Pandemiyanın amansız nəticələri dünyada və Azərbaycanda – HESABAT

Cəmiyyət

01.05.2022 - 19:11

Kimiləri işini itirib, kimiləri kredit yükünün altında əzilib, kimiləri də qiymətli əşyalarını satmalı olub...

Deyəsən, COVID-19 bəlasından qurtulmaq üzrəyik. Hər kəs “pandemiya”, “koronavirus”, “karantin”, “qapanma”, “maska” kimi kəlmələrdən elə bezib ki, tezliklə bu sözləri leksikonundan tam çıxarmağa əhdlidir.

Pandemiya qlobal bəla kimi həyatımızda izlər buraxdı, kobud desək, mənəvi, maddi, fiziki dəyərlərimizi oğurladı. Bəs bu bəlanın geridə buraxdığı fəsadlar nə oldu?

Müstəqil təşkilat olan Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) COVID-19 bəlasının Azərbaycanın bütün sahələrində yaratdığı böhranla bağlı araşdırmasının nəticələrini açıqlayıb. “Azərbaycanda qadın hüquqları və COVID-19 pandemiyası” adlı hesabat, adına baxmayaraq, tək qadın mövzusunu əhatə etmir. Araşdırma faktlardan və ölkə üzrə müxtəlif problemlərə yönəlik hesabatlardan bəhrələnib, təqribən iki ilə yaxın müddətdə ölkənin virusla mübarizə cəhdlərini işıqlandırıb. Hesabatda koronavirusun Azərbaycana gəldiyi gündən tarixi ardıcıllıqla ölkədə baş verən qaydalardan, məhdudiyyətlərdən (əsaslı və əsassız) ibarət mənzərəni görmək olar.

Araşdırma cəmiyyətdə daha çox yük çəkən qadını əsas tutaraq, 100 qadının anket sorğusuna və fokus qrup müzakirələrinə cəlb edilən 22 müxtəlif sahəni təmsil edən ekspertin (cinsindən asılı olmayaraq) fikirlərinə əsaslanıb. Həmçinin, müxtəlif aspektlərdə pandemiya dövründə Azərbaycandakı vəziyyət dünya miqyasındakı böhranla müqayisəli təhlil olunub.

Qeyd edək ki, sorğuda müxtəlif sənət sahələrini təmsil edənlər, o cümlədən, həm şəhərdə, həm də kənddə işsiz olan, qeyri-formal əmək bazarında iştirak edən, həssas qruplardan - əllilliyi olan, dul, məcburi köçkün olan xanımlar iştirak ediblər.

Araşdırmanın “Hüquq və imkanlar” bölməsində bildirilir ki, dünyada olduğu kimi, Azərbaycanda da reproduktiv sağlamlıq, gender əsaslı zorakılıq, qərarların qəbulunda iştirak məsələsi ən çətin dövrünü yaşayıb. Qeyd olunur ki, Azərbaycanda hər 100 min nəfərə 18,4 vəkil düşür ki, bu da orta Avropa göstəricilərindən (162 vəkil) 8,8 dəfə az olmaqla ən aşağı göstərici hesab olunur. Sərt karantin müddətində iş icazəsi verilən qurumların (icaze.e-gov.az) siyahısına QHT və hüquq müdafiəçilərinin salınmaması müdafiə və dəstək problemini dərinləşdirib.

Hesabatın “Təhsil” bölməsində məlumat verilir ki, pandemiya dünyanın 190-dan çox ölkəsində təqribən 1,6 milyard təhsilalana pis “töhfə”sini verib. Azərbaycanda isə onlayn təhsil platformasının 1/3 hissəsi aktiv olmayıb, bölgələrdə texniki təhcizatın, internetin zəif olması şəhərlərlə müqayisədə 35% aşağı səviyyədə olub. Respondent qadınların 22%-i ailə yükü artdığı üçün təhsil prosesini yarımçıq saxlayıb, onlardan da 63,6%-i uşaqlı qadın, 95,4%-i Bakıda yaşayanlardır.

Tibbi xidmət məsələsinə gəlincə, koronavirus başqa xəstəliyi olanların müalicə və tibbi xidmət almasını məhdudlaşdırıb, qadınlarımızın 60%-i ginekoloji və obstetrik qayğı xidməti almaq çətinliyini yaşayıb, “103” təcili tibbi yardım xidmətinin COVID fokuslu işləməsi müarciət edən başqa xəstəliyi olanlara ciddi mənfi təsirini göstərib.

Pandemiya müddətində respondent qadınların 15%-i müalicəsini natamam kəsib, 16%-i poliklinik və xəstəxana xidməti almaqda əziyyət çəkib. 47% respondentin fikrincə, həmin müddətdə tibbi ləvəzimat qıtlığı yaşanıb, ciddi bahalaşma olub, 13% ana özü və uşağa qulluğa dair məhsulu əldə etmək çətinliyini yaşayıb.

Məşğulluq sahəsində dünya miqyasında gəlirləri azalan, işindən məhrum olanlar arasında qadınlar üstünlük təşkil edib. 206 ölkədən yalnız 60 ölkədə ödənişsiz əmək, ödənişli məzuniyyət məsələsi ilə bağlı addımlar atılıb.

