Yaxın Şərqdəki savaşda yeni mərhələ: “Son heç də yaxşı görünmür”

Aktual

22.06.2025 - 12:05

cedabet dərman SEO Xidməti

Səxavət Məmməd: “İran çox güman ki, Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirəcək”

İsraillə İran arasında iyunun 13-də başlayan raket müharibəsi artıq 10 gündür davam edir. İlk günlərdən fərqli olaraq, tərəflərin bir-birinə zərbələrinin intensivliyində azalma müşahidə edilirdi. Amma onuncu gün müharibədə yeni mərhələyə başlanıldığını demək olar. Belə ki, iyunun 22-nə keçən gecə ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb ki, ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirib.

“İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla üç nüvə obyektinə uğurlu hücum tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – deyə Trmap qeyd edib.

ABŞ-ın “Fox News” telekanalı və İranın IRNA agentliyi Fordo nüvə obyektinin hava hücumuna məruz qalması barədə məlumatlar yayıb.

“İranın nüvə obyektlərinə hücumun uzunmüddətli nəticələri olacaq”. Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Onun sözlərinə görə, “ABŞ İsfahan, Natanz və Fordoda İranın nüvə obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub”.

“ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi İranın dinc nüvə obyektlərinə hücum etməklə BMT Nizamnaməsini, beynəlxalq hüququ və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozub. Bu səhər baş verən hadisələr uzunmüddətli nəticələrə gətirib çıxaracaq”, - deyə XİN rəhbəri bildirib..

O, həmçinin vurğulayıb ki, İran BMT nizamnaməsinə uyğun olaraq, öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır.

İsrail-İran müharibəsində səngimə və ABŞ-ın onuncu gündə müharibəyə qoşulması barədə AYNA.AZ-ın suallarını hərbi ekspert Səxavət Məmməd cavablandırıb. Ekspert xatırladıb ki, müharibənin ilk günündə İsrail 200 qırıcı ilə hücuma keçmişdi:

- İran cavab zərbələrində 100-dən çox dron və onlarla müxtəlif tip raketlərdən, ballistik silahlardan istifadə etdi. Təbii ki, hər gün bu qədər raket atıla bilməz və bunun səngiyəcəyi gözlənilən idi. Mən ilk gündən qeyd etmişdim ki, bu tip müharibələrin, toqquşmaların uzun müddət intensivliklə davam etməsi müm kün deyil. Çünki bu raketlər tükənməz deyil. İstər İsrailin aviasiyası olsun, istərsə də İranın ballistik raketləri olsun, tükənəndir. Düzdür, bəzən deyirlər ki, İran İsrailin mülki obyektlərini hədəfə alır. Amma nəzərə almaq lazımdır ki, İsrailin ərazisi kiçikdir və obyektlər bir-birinə yaxındır, hərbi obyektlər mülki obyektlərə yaxındır. İranın zərbə hədəflərinə baxanda görürük ki, İran daha çox hava limanlarını, elektrik stansiyalarını, neft bazalarını vurur. Bunun da səbəbi İsrail aviasiyasının fəaliyyətini məhdudlaşdırmaq, enerji mənbələrini sıradan çıxarmaqdır. İsrail isə İranın nüvə zənginləşdirmə obyektlərini, raket yerləşən hərbi obyektləri sıradan çıxarmağa çalıışdı. Təbiidir ki, tərəflər bir-birini bu müddətdə zəiflətməyə çalışdı. İndi isə sadəcə hədəf nöqtələrinə atəş açılır, dəqiqləşdirilib hücum edilir.

- Bir növ sürünən müharibəyə keçid hiss edilirdi...

