Generalitetə qarşı repressiya və “təmizləmə” - Putin klanları zərərsizləşdirir

Dünya

14.05.2024 - 14:10

Həkimlər Klinikalar SEO Xidməti

Ərəstun Oruclu: “Putinin məqsədi müdafiə sistemini gücləndirmək və müharibəni udmaq deyil, hakimiyyəti qorumaq, hakimiyyətin bütün qanadlarını nəzarətinə almaqdır”

Yenidən Rusiya Prezidenti olan Vladimir Putin ölkənin müdafiə sistemində radikal dəyişikliklərə gedir. Ukraynaya qarşı təcavüzkar müharibə aparan ölkənin Prezidenti yeni hökumət kabinetində uzun illərdir müdafiə naziri olan Sergey Şoyqunu görmək istəmədi, generalı Təhlükəsizlik Şurasının katibi postuna göndərdi. Putin federasiya Şurasına təklif göndərib ki, yeni müdafiə naziri postunda Andrey Belousovu görmək istəyir. Federasiya Şurası Belousovu təsdiqləsə, Putin onun nazir təyinatı barədə sərəncam imzalayacaq.

Ekspertlər hesab edirlər ki, federasiya Şurası Kremldən gələn təklifi müsbət qarşılayacaq və Belousovun namizədliyini təsdiqləyəcək. Dünya mediasında Putinin müdafiə sistemi ilə bağlı addımları müzakirə olunmaqdadır. Nəzərə almaq lazımdır ki, Belousov hərbçi deyil – iqtisadçıcır. “Putinin əsgəri” adnlandırılan Belousovun müdafiə naziri təyinatını dəyərləndirən bəzi ekspertlər hesab edirlər ki, bu, ordudakı korrupsiyanın qarşısını almaq və müdafiə sistemini iqtisadi cəhətdən gücləndirmək məqsədi daşıyan addımdır.

“Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə fərqli düşünür. Analitik AYNA-ya müsahibəsində deyib ki, Putinin müdafiə sistemində apardığı dəyişiklik, Şoyqunun müdafiə naziri postundan uzaqlaşdırması və generalın əvəzinə nazirliyə mülki şəxsi rəhbər təyin etməsi Kreml sahibinin ənənəvi siyasətinin davamıdır:

- Putin Rusiyada hakimiyyətə gələndən bu yana müdafiə naziri postunda olanların heç biri hərbçi olmayıb. Şoyqunun özü də hərbçi deyil. Bu şəxs vaxtilə Fövqəladə Hallar Nazirliyindən gəlib Moskva vilayətinin qubernatoru olmuşdu. Ondan sonra Şoyqu bütün komandası ilə birlikdə Müdafiə Nazirliyinə rəhbər gəldi. Uzun illər idi ki, hərbçi olmayan general nazir idi. Bunun özü də təzadlı haldır. Belousovun, yəni bir iqtisadçının işğalçı müharibə aparılan zaman müdafiə naziri təyin edilməsi də Şoyqunun vaxtilə təyinatına bənzəyir. Dediyim kimi, Putinin ənənəvi təyinat siyasətinin davamıdır.

- Bu təyinatın Rusiyanın ordu sistemindəki korrupsiya halı ilə bağlı olduğu şərh edilir. Bildirilir ki, Putin rüşvətə bulaşmamış Belousovu nazir təyin etməklə ordudakı korrupsiyanın qarşısını almaq istəyir...

- Əlbəttə, bu təyinat heç də korrupsiya ilə bağlı deyil. Putinin siyasətində bu xətt hakimiyyətə gəldiyi zamandan var. Məqsəd də Müdafiə Nazirliyinin hərbçilərin əlində olmamasını təmin etməkdir. Çünki hərbçilər Putinin FSB komandasına daxili müxalifətdir. Putin çalışır ki, Müdafiə Nazirliyinin başındakı öz adamı olsun. Korrupsiya Putin hakimiyyətinin işlək mexanizmidir. Müdafiə Nazirliyindəki korrupsiyalardan, maxinasiyalardan əlbəttə ki, Putin xəbərdardır. Bundan xəbəri olmaması mümkün də deyil.

Müharibənin uduzulmasının, belə deyək, ciddi uğur əldə edilməməsinin səbəbi elə həmin korrupsiyadır, idarəçilik sisteminin yararsızlığıdır.

