Putinin nüvə təhdidləri və ABŞ-ın xəbərdarlığı: Moskva mesajı alıb

Dünya

08.12.2022 - 22:12

"İstər nüvə silahı ilə bağlı təhdid, istərsə də taktiki nüvə silahından istifadə təhlükəsi olsun, bu, məsuliyyətsizlikdir"

ABŞ Dövlət Departamenti Rusiya Prezidenti Vladimir Putinin yeni nüvə təhdidlərini mənasız bəyanat adlandırır və belə bəyanatları pisləyir. 

Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays jurnalistin Putinin bəyanatını şərh etmək istəyinə cavab verərək deyib: “Biz nüvə silahı ilə bağlı hər hansı boş söhbətin tamamilə məsuliyyətsizlik olduğuna inanırıq”.

Prays əlavə edib ki, Çin, Hindistan, ABŞ və Rusiyanın özü də daxil olmaqla, "Soyuq müharibə"dən bəri bütün dünyada nüvə gücləri həmişə nüvə müharibəsinin heç vaxt aparıla bilməyəcəyinə və nüvə müharibəsi aparan ölkənin qalib gələ bilməyəcəyinə zəmanət veriblər.

“Biz hesab edirik ki, istənilən digər ritorika - istər nüvə silahı ilə bağlı təhdid, istərsə də taktiki nüvə silahından istifadə təhlükəsi olsun, bu, məsuliyyətsizlikdir. "Soyuq müharibə"dən sonrakı qərara əməl etmək vacibdir", - Prays qeyd edib.

Məlumdur ki, dekabrın 7-də Rusiya İnsan Hüquqları Şurası qarşısında çıxış edən Putin nüvə müharibəsi təhlükəsinin artdığını söyləyib. Eyni zamanda, Putin qeyd edib ki, Rusiya nüvə silahından istifadə edən ilk ölkə olmayacaq: "Rusiya nüvə silahından ilk istifadə etməyəcək, amma birinci deyilsə, ikinci də olmayacaq".

Kreml sahibinin nüvə təhdidi ilk deyil. Bundan əvvəl də Putin oxşar ritorikalarla çıxış edib. Moskva 2022-ci ilin sentyabrında - Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkovdakı məğlubiyyətindən sonra ritorikanı gücləndirməyə başlayıb. O zaman Rusiya Ukraynanın işğal olunmuş hissələrini, o cümlədən noyabrda Ukrayna Silahlı Qüvvələri tərəfindən artıq bir hissəsi azad edilmiş Xerson bölgəsini “nüvə çətiri” altına aldığını iddia edirdi. Bundan sonra ABŞ Moskvaya Ukraynada nüvə silahından istifadənin nəticələri barədə ciddi xəbərdarlıq edib.

Noyabrda NATO qeyd edib ki, ruslar özlərini “məsuliyyətsiz” aparsalar da, nüvə müharibəsi riski “aşağı olaraq qalır”. 

Daha bir məqam ondan ibarətdir ki, dekabrın əvvəlində "nüvə" bazaları - Rusiya Federasiyasının strateji aviasiyasının aerodromları naməlum dronlarla vuruldu və bu, Rusiya nüvə qüvvələrinin zəifliyini Qərbə nümayiş etdirdi. 

Xarici ekspertlər hesab edirlər ki, Kreml sahibinin ritorikasına baxmayaraq, Rusiya nüvə silahından istifadə etməyəcək. Çünki diplomatik kanallar vasitəsilə Moskvaya çatdırılıb ki, nüvə müharibəsi Rusiyanın özü üçün yaxşı qurtarmayacaq. Analitiklər Rusiyanın bu mesajları aldığını iddia edirlər və bildirirlər ki, Qərbin, xüsusilə də ABŞ-ın Kremldən gələn nüvə təhdidlərinə sakit reaksiyası da bununla bağlıdır. 

Müəllif: Turan Abdulla