Hüquqşünaslardan müvafiq qurumlara çağırış: “Qanunsuzluğu aradan qaldırın”
Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı hüquqi problem davam edir. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu bildirir, hüquqlarının bərpa olunmasını istəyirlər. Özəlləşdirmə payları ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqların bərpası ilə bağlı müraciətlər edirlər.
Qeyd edək ki, ötən il dekabrın 6-da Bakı İnzibati Məhkəməsində özəlləşdirmə çekləri sahibi olan bir qrup şəxsin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) qarşı dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmə iclası keçirilib. Cavabdeh qurum olan ƏMDX-nin nümayəndəsi bildirib ki, dövlət özəlləşdirmə payları (çeklər) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb. İddiaçılar isə bəyan edirlər ki, bu, tamamilə yanlışdır. Çünki DÖÇ-lər fərmanla deyil, qanunla dövriyyəyə buraxılıb və dövriyyədə tədavül, ödəmə-tədiyyə vasitəsi kimi istifadəsi, özəlləşdirmə dövründə istifadə edilə bilməyən payların dövriyyədən çıxarılma qaydası da 445 N-li qanunun 19.1-ci bəndi ilə tənzimlənir. Müvafiq fərman isə bununla bağlı qanunların icrasını təmin etmək məqsədilə imzalanıb. Heç bir fərmanla qanunun verdiyi hüquqlar məhdudlaşdırıla bilməz.
Lakin məhkəmə heç bir dəlil-sübuta söykənmədən vətəndaşların tələbini təmin etməyib. Bu il fevralın 21-də Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Müstəqil ekspertlər isə həm birinci instansiya, həm də ikinci instansiya üzrə məhkəmə qərarlarının ədalətsiz və qanunsuz olduğunu bəyan edirlər.
AYNA.AZ mövzuya dair həmsöhbət olduğu hüqüqşünas ekspertlərin fikirlərini təqdim edir.
Sabiq deputat, hüquqşünas Fəzail Ağamalı:
“Bu problem uzun müddətdir müzakirə olunur və çek sahiblərinin iddiaları əsaslıdır. Açığını deyim ki, məsələnin hüquqi detalları ilə tam tanış deyiləm. Amma fakt budur ki, özəlləşdirmə çekləri dövlətin qiymətli kağızıdır və bu qiymətli kağızlar qiymətsiz hala gəlməməlidir. Mənə də deputat olarkən çek sahiblərinin müraciətləri olmuşdu, o zaman araşdırdım və xatırlayıram ki, hüquqi baxımdan çek sahibləri haqlı idilər. Onların hüquqları həqiqətən də pozulub, çünki dövlətin verdiyi qiymətli kağızlardan istifadə edə bilməyiblər. Hesab edirəm ki, məsələ həllini tapmalıdır, vətəndaşların pozulan hüquqları bərpa olunmalıdır. İnsanları narazı qoymaq olmaz. Hüquq nəyi tələb edirsə, ona uyğun da aidiyyəti orqanlar qərar verməlidir”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı:
“Məhkəmə məsələ ilə bağlı ədalətli qərar verməlidir. Bu işlə məşğul olan hüquqşünaslar, vəkillər ortaya arqument qoyurlar və iddianı əsaslandırırlar. Məhkəmə də bu arqumentlərə əsaslanıb qərar verməlidir. Onsuz da bu gün Azərbaycan məhkəmələrinin imicində problem var. Çeklərlə bağlı məhkəmələrin ədalətli qərar verməsi bu imicin müsbətə doğru dəyişməsinə də kömək olar. Çek sahiblərinə bəzən irad tutulur ki, niyə onlar vaxtında, tədavüldən çıxarılmamış bundan istifadə etməyiblər. Birincisi, həmin çeklərin üzərində etibarlılıq müddəti göstərilməyib. Ola bilsin ki, vətəndaş hüquqi baxımdan bu çeklərin tədavüldən çıxarılacağına, belə qanunsuzluğa yol veriləcəyinə inanmayıb. Axı bu, dövlətin qiymətli kağızıdır. Qirmətli kağız sonradan necə qiymətsiz ola bilər? İkincisi, ola bilsin ki, çekdən istifadə etməyən vətəndaşın heç tədavül müddətinin bitməsi barədə məlumatı olmayıb. Çünki bizdə özəlləşdirmə ilə bağlı doğru-düzgün maarifləndirmə də aparılmamışdı. Bütün hallarda isə qanun deyir ki, vətəndaşlar haqlıdır, hüquqları pozulub. İndi bu hüquqların bərpasına ehtiyac var. Hesab edirəm ki, məsələ vətəndaşın xeyrinə həllini tapmalıdır. Hüquq məhz bunu tələb edir”.
