“Bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşıdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Ermənistan və Azərbaycan arasında Tavuşda delimitasiya haqqında protokolun imzalanmasını “böyük uğur” adlandırıb.
AYNA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, hökumətin iclasında Paşinyan qeyd edib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.
“Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi olaraq delimitasiya edilmiş sərhədə malikdir”, - deyə Paşinyan vurğulayıb.
Baş nazir bu prosesə görə müavini Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.
Xatırladaq ki, mayın 15-də iki ölkənin şərti sərhədində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistandan olan həmkarı Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş protokol-təsviri razılaşdırılıb.