Səxavət Məmməd: “Rusiyanın Ermənistanla bağlı atacağı addımlar, verəcəyi qərarlar çox önəmlidir”
Erməni Apostol Kilsəsi ilə ölkənin Baş naziri Nikol Paşinyan arasında qarşıdurma səngimir. Bəzi keçişləri və kilsəni dövlət çevrilişinə cəhddə ittiham edən hakimiyyət orqanları arxiyepiskopların həbsini həyata keçirir. “Müqəddəs mübarizə” adlı hərəkat yaradaraq hakimiyyəti terror üsulu ilə ələ keçirməyə cəhd etdiyi iddia olunan müxalif “Vətən uğrunda Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan üç gün əvvəl saxlanılıb. Ermənistan İstintaq Komitəsi keşişi hakimiyyəti zorla ələ keçirmək, dövlət çevrilişinə cəhd və daha bir neçə maddə ilə cinayət işi açıb. Dünən isə Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyanı Ermənistanın İstintaq Komitəsinin İrəvandakı ofisinə gətiriblər. Onun saxlanılması ilə bağlı qərar verilib.
Səhər saatlarında din xadimləri arxiyepiskopun saxlanılmasına maneə törətsələr də, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri onu birbaşa İstintaq Komitəsinin binasına aparıblar. Bina ətrafındakı küçələr və yaxınlıqdakı həyətlər polis tərəfindən mühasirəyə alınıb. Binanın qarşısında arxiyepiskopa dəstək verən şəxslər də toplaşıblar. Arxiyepiskop Mikayel Ajapaxyanın qardaşı oğlu da İstintaq Komitəsinin binasına gətirilib.
Ermənistandakı gərgin siyasi vəziyyəti şərh edən ekspertlər hesab edirlər ki, hakimiyyət ona təhlükə törədəcək siyasi qüvvələri neytrallaşdırmaq və zərərsizləşdirmək niyyətindədir. Qarşı tərəf erməniliyin ideoloji mərkəzi olan kilsə olduğuna görə geri çəkilmək niyyətində görünmür. Bu proseslərin hətta vətəndaş müharibəsi ilə nəticələnəcəyi ehtimalı da artır.
Məsələ ilə bağlı AYNA.AZ-a danışan hərbi jurnalist və ekspert Səxavət Məmməd deyib ki, Azərbaycana Qazaxın işğalda olan 4 kəndininm qaytarılmasında din xadimi Qalstanyan ortaya düşdü:
- Din xadimlərinin siyasi proseslərə qoşulması Qalstanyanın etirazların önündə getməsi ilə başladı. Sonrakı dönəmdə Paşinyanla kilsə arasında toqquşmalar başladı. Hesab edirəm ki, Ermənistanda din xadimlərinin siyasətə cəlb olunması təkcə kilsə ilə bağlı deyil. Həm də Paşinyanın indi apardığı siyasətə qarşı olan qüvvələr var. Həmin qüvvələr həm Ermənistan daxilindədirlər, həm də xaricdədirlər. Bu qüvvələr isə əsasən kilsə ətrafında formalaşıblar. Əslində Ermənistan dövləti, ümumiyyətlə, ermənilər varlığına görə kilsəyə borcludur. Bunun üçün də kilsə ermənilər üçün çox önəmlidir. Kilsənin indiki dövrdəki atdığı addımlar Paşinyan hakimiyyətini devirməyə yönəlikdir. Ermənistanda müxalif qüvvələr var, məsələn, keçmiş prezidentlər – Robert Köçəryan və Serj Sarkisyanın qruplaşması var. Bir çoxları nədənsə elə düşünür ki, Ermənistanda sadəcə onlar hakimiyyətə gəlmək istəyir. Amma elə deyil, kilsə hakimiyyətə tamamilə yeni simanı gətirmək niyyətindədir. Hər kəs, Köçəryanla Sarkisyanın özü də, kilsə də bilir ki, onların nüfuzları ciddi şəkildə aşağı düşüb. Ona görə də kilsə yeni kadr axtarışındadır. Məlumdur ki, kilsə bir çox məsələlərdə Rusiyadan gələn göstərişlərə qulaq asır. İndiki halda Rusiyadan tövsiyələr verilir, yeni kadrların siyasi sferaya transferi həyata keçirilir. Düşünürəm ki, Ermənistanda baş verən indiki proseslər bir qədər də davam edəcək.
- Prosesin davamlı olması Paşinyan hökuməti üçün nə qədər təhlükəlidir?
