Özəlləşdirmə çekləri: məmur maxinasiyası və cinayət

Cəmiyyət

18.05.2024 - 13:43

Həkimlər Klinikalar SEO Xidməti

Necə oldu ki, oliqarxlar əhalini aldatdılar və bir milyon insanın haqqına girdilər?

Bu gün qanunla 20 000 ABŞ dolları əmlak ekvivalenti olan dövlət özəlləşdirmə çekləri barədə hüquqi faktların cənab Prezidentdən gizlədilməsi, Konstitusiyaya, qanunlara və dövlətçiliyimizə zidd olan problemin aradan qaldırılmasına hansısa məmurlar tərəfindən əngəl törədilməsi dövlətin imicinə, dövlət başçısının sosial ədalət siyasətinə ləkə salmağa cəhd, xalqa qarşı düşmənçilikdir. Cənab Prezidentin etibarından sui-istifadə edərək, qanun və fərmanlarda Konstitusiyaya zidd maddələr yazdıran, imzalatdıran Ramiz Mehdiyevin və oliqarx məmurların əsas məqsədi gələcəkdə öz mütəşəkkil korrupsiya cinayətlərini ali rəhbərliyin üzərinə atmaqdan ibarətdir.

Birmənalı şəkildə qəbul edilməlidir ki, heç bir qanun, heç bir fərman Konstitusiyanı poza bilməz. 1995-ci ildə - ölkənin iqtisadi cəhətdən ən ağır vəziyyətində, dövlət büdcəsində heç 1 milyard dollar olmayan vaxtda, Ümummilli Lider Heydər Əliyev tarixi sosial ədalətin təmin olunması ücün, özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%-nin miras əmlak payı olaraq, dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri ilə əvəzləndirilməsini qanunla təsdiqlədi.

Sual olunur: Ulu Öndər xalqa qanunla vəd etdiyi dövlət əmlakının 65%-nin, dövlətin ən kasıb vaxtında xarici və yerli investorlara elə PULLA satmağı qanunla tənzimləyə bilməzdimi? Bilərdi və həmin dövrdə bunun üçün müəyyən əsaslar da var idi. Ancaq Heydər Əliyev gözəl bilirdi ki, ədalətli mülkiyyət bölgüsu kapitalizmə dinc keçid üçün əsas şərtdir.

SSRİ-dan qalan miras əmlak payını xalqın özünə, yəni sahiblərinə qaytarmaq ölkəmizin - dövlətimizin əminamanlığı və iqtisadi inkişafı üçün mütləqdir. Həmin dövrdə qanunlarla vətəndaşlara verilmiş mülkiyyət hüququnu və xalq qarşısında dövlətin götürdüyü öhdəlikləri, sonradan Konstitusiyaya zidd olaraq qəbul olunmuş heç bir qanun və ya fərman əllərindən ala bilməz! Bu, hüquqi aksiyomadır.

Bəs, necə oldu ki, məmurlar vətəndaşları aldatdılar?

Bildiyiniz kimi, Dövlət Özəlləşdirmə Çeklərinin (DÖÇ) tədavül müddəti əvvəl Qanun ilə təsdiq olunmuş “I Dövlət Proqramı” ilə 3 il müddətinə təyin olundu, daha sonra Fərman ilə təsdiq olunmuş “II Dövlət Proqramı” ilə 2011-ci ilin yanvarın 1-nə qədər uzadıldı. Göründüyü kimi, burada Qanunla müəyyənləşdirilmiş müddət sonradan Fərman ilə uzadıldı.

Bundan belə, bir əsas sual meydana gəlir: DÖÇ-lər üçün ilk təyin olunan 3 illik müddət fərman ilə uzadılmasaydı, nə baş verəcəkdi? Fərz edək ki, DÖÇ-lər ilk 3 ildən sonra tədavül müddəti bitdiyi üçün 1999-cü ildə tədavüldən çıxarıldı. Burada sual olunur: müddəti uzadılmayıb, tədavüldən çıxarılsaydı, onda kompensasiya veriləcəkdimi?

Təbii ki, həmin qanunvericiliyə görə, 3 illik müddət bitəndən sonra özəlləşdirmə dövründə vətəndaşlar tərəfindən istifadə olunmayan payların (çeklərin) dövriyyədən çıxarılması üçün (I Özəlləşdirmə Qanunu, maddə 19), onlar dövlət tərəfindən yaradılmış İnvestisiya Fonduna qoyulmalı, oradan vətəndaşlara dividend verilməli və istifadə olunmalı idi. Bu vətəndaşlara verilmiş hüquqdur, bir Dövlət öhdəliyi və Qanunun tələbidir!

