“Pandemiyanın fəsadları 2021-ci ilin sonlarınadək hiss olunacaq” – <font color=red> DEPUTAT</font>

İqtisadiyyat

10.09.2020 - 13:22

Rüfət Quliyev: “Hazırda ən böyük məqsəd 2020-ci ilin yanvar-fevral aylarındakı makroiqtisadi göstəricilərə çatmaqdır”

 

“Azərbaycanda problem odur ki, başqa ölkələrdən fərqli olaraq, bizdə post-virus dönəmində iqtisadiyyatın çarxlarının yenidən dönməsi üçün heç bir hazırlıq görülmədi və bu gün də təəssüf ki, bu hazırlıqlar görülmür”.

 

Bunu AYNA-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Bildirib ki, ayrılan vəsaitlər ancaq karantin rejiminin və virusun özünün vurduğu ziyanların müəyyən qədər qarşısını almaq üçündür: “Bu gün iqtisadiyyat necə canlanacaq - bununla bağlı hökumətin yol xəritəsi, təəssüf ki, yoxdur. Təbii ki, əlavə investisiyalar lazımdır, kredit faizləri ucuzlaşmalıdır, investisiya mühiti yaxşılaşdırılmalıdır, xarici investorlar lazımdır. Bütün bunlar post-pandemiya dövründə iqtisadiyyatın çarxlarının dönməsi üçün əsas şərtlərdir. Təəssüf ki, hələlik bununla bağlı nəzərəçarpacaq adımları biz görmürük”

 

Lakin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisad elmləri doktoru Rüfət Quliyev bu fikirlərlə razı deyil. Onun AYNA-ya dediyinə görə, hələ pandemiya başlayan ilk vaxtlarda, pandemiyadan yaranacaq iqtisadi böhranla mübarizə üçün xüsusi proqram hazırlanmışdı: “Bu proqramın məqsədi də zərərdən minimum itkilərlə çıxmaq və sahibkarlıq fəaliyyətində itkilərin az olmasından ibarət idi. Yəni, sahibkarların sayı azalmasın, həmçinin müflis olan sahibkarların sayı az olsun”.

Rüfət Quliyev: “Bu “qara PR”ın müəllifini tanıyıram”

“Bütün dünyada belə bir statistika var: bağlanan şirkətlər və açılan şirkətlər. Bizdə hələlik bu statistika müsbətdir. Yəni, açılan şirkətlərin sayı bağlanan şirkətlərin sayından çoxdur. Bu da onu göstərir ki, iqtisadiyyatda fəaliyyət tam dondurulmayıb. Təbii ki, o proqlamaların hazırlanması nəticəsində iqtisadi blokla maliyyə bloku iqtisadiyyatın bərpası və post-pandemiya dövründə iqtisadiyyatın inkişafı üçün müəyyən təməl daşlarını qoymuşdu”, - deputat bildirib.

 

“Bizim üçün burada ən vacib məsələ kiçik və orta sahibkarlığın inkişafıdır. Yəni, biz gələcəyi bunda görürük və bu, cənab Prezidentin bilavasitə tapşırıqlarıdır. Bizim üçün də artıq kiçik və orta sahibkarlıq iqtisadiyyatın sütunu kimi funksiya daşıyacaq. Karantinin yumşalması, ardıcıl atılan addımlar iqtisadiyyatın bərpaya doğru getdiyini göstərir. Digər tərəfdən, hökumət və dövlət öz addımlaırını atıb. 15 min manata qədər kreditlərin verilməsi, faizlərin yarısının dövlət tərəfindən təmin olunması, girovun 70 faizini dövlətin öz üzərinə götürməsi də o deməkdir ki, bunlar yeni biznesin inkişafı üçün çox faydalı olacaq. Yəni, biz iqtisadiyyatımızın üslubunu dəyişir, başqa yolla aparmaq istəyirik. Burada rəqəmsal iqtisadiyyat da var, kənd təsərrüfatının inkişafı da, İT texnologiyasından istifadə edən şirkətlərə və startaplara daha çox üstünlük vermək də”, - o vurğulayıb.

 

Quliyevin sözlərinə görə, bu istiqamətdə ən böyük məqsəd 2020-ci ilin yanvar-fevral aylarındakı makroiqtisadi göstəricilərə tezliklə çatmaqdır: “Pandemiyanın fəsadları hələ 2021-ci ilin axırlarına qədər hiss olunacaq. Təbii ki, 2021-ci ildə iqtisadi artım da olacaq. Bunların hamısı planlaşdırılıb, büdcəylə bağlı rəqmlər artıq bəllidir. Amma hər şeyə rəğmən, pandemiya öz işini görüb və indi bütün dünya iqtisadiyyatında problem var. Hətta, belə bir rəqəm də səslənmişdi ki, iqtisadiyyatı yenidən hərəkətə gətirmək üçün 35 trilyon dollar vəsait lazımdır. İqtisadiyyatı hərəkətə gətirmək də o deməkdir ki, iqtisadiyyata kifayət qədər pul qoymaq lazmdır. Burada isə alıcılıq qabiliyyəti ikitərəflidir: Bir tərəfdən cəmiyyətin alıcılıq qabiliyyətini süni formada qaldırmaq, digər tərəfdən isə yeni investisiyalara önəm vermək. Çünki gələcək bu iki sistemlədir”.

 

“Dünya iqtisadiyyatını qaldırmaq üçün 35 trilyonun lazım olması onu göstərir ki, dünyanın aparıcı ölkələri məcburiyyət qarşısında qalıb bu siyasəti həyata keçirəcək və artıq pulu sterlizasiya etməli olacaq. Sterlizasiya bazardan yığışdırılmayanda da artıq pul inflyasiyaya gətirib çıxaracaq. Məsələn, biz planlaşdırmışıq ki, ilin axırına qədər inflyasiyanı saxlayaq və iqtisadiyyatın ümumi itkisini 3 faizdən yuxarı qalxmağa qoymayaq. Artıq pul iqtisadiyyata daxil olanda onun hansısa bir formada sterlizasiyası olmalıdır, yaxud iqtisadiyyatın inkişafı artmalıdır ki, həmin pul da yenidən dövriyyəyə qayıdıb infilyasiyanı qaldırmasın”, - müsahibimiz əlavə edib.

 

Milli Məclis üzvü dünya iqtisadiyyatında iki problemin olduğuna diqqət çəkib: “Bu problemlər inflyasiya və işsizlikdir. Bu iki problem də bir-birinə çox bağlıdır. Yəni biriylə mübarizə aparırsan, amma o biri inkişaf edir. Biz isə başqa formada davam edirik. Yəni, daha çox dövlətin iqtisadiyyatı idarə etməsi və situativ addmlar atması. Mən də bunun tərəfdarıyam”.

Müəllif: Mərahim Nəsib