- Müharibə davam etdiyi bir vaxtda müdafiə nazirinin dəyişdirilməsi maraq doğurur. Putin bu addımı müharibənin uzanacağı ehtimalına görə atdı? Belə fikirlər var ki, Kreml rəhbəri düşünür ki, hərbi sistemdə iqtisadi vəziyyət gücləndirilməlidir ki, uzunmüddətli müharibə aparıla bilinsin...

- Düşünmürəm ki, Belousovu nazir təyin etmək Ukraynaya qarşı aparılan müharibəyə görədir. Putin ilk növbədə öz hakimiyyətini möhkəmləndirmək üçün yaxın adamı olan iqtisadçı Belousovu nazir postuna əyləşdirir.

Qeyd edim ki, dəyişikliklər Şoyqu ilə bitməyəcək. Bilirsiniz ki, onun müavini bu yaxınlarda həbs edildiYəqin ki, Şoyqunun ardınca digər müavinlər də istefaya göndəriləcək. Orada Şoyqunun birinci müavini var – Ruslan Tsalikov. Tsalikov da vəzifəsindən kənarlaşdırılacaq. Yeri gəlmişkən, Tsalikov da, həbs olunan müavin Timur İvanov da əvvəllər Şoyqu ilə birgə Moskva qubernatorluğunda rəhbər vəzifədə olublar.

Məncə, bu repressiya dalğasına Rusiya Baş Qərargahındakı müəyyən generallar da düşəcəklər. Yəqin ki, Baş Qərargahdan da kimlərsə vəzifəsindən kənarlaşdırılacaq. Ola bilsin ki, həbslər də baş versin. Putinin məqsədi ordunu öz iradəsinə tabe etdirməkdir.

- Rusiya ordusu Putinin iradəsindən kənarda idi?

- Tam iradəsi altında deyildi. Məqsəd ordunun siyasətə qarışmasını əngəlləməkdir. Çünki indiki dönəmdə Müdafiə Nazirliyində dəyişiklik etmək, naziri dəyişmək müharibə aparan ölkənin müharibədə uğursuzluğu ilə nəticələnə bilər. Putin bunu başa düşür. Amma bu addımı atırsa, demək ki, məsələ son dərəcə ciddi olub.

- Maraqlıdır ki, Putin Şoyqunu cəzalandırmadı, Təhlükəsizlik Şurasının rəhbəri postuna göndərdi?

- Şoyqunun Təhlükəsizlik Şurasına katib gətirilməsi və bu vəzifədən Nikolay Patruşevin uzaqlaşdırılması da eyni məqsədə xidmət edir. Putin hökumətinin daxilində iki ciddi qruplaşma var idi – biri təhlükəsizlik orqanlarında ciddi dayaqları olan Patruşevin rəhbərlik etdiyi quruplaşma idi, digəri ordu daxilində ciddi dayaqları olan Şoyqunun rəhbərlik etdiyi klan idi. Putin demək olar ki, bu qruplaşmanın zərərsizləşdirməyə başladı. Şoyqunun bir müavini həbs olunub, yəqin ki, digər müavini də istefaya gedəcək. Baş Qərargahdan da yəqin ki, generallar istefaya göndəriləcək, ya da həbs olunacaq. Bu, birinci qanadın zəiflədilməsidir. İkinci qanadın zəiflədilməsi isə Patruşevin yola salınması və onun yerinə Şoyqunun gətirilməsidir. Təbii ki, Şoyqu yeni vəzifəsində Patruşev qədər təsirə malik olmayacaq.

Putin Patruşevin oğlunu Baş nazirin müavini təyin etməklə həm Patruşevə güzəştə getmiş kimi oldu, həm də onun rəhbərlik etdiyi qrupu zərərsizləşdirdi. Yəqin ki, müəyyən müddətdən sonra təhlükəsizlik qurumlarında da vəzifələrdən kənarlaşdırılma baş  verəcək. Ola bilsin ki, Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkin vəzifəsindən göndərilsin. Daxili işlər naziri Vladimir Kolokoltsev və hətta FSB-nin rəhbəri Aleksandr Bortnikov da vəzifəsindən kənarlaşdırıla bilər. Bütün bu addımların məqsədi müdafiə sistemini gücləndirmək və müharibəni udmaq deyil. Əlbəttə, Putin istəyir ki, müharibədə qələbə qazanılsın. Müharibə uzanacaq, bu, məlumdur. Amma Putinin prioriteti hakimiyyəti qorumaq, hakimiyyətin bütün qanadlarını nəzarətinə almaqdır.

Müəllif: Anar Bayramoğlu