- İranın maraqlı açıqlaması o oldu ki, Tehran bəyan etdi ki, əvvəl kütləviliyə üstünlük verirdi, indi isə fərqli taktikaya keçib. İran İsrailin hava boşluqlarının olduğunu anladı və indi konkret lazım olan raketlərdən istifadə edilir və lazım bildiyi hədəflər vurulur. İsrail də konkret hədəflər müəyyənləşdirir və oraya zərbə endirir. İsrail gördü ki, nüvə obyektlərini zərbələrlə sıradan çıxarmaq mümkün olmur, çünki bu obyektlər elə yerlərdə yerləşir ki, tam vurmaq mümkün deyil. İsrail elə etmək istəyirdi ki, istifadə etdiyi hərbi avadanlıq nəticə verməsə də, ABŞ məsələyə qarışsın və onun silahları ilə nüvə obyektləri vurulsun. Bu niyyətə də çatılmış oldu.

Hazırda görünən odur ki, tərəflər dayanmaq niyyətində deyil. Amma bir müddətdən sonra zəifləyəcək və dayanacaq. Hətta gündə bir dəfə bir-birinə raket atmaq səviyyəsinə enə bilər. Müharibə o zaman uzana bilər ki, quru əməliyyatları həyata keçirilsin. İsraillə İran arasında isə quru sərhədlər yoxdur.

Bundan əlavə, ABŞ-ın müharibəyə qoşulacağından danışılırdı və nəhayət, Amerika zərbələr endirməklə savaşa qoşuldu. İndi növbə İrandadır. İran çox güman ki, Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına raket zərbələri endirəcək. Düşünmürəm ki, İran həmin bazalara zərbə endirsə, zərbə endirilən ölkələr buna cavab verəcəklər. Çünki İran onlara qarşı tamamilə fərqli davrana bilər. Hətta düşünürəm ki, bu toqquşmalar yekunlaşacağı təqdirdə Suriyaya qarşı hərəkətə keçəcək. Tehran Dəməşqdəki indiki hakimiyyəti sıradan çıxarmaq üçün addımlar atacaq.

- ABŞ bazaları olan ölkələr vurularsa, həmin ölkələrin İrana cavab verməyəcəyi ehtimalı niyə çoxdur ki?

- Məsələn, Oman İrana qarşı nə edə bilər?! Yaxud da, Suriya, İraq olsun. Bu gün İraq İrana qarşı hansı addımı ata bilər?! Bir ölkənin ərazisindən başqa ölkənin ərazisi vurulursa, məsələn Omandan, Qətərdən, İordaniyadan, Suriyadan İran vurularsa, o zaman Tehran həmin ölkəyə qarşı niyə addım atmamalıdır? Ola bilsin ki, Səudiyyə Ərəbistanı İrana cavab versin, toqquşmalar olsun. Qalan ölkələrin bir çoxunun İrana qarşı savaşa potensialı, gücü yoxdur. Ən azı İsrail qədər güclü deyillər.

Daha bir məsələ isə İranın Fars körfəzi ilə bağlı ciddi addımlar ata biləcəyidir. Tehranın Fars körfəzini minalamaq və bir neçə gəmini batırmaqla körfəzi iflic etmək planı var. Bu barədə Tehran açıq bəyanat verib. Bu isə ABŞ-ı da, Çini də, hətta Cənubi Qafqaz bölgəsini də narahat etməlidir və edir. Çünki daşımaların, logistikanın xeyli hissəsi Fars körfəzindən keçir. Körfəzin işinin iflic olması isə dünyada qiymət yüksəlməsinə səbəb olacaq. Bu baxımdan, Amerikanın savaşa qoşulması yaxşı olmadı. Baş verənlərin sonu heç də yaxşı görünmür. Bundan sonra İranın atacağı addımlara uyğun olaraq nələrisə proqnozlaşdırmaq mümkündür. ABŞ-ın zərbələri ilə İranın nüvə proqramı sona çatdımı, inandırıcı deyil. Amerika da, İsrail də iddia edir ki, nüvə proqramı sıradan çıxarılıb. Amma məlum idi ki, nüvə mərkəzləri 90 metrdən çox dərinlikdə yerləşir. ABŞ-ın istifadə etdiyi silahlar isə 60 metr dərinliyi vura bilir. Sual olunur: bu halda nüvə proqramının tam məhv edilməsi necə mümkündür?

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş