“Rusiya və Türkiyə ilə danışıqlara başlayacaq qurum yaradılmalıdır” – <font color=red> SABİQ NAZİR</font>

Aktual

18.11.2020 - 18:39

Tofiq Zülfüqarov: “Nəticədə meydana çıxacaq sənəd Milli Məclisin xüsusi qərarı ilə təsdiq edilməlidir”

 

“Ermənistan-Azərbaycan münaqişəsinin hərbi fazasının ikinci mərhələsi başa çatdı və biz yeni mərhələnin başlanğıcının astanasındayıq. Bu, yeni mərhələni iki dövlətin aşağıdakı şəraitdə hərbi-siyasi qarşıdurması kimi səciyyələndirmək olar”.

 

AYNA xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağ ətrafında cərəyan edən siyasi prosesləri qiymətləndirərkən deyib.

 

Diplomatın sözlərinə görə, mövcud və 1 dekabr tarixindən sonra yaranacaq təmas xəttində Rusiya sülhməramlıları var, həmçinin, Türkiyə müşahidəçilərinin iştirakı ilə monitorinq missiyası yerləşdiriləcək: “Rusiya və Türkiyə hərbçilərinin Azərbaycana gəlmələrinin mənası nədir? Bunun mənası odur ki, Ermənistanın təslim olması şərtlərinə görə, onun silahlı qüvvələri bizim ölkənin bütün ərazisini tərk etməyə məcbur edilib, münaqişəyə qədər əsasən ermənilərin yaşadıqları ərazinin bir hissəsində isə təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edəcəklər. Bu zonalar tamamilə silahsızlaşdırılmalı və orada yalnız Rusiya hərbçilərində silah olacaq. Münaqişə zonasındakı Azərbaycanın nəzarətində olan bütün ərazilərdə və 1 dekabr tarixindən sonra nəzarətimizə keçəcək digər ərazilərdə dövlətimizin yurisdiksiyası tam həcmdə və məhdudiyyətsiz şəkildə bərpa olunacaq”.

 

Sabiq nazir hesab edir ki, qeyd olunan hərbi-texniki reallıqlar çərçivəsində, ümumilikdə, beynəlxalq aləm tərəfindən tanınmış məhz bizim torpaqlarımızın yerdə qalan 3 faizi üzərində Azərbaycanın suverenliyinin bərpası istiqamətində siyasi proseslər baş verəcək: “Qeyd etmək lazımdır ki, razılaşmaların həyata keçirilməsi 1 dekabr tarixindən sonra məcburi köçkülərin 99 faizinin – 1991-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən törədilmiş total etnik təmizləmənin qurbanları olmuş azərbaycanlılar öz evlərinə qayıtmaq imkanı qazanacaqlar”.

Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”

T.Zülfüqarov qeyd olunanlardan çıxış edərək, əsas taktiki vəzifələri sadalayıb:

 

Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması cədvəli ilə nəzərdə tutulmuş tədbirlərin qeyd-şərtsiz icrası;

 

1 dekabr tarixindən sonra ən qısa müddət ərzində Ermənistan silahlı qüvvələrinin yerdə qalan bütün bölmələrinin və texnikasının müəyyənləşdirilməsi və Azərbaycan ərazisindən çıxarılması təmin edilməli;

 

Sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və ərazidən çıxarılması;

 

Hazırda qanunsuz silahlı birləşmələrin dövriyyəsində olan silah və hərbi texnikanın toplanması və Azərbaycan tərəfinnə təhvil verilməsi;

 

Sülhməramlı qüvvələrin nəzarətindəki ərazilərdə qeyri-qanuni olan şəxslərin müəyyənləşdirilməsi və oradan uzaqlaşdırılması;

 

“Bu vəzifələri yerinə yetirmək üçün sülhməramlı qüvvələrin və müşahidə missiyasının mandatının müəyyənləşdirilməsi üzrə Rusiya Federasiyası və Türkiyə Respublikası ilə dərhal danışıqlara başlayacaq hökumət orqanı yaratmaq lazımdır. Nəticədə meydana çıxacaq sənəd Milli Məclisin xüsusi qərarı ilə təsdiq edilməlidir”, - deyə sabiq nazir əlavə edib.

Müəllif: Ayna.az