüzünə qarşı iki zireh: Ya NATO üzvlüyü, ya da nüvə silahı

Dünya

19.04.2021 - 13:19

Ukraynanın Alyansa sığınma, yaxud “nüvə düyməsi”ni geri qaytarma istəyi reallaşacaqmı?

 

Ukraynanın Almaniyadakı səfiri Andriy Melnik “Deutschlandfunk” radiosunun efirində Qərbin Ukraynaya nüvə silahını geri qaytarmasına kömək etməsi lazım olduğunu söylədi. “Bəlkə də, nüvə statusu barədə düşünməyə dəyər”, - deyən Melnikin sözlərinə “gazeta.ru” istinad edir.

 

Daha sonra səfir “Twitter”-də Ukraynanın Almaniyadan hərbi dəstəyə və mümkün qədər təcili NATO üzvü olmağa ehtiyac duyduğunu yazdı. Melnikə görə, Ukrayna NATO-ya qəbul edilmədiyi təqdirdə, nüvə dövləti statusunu bərpa etməlidir.

 

Xatırladaq ki, Ukrayna 1994-cü ildə Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşuldu, ölkənin nüvəsiz statusunun qarantları Rusiya, eləcə də ABŞ və Böyük Britaniya oldu. Onu da qeyd edək ki, 1994-cü ildə ölkədə olan bütün - 1.7 min nüvə başlığı, 176 qitələrarası raket və 44 strateji bombardmançı Rusiyanın ərazisinə keçirildi.

 

Ukrayna diplomatının bu sözlərinin arxasında nə durması çox maraqlıdır. Beynəlxalq hüquqda Ukraynanın nüvə ölkəsi statusunu bərpa etməsinə imkan verən real hüquqi sənədlər varmı? Ancaq bu, eyni zamanda Rusiyanın Ukraynadan alınan bütün nüvə silahlarını geri qaytarmalı olduğu anlamına gəlir ki, bu da mümkün deyil. Bəlkə də, bu açıqlama bir növ Qərbə emosional bir müraciətdir ki, Ukraynaya ən qısa zamanda NATO üzvlüyü verilməsinin vacibliyini düşünsünlər? Bəs bu, nə dərəcədə effektivdir? Qərbin həqiqətən, oyanacağına və ölkəni Şimali Atlantika Alyansına qəbul etmək üçün real addımlar atacağına dair əlamətlər varmı? Aydındır ki, səfirin dedikləri rəsmi Kiyev tərəfdən özünü aqressiv qonşudan qorumaq üçün atılan cəhdlərdir.

 

AYNA mövzunu tanınmış ukraynalı ekspertlərlə müzakirə edib.

 

Şərqi Avropa Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri Anatoli Pinçuk:

No description available.

“Düşünürəm ki, cənab Melnikin ifadəsi daha çox emosionaldır, siyasi və hüquqi deyil. Baxmayaraq ki, NATO-nun son bəyanatında Budapeşt Memorandumundan bəhs edilməsinin özü artıq bir irəliləyişdir.

 

Ukraynanın əsl təhlükəsizliyi məsələləri onun ordusunun  döyüş qabiliyyətindən və bəli, NATO ilə qarşılıqlı əlaqələrdən asılıdır.  Ukrayna ordusu artıq indi NATO standartlarına cavab versəydi, üzvlük məsələsinin həlli daha asan olardı. Əlavə olaraq, ABŞ-ın strateji müttəfiqi statusunu almaq ehtimalını da kənara qoymazdım. Üstəlik, hazırda ümumilikdə Rusiya Federasiyasının təcavüzkar siyasətindən və xüsusilə Ukrayna sərhədləri yaxınlığında Rusiya Federasiyasının fəaliyyətindən başqalarından daha çox narahat olan ABŞ-dır”.