- Düşünürəm ki, kifayət qədər təhlükə var və bu, böyükdür. Belə iddialar var ki, Rusiya tərəfi Paşinyanı devirmək yolunda addımlar atır. Belə bir fikirlər də var ki, Paşinyanı dəstəkləyən xarici qüvvələr var ki, onlar gələn il keçiriləcək seçkilərdə Baş nazirin hakimiyyətdə qalmasını təmin etmək üçün indidən preventiv tədbirlər həyata keçirirlər. Əslində bu gün Ermənistan regionda təhlükəli vəziyyətə gəlib çıxıb. Bəzi xarici dairələr Ermənistanı Cənubi Qafqazda təhlükəli dövlətə çevirmək istəyirlər.ərəblərin ortasındakı İsrail kimi, Cənubi Qafqazda da Ermənistan yaradıb, onu gücləndirmək, qonşulara qarşı istifadə etmək niyyətində olan qüvvələr var. Məsələn, Ermənistanda süni intellektin inkişafı üçün 500 milyon vəsaitin ayrılması, orada istehsal müəssisələrinin yaradılması planı boşuna deyil. Eyni zamanda, Hindistanla hava hücumundan müdafiə, yer-yer, yer-hava tipli raketlərin verilməsi, istehsalı kimi məsələklər üzərində ciddi işlər gedir. Bütün bu planlar Rusiya və İranı narazı salır. Ona görə də, Ermənistan daxilində gərginlik uzana bilər.
- Paşinyan istəyinə nail ola biləcəkmi?
- Düşünürəm ki, Paşinyanı dəstəkləyən xarici dairələr bu çevrilişin qarşısını almağa çalışacaqlar. Amma kilsə də güclüdür və bunu gözardı etmək olmaz. Burada önməmli məsələlərdən biri də xaricdəki diasporadır. Çünki onların həqiqətən də Ermənistana ayırdığı maliyyə, lobbiçilik çox önəmlidir. İndi demək olmaz ki, Paşinyan kilsəni zərərsizləşdirdi, kilsə üzərində qalib gəldi. Təbii ki, Paşinyan əlindəki inzibati resurslardan istifadə edərək öz rəqiblərini sıradna çıxarmağa çalışır və bir çoxlarını da sıradan çıxara bilib. Amma tamamilə hamısını sıradan çıxarmadığı bəllidir. Biz görürük ki, kilsə tərəfdarları kifayət qədərdir. Eyni zamanda, ictimaiyyətdən də kilsəyə dəstək mövcuddur. Düşünürəm ki, kilsənin bu prosesdən qalib çıxması üçün dindarlara dəstək veriləcək.
- Söhbət Rusiyadan gedir, yoxsa Qərb də oyuna girə bilərmi?
- Əlbəttə, birinci söhbət Rusiyadan gedir. Məsələ burasındadır ki, Paşinyan Rusiyanın bütün “qırmızı xətləri” ilə oynamağa başlamışdı. Məsələn, Ermənistandan Rusiya sərhədçilərinin çıxarılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətin dondurulması kimi proseslər Moskvanı qəzəbləndirdi. Rusiyadan təzyiqlər artdıqca Paşinyanın Qərbə yaxınlaşması, Rusiya ilə bağlı bəyanatlar da Moskvada unudulmayıb. İndiki mərhələdə Paşinyanın hakimiyyətdə qalıb-qalmaması məsələsi çox önəmlidir. Əlbəttə, Paşinyan bir layihədir və iddialar var ki, onu Ermənistanda hakimiyyətə Soros Fondu gətirib. Nəzərə almaq lazımdır ki, bu tip fondlar artıq Amerika tərərəfindən bloklanıb. İndi əsas məsələ budur ki, təzyiqlərə, daxili siyasi gərginliklərə Paşinyan nə qədər dözəcək. Başqa bir sual isə Qərbin Paşinyanı nə qədər dəstəkləyə biləcəyidir. Amma hər halda Ermənistana ciddi yatırım edən dövlətlər var və onların başın da da Fransa gəlir. Hindistan və Yunanıstan faktoru da var ki, bunlar hesablanmalıdır. Bütün hallarda isə burada ən önəmli məsələ Rusiyadır. Ermənistanın da suverenliyi məsələsi Rusiyadan asılıdır. Rusiyanın Ermənistanla bağlı atacağı addımlar, verəcəyi qərarlar çox önəmlidir. Moskvanın Ermənistanla bağlı istəklərini bilirik. Məncə, Rusiya indiki mərhələdə daha çox Paşinyan hakimiyyətinin devrilməsində maraqlıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, Paşinyan hökuməti də Rusiya ilə münasibətləri qaydasında saxlamağa çalışır. Məsələn, Ermənistan xarici işlər nazirinin Moskvaya tez-tez səfərlərinə diqqət etmək lazımdır. Düşünürəm ki, Paşinyan maksimum çalışacaq ki, hakimiyyətdə qalsın. Amma bunu tam olaraq bacaracaqmı, qarşıdakı günlərdə və aylarda bunu görəcəyik.