Lakin dövlət pozitiv öhdəliyini icra edib İnvestisiya Fondu qurmadığı üçün (bildiyiniz kimi, heç Çek İnvestisiya Fondu da yaradılmadı) vətəndaşların hüquqları pozuldu. Hesab edirik ki, bunu da DÖÇ-lərin tədavül müddətini fərmanla uzatmaq ilə ödəməyə çalışdılar. Bu da öz növbəsində indiki pozuntulara səbəb oldu.

Bunlardan başqa, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.4-cü maddəsinə görə, “Özəlləşdirmə payı respublikanın hər bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanılır”.

Fərz edək ki, həmin dövrdə (1999-da) bu normaya əməl olunaraq, bu payların dəyəri hesablanıb PUL formasında banklara qoyuldu. Sual olunur: əgər belə olsaydı, həmin pulların aqibəti necə olacaqdı?

Bu suallar və Prezident Sarayında 7 mart 1995-ci il tarixli Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Ulu Öndər Heydər Əliyevin çıxışı zamanı XALQA VƏDİ özü-özlüyündə bir daha özəlləşdirmə payına düşən mülkiyyət hüququnun dövlət tərəfindən vətəndaşlara ömürlük və əvəzsiz verildiyini təsdiq edir.

Hamı bilməlidir ki, Dövlət Əmlak Komitəsi (indiki adı ilə Əmlak Məsələləri Dövlət Xidməti) Konstitusiya və qanunları, mülkiyyət və bərabərlik hüquqlarını kobud şəkildə pozub və və öz yaxınları üçün bir özəlləşdirmə payını (4 çek) 20 min, bəzən isə 100 min ABŞ dolları dəyərində hesablayaraq əmlak payı verib.

Diqqət edin! Ulu Öndərin və Dövlətin tarixi sosial ədalət siyasətinin, Konstitusiya və qanunların, beynəlxalq insan hüquqlarının pozulması faktlarının CİNAYƏT olması “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9 və 11-ci maddələrində öz əksini tapır.

Eyni zamanda, gələcəkdə Cinayət Məcəlləsinin 308, 309, 313, 314, 341 və 342-ci maddələti ilə cinayət işi acıla bilər. Çünki Mülki Məcəllədə (384.0.5.) dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri iddia müddətinin şamil edilmədiyi tələblərdəndir.

Hüquqşünas alimlər tərəfindən Prezidentin nəzarətində olan “Qanun” jurnalında bu faktları və 1 milyondan çox vətəndaşın mülkiyyət və bərabərlik hüquqlarının, dövlət öhdəliklərinin pozulmasının mütəşəkkil korrupsiya cinayəti olduğunu təsdiq edən 4 elmi-praktik məqalə cap olunub.

“Qanun” jurnalındakı 4 məqalə:

“Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması prosesinin hüquqi təhlili”

(2022 N-5 (331) 38-ci səhifədən)

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;

Süleymanlı Sərvər Süleyman oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, Konstitusiya Məhkəməsinin eksperti;

Rəyçi: h.ü.e.d. S.F.Əliyev;

Təqdim edən: h.ü.e.d., prof. M.D.Dəmirçiyeva.

“Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmadığının hüquqi təhlili”

(2022 N-07 (333) 41-ci səhifədən)

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü;

Süleymanlı Sərvər Süleyman oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti;

Rəyçi: h.ü.e.d., dos. S.F. Əliyev;

Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.

“Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericiliklə birbaşa müəyyən edilməsinin vacibliyi”

(2022 N-08 (334) 57-ci səhfədən)

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü;

Əliyev Sübhan Fərmayıl oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;

Rəyçi: h.ü.f.d., dos. S.S.Süleymanlı;

Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.

““Dövlət özəlləşdirmə payları” və “dövlət özəlləşdirmə çekləri” anlayışlarının müqayisəli hüquqi təhlili”

(2023 N-2 (340) 32-ci səhfədən)

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, Konstitusiya Məhkəməsinin eksperti;

Rəyçi: h.ü.e.d., prof. A.M.Qasımov;

Təqdim edən: h.ü.e.d., prof. Z.İ.Cəfərov.

Məqalələri həm də aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz:

Keçid-1

Keçid-2

Keçid-3

Keçid-4

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDƏ daxil olmaqla tanış ola bilərsiniz

Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu

Müəllif: Aydın Gəray