 

Frensis Fukuyama adına Ukrayna Politologiya Asoosasiayasının rəhbəri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin siyasi eksperti Rinat Kovbasyuk:

Ковбасюк: Мир с Баку и Анкарой – у Еревана нет иного выбора

“Bu yaxınlarda səfir Melnik həqiqətən bir sıra bəyanatlar verdi ki, bu da diplomatik danışıqlarda siyasi bir dəyişiklik kimi xarakterizə edilə bilər və səfirin özünü böyük Ukrayna siyasətində sınamaq planları olduğunu qətiliklə göstərə bilər. Ancaq buna baxmayaraq, spikerin statusunu nəzərə alsaq, həqiqətən onun ifadələrini görməzdən gəlmək olmaz.

 

Ukrayna beynəlxalq hüquqa görə nüvə statusunu qaytara bilərmi? Hipotetik olaraq, bəli. Əslində, yox. Məsələ artıq beynəlxalq hüquq müstəvisindən çıxıb, çünki faktiki olaraq Ukraynanın ərazi bütövlüyünün qarantlarından biri - Rusiya Federasiyası onu pozdu və bununla da Ukraynanın özü baxımından məqbul sayılan hər hansı bir addımı üçün kart-blanş verdi.

 

Həqiqətən, beynəlxalq hüquq sisteminin işləmədiyini deyə bilərik və bu gün müəyyən dövlətlərarası münaqişələrin həlli üçün həqiqi beynəlxalq mexanizmlər yoxdur. Buna görə də, faktiki vəziyyəti nəzərə alaraq, Kiyev əlbəttə ki, indi nüvə statusunu bərpa etmək məsələsini gündəmə gətirə bilər. Ancaq praktikada həyata keçirmək çox çətindir. Bunun üçün ölkəmizdə olmayan əhəmiyyətli iqtisadi imkanlar tələb olunur.

 

Bundan əlavə, bu cür cəhdlər Ukraynanı beynəlxalq təcrid vəziyyətinə düşməklə təhdid edir ki, bu da iqtisadiyyatındakı onsuz da çətin vəziyyəti xeyli ağırlaşdıra bilər. Yəni, hansısa səbəblər göstərməyimizdən asılı olmayaraq, əsas olan artıq qatarın getməsidir və ona görə də Ukraynanın nüvə statusunun bərpasından danışmağın mənası yoxdur.

 

Ancaq anlamalıyıq ki, Ukraynanın presedenti digər ölkələrə kağız üzərində imzaların, əlbəttə, yaxşı bir şey olduğunu, lakin nüvə düyməsinin daha yaxşı olmasını göstərdi. Həqiqətən də, təcrübədən də göründüyü kimi, tərəflərdən birinin zəmanətinin olması tezliklə bu zəmanətlərin onu verənin özü tərəfindən pozulmayacağı anlamına gəlmir. Ancaq döyüşdən sonra yumruq atmırlar və nüvə düyməsindən başqa, bütövlüyünü qorumaq üçün Ukraynada hələ çox imkanlar qalıb. Ölkəmizin bundan istifadə edib-etməyəcəyini zaman göstərəcək.

 

NATO-ya üzv qəbul olunacağımıza çox da güvənmək lazım deyil, bu, çox çətindir. NATO yalnız hərbi standartlar deyil, eyni zamanda iqtisadi standartlar, söz azadlığı, korrupsiyaya qarşı mübarizə tədbirləri deməkdir. Bu məsələlərlə ölkəmizdə vəziyyət çətin olduğu üçün hələ bir möcüzə gözlənilmir.

 

Əlavə olaraq xatırlatmaq istəyirəm ki, NATO onsuz da hərbi qarşıdurma yaşayan ölkələri üzvlüyünə qəbul etmir. Və əminəm ki, ən azından, Macarıstan və Almaniya cəhdlərimizi əngəlləyəcək. Odur ki, bu məsələnin qaldırılması və tez-tez müzakirə predmetinə çevrilməsi Ukraynanın vacib geosiyasi subyektivliyini vurğulamağa çalışan və eyni zamanda bu yolla xal qazanmağa çalışan Ukrayna siyasətçiləri və diplomatlarının söhbətlərindən başqa bir şey deyil”.

Müəllif: Rauf Orucov