Moskvadan ABŞ-dakı etirazlara reaksiya: “Əkdiklərini biçirlər”

Dünya

07.06.2020 - 19:32

Zaxarova: “Dünyaya xaos səpənlər indi evdə xaos yaşayırlar”

 

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) qaradərili Corc Floydun ölümünə etiraz olaraq ABŞ-da baş verən kütləvi nümayişlərə münasibət bildirib. AYNA “RİA Novosti”-yə istinadən bildirir ki, bu barədə XİN-in Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova açıqlama verib.

 

Zaxarova deyib ki, Avropada və ABŞ-da indi baş verənlər, vaxtilə əkdikləri toxumun biçinidir: “Dünyaya xaos səpənlər indi evdə xaos yaşayırlar. Dünya şüuruna daxil etdikləri hər şeyi indi özləri yaşayırlar”.

 

“ABŞ-ın dünyada təbliğ və təşviq etdikləri eynilə özündə baş verir. Buna təəccüblənmək lazım deyil. Hesab edirəm ki, kritik vəziyyət qanunlara uyğun olaraq aradan qaldırılmalıdır, zorakılıq olmamalıdır”, Zaxarova vurğulayıb.

 

Qeyd edək ki, mayın 25-də Minneapolisdə 46 yaşlı Corc Floyd polis tərəfindən qətlə yetirilib. O əvvəlcə, saxta pulla siqaret alışını araşdıran polis tərəfindən saxlanılıb. Video görüntülərdə Floyd-un həbs olunduğu və nəfəs ala bilmədiyini dedikdən sonra ağdərili polisin dizi ilə hələ bir neçə dəqiqə də onun boynunu sıxdığı, öldürdüyü görürünür. Bundan sonra, qaradərili Floydun qətlinə etiraz olaraq ABŞ-ın bir çox şəhərində və beynəlxalq miqyasda nümayişlər başlayıb. ABŞ-la yanaşı Avstraliya, Fransa, Hollandiya və İngiltərədə minlərlə adamın toplaşdığı mitinqlər hələ də davam edir.

Müəllif: Ayna.az