Azərbaycanda isə pandemiyanın təkcə bir ili ərzində işsiz əhalinin sayı 251 min 600 nəfərdən 375 min 900 nəfərə yüksəlib. Hər 3 qadından biri pandemiyadan zərər çəkən sahələrdə çalışıb, Azərbaycan iqtisadiyyatının 54%-ni təşkil edən kölgə iqtisadiyyatında çalışanların əksəriyyəti qadındır. Respondent qadınların 41%-nin ödənişli iş saatları azaldılıb, 15%-i işini itirib, 18%-i kredit ödənişini heç və ya tam ödəyə bilməyib, 10%-i qiymətli əşyalarını satmalı olub, 5%-i kirayədən çıxıb, 43%-i yığdığı əmanətini xərcləyib.

Araşdırma-hesabatda sosial dəstək məsələsinə də toxunulur. Belə ki, COVID-19 səbəbli böhranda dünya miqyasında qadınlar işsiz əhalinin 57,4%-ni, işsizliyə görə müavinət alanların isə 47,6%-ni təşkil edib.

Dəstək paketlərinə sərf edilən vəsaitin ÜDM-in 2,1 faizini təşkil etdiyi Azərbaycan pandemiyada vətəndaşlarına ən az pul xərcləyən ölkələr arasında olub. Respondentlərin yalnz 11%-i dövlətdən sosial yardım alıb, 19%-i özünə, ya da yaxınına sosial yardım almaqda çətinlik çəkib. Alınan sosial yardım da (o cümlədən, 190 manat) ehtiyacı qarşılamayıb.

Pandemiyanın çətin dövründə dünya üzrə həm qadın, həm də kişilərin uşaq baxımına sərf etdiyi vaxt artıb. Azərbaycanda qadınlar gündəlik uşaq baxımına əlavə 5,2 saat, kişilər 3,5 saat sərf edib.

Sorğu nəticəsinə görə, xüsusən karantin, qapanmalarda qadının ailə məişət yükü dəfələrlə artıb - respodentlərin 57%-də bu yük artıb, 11%-də vəziyyət dəyişməyib.

Kişi ailə üzvü ilə yaşayan respondent qadınların 32,3%-nin ailə münasibətləri pisləşib. Sorğuya görə, qadınların 31%-i sərt karantin zamanı ciddi psixoloji problemlər yaşayıb.

Pandemiya dünyada, eləcə də Azərbaycanda evəqapanma, karantin nəticəsində məişət zorakılığının müxtəlif formalarının artmasına səbəb olub. Nəzərə alsaq ki, son illərdə məişət zorakılığından zərər çəkənlərin 76,4%-i qadınlardır, onda niyə problemlər və onların həllində cins olaraq qadının vurğulanmasını yəqin etmək olar. Sosial sorğu nəticəsinə görə isə, 100 respondentin 6%-i zorakılığın pandemiyadan əvvəl də olduğunu deyib. 3%-i zorakılıqdan qorunmaq üçün evi tərk edib, kimsə hansısa quruma şikayət etməyib.

Göründüyü kimi, araşdırmanın nəticələri xoş təəssürat yaratmır. Bəs pandemiyadan qabaq və sonra ortaya çıxan problemləri necə həll etmək olar?

Hesabat müəllifi olan RİQC-in əməkdaşı Aytən Cəbrayılova AYNA-ya açıqlamasında mövcud problemlərlə bağlı təşkilatın artıq ictimai vəkillik kampaniyasına start verdiyini deyib: “Hesabatımızın əsasında hüquqi məsələlər dayanır. Bizim üçün prioritet olan mövzular və onların həlli vacibdir. Belə ki, məişət zorakılığı ilə mübarizədə hələ də xüsusi qurum, ciddi mexanizm yoxdur”.

“Araşdırma göstərdi ki, qadınlara qarşı psixoloji təzyiq, iqtisadi zorakılıq, fikizi zorakılıq hallarında ciddi artım var. Qadınların müdafiə mexanizmləri zəifdir, xüsusən kənd, rayon yerlərində bu məsələ həllini tapmayıb”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, pandemiya bu problemləri daha da dərinləşdirdiyi üçün təcili islahatlar aparılmalıdır: “Biz araşdırma-hesabatın hər sahəsi üzrə tövsiyələrimizi, təkliflərimizi müvafiq dövlət və beynəlxalq qurumlara, hətta dəstək üçün diplomatik  korpuslara müraciət formasında yönəltmişik”.

Haşiyə: Dünya İqtisadi Forumunun 2020-ci üzrə Qlobal Gender Bərabərsizliyi Hesabatında gender bərabərliyinə nail olmaq üçün 99,5 il tələb olunduğu güman edilirdi. Amma 2021-ci il pandemiyanın təsirlərindən sonra bu məqsədə nail olmaq üçün 135,6 il lazım olduğu qənaətində gəlinib.

Müəllif: Raminə Eyvazqızı