Nazirliklərin qrant siyasəti: QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli

Cəmiyyət

13.11.2019 - 14:55

“Elanlar dar çərçivədə yayılır, detalları öyrənmək üçün idarəyə getməlisən, orada da uzun vaxt sərf edib, bezib qayıdırsan”

 

2020-ci ilin dövlət büdcəsindən “Qrantlar və digər ödənişlər” üçün 409,4 milyon manat ayrılacaq. Bu, cəmi büdcə xərclərinin 1,5 faizi deməkdir. Bu maddə üzrə gələn il, cari illə müqayisədə 6 dəfə çox vəsait ayrılması nəzərdə tutulur. Belə ki, 2019-cu ildə bu istiqamətə 67.8 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 0,3 faizidir.

 

Xəbər verdiyimiz kimi, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov paylaşım edib. O bildirib ki, qrantlar və digər ödənişlər üçün nəzərdə tutulan vəsaitin artırılması bəlkə də sual doğurmaya bilər: “Amma məsələ ondadır ki, həmin vəsaitin necə xərclənməsi və xüsusən də hansı təşkilatların bu qrantlardan istifadə etdiyi əksər hallarda aydın deyil. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) regionun aparıcı vətəndaş cəmiyyəti instutlarından biri kimi son illər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası istisna olunmaqla, heç bir dövlət qurumu ilə qrant layihələri icra etməyib. Təbii ki, soruşula bilər: müraciət edilmi?”

 

“Edilməyib və səbəb də odur ki, əksər dövlət qurumları qrantlarla bağlı elanları ya ictimailləşdirmir, ya da müraciət üçün vaxtı qısa müəyyənləşdirr. Hətta elanlarda müəyyənləşən zamanın əsas hissəsi qeyri-iş günlərinə təsadüf edir. Məsələn, hətta uzun qeyri-iş günləri olan Novruz bayramında elanların verilməsi hallarına da təsadüf edilir. Nəticədə, müsabiqələrdə rəqabətin yaranmasının qarşısı alınaraq vəsaitlərin bölüşdürülməsi həyata keçirilir”, - o yazıb.

Raminə Eyvazqızı