Milli Məclisin keçmiş üzvü, İnsan Hüquqları və Demokratiya İnstitutunun rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə:
“Özəlləşdirmə prosesində iştirak edə bilməyən, dövlətin ona verdiyi qiymətli kağız olan çekdən faydalana bilməyən vətəndaşların narazılığına həssas yanaşılmalıdır. Onların hüquqları pozulub və bunun bərpası istiqamətində addımın atılması vacibdir. Məhkəmələr, aidiyyəti qurumlar özəlləşdirmə paylarından istifadə etməyən, yaxud da edə bilməyən insanların tələblərinə biganə qalmamalıdır. Açığını deyim ki, məsələ ilə bağlı qanunun özündə zidddiyyətli məqamlar. Məncə, birinci buna aydınlıq gətirilməlidir. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları haqqında” Əsasnamənin beşinci bəndində qeyd olunur ki, çeklərin istifadə müddəti qeyri-məhduddur. Lakin digər yandan konkret müddət qoyulub ki, 2011-ci ildən özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatıb. Bu uyğunsuzluğun aradan qaldırılması vacibdir. Çeklərin üzərində və Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanında çeklərin istifadə müddəti qeyri-məhdud göstəririlibsə, hansı səbəbdən tədavül müddəti başa çatmış elan edilib? Bu məsələ uzun müddətdir ki, gündəmdədir və xeyli sayda insan haqqının tanınmasını istəyir. Bu uyğunsuzluğu aradan qaldırmaq, haqq-hüququ bərpa etmək elə də çətin olmamalıdır”.
Tanınmış vəkil Fuad Ağayev:
“Özəlləşdirmə çekləri ilə bağlı ziddiyyətli məqam mövcuddur. Qanunda göstərilənlə tədavüldən çıxarılma ziddiyyət təşkil edir. Çünki əsasnamədə qeyd edilib ki, özəlləşdirmə çeklərinin istifadəsi qeyri-məhduddur. Bəs o zaman tədavüldən necə çıxarıla bilər? Bu suala aidiyyəti qurumlar aydınlıq gətirməlidir. İllərdir bir qrup vətəndaş əsir-yesir qalıb. Qiymətli kağızlarından bu və ya digər səbəbdən istifadə etməyən vətəndaşın bundan yararlanmasına şərait yaradılmalıdır. Problem həllini tapmalıdır, məsələyə birdəfəlik nöqtə qoyulmalıdır. Bir qrup vətəndaş bu çek vasitəsilə özəlləşdirmədə iştirak edib, bir qrup isə iştirak edə bilməyibsə, bunun özü hüquq pozuntusudur. Mən hələ qanunda göstərilən bütün detalları demirəm. Ona görə də, düşünürəm ki, vətəndaşın haqqını bərpa etmək lazımdır”.
Tanınmış vəkil, hüquqşünas İradə Cavadova:
“Hesab edirəm ki, çeklərlə bağlı məsələ həllini hansısa formada həllini tapmalıdır. Əlində çeki qalan vətəndaş bundan istifadə edə bilmədiyini deyir, müraciətlər edir, amma bu müraciətlərə cavab verilmir. Hansı ki, bu insanlar hüquqi baxımdan haqlıdırlar. Çünki dövlətin qiymətli kağızı qiymətsiz ola bilməz. Qanunvericilik də, əsasnamə də əlində özəlləşdirmə payı qalan insanlarımızın haqlı olduğunu deyir. Bəs, niyə bu haqq bərpa edilməməli, narazılıq aradan qalxmamalıdır?! İllərdir bu insanlar haqqını tələb edirlər, amma hansısa addım atılmır. Bu, doğru deyil. Hesab edirəm ki, məsələyə birdəfəlik nöqtə qoyulması üçün dövlət tərəfindən komissiya, araşdırma qrupu yaradılmalı, məsələ həllini tapmalıdır. Yaxud da məhkəmələr ədalətli qərar verməklə problemə son qoymalıdır. Vətəndaşın haqlı narazılığı dinlənilməli, müsbət qərar verilməlidir”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.