İqbal Ağazadə: “Dövlət özünün qiymətli kağızını qiymətsiz etməməlidir”
Fərəc Quliyev: “İnsanları dövlətindən narazı salmaq düzgün deyil”
Tural Abbaslı: “Anlamaq olmur, dövlətin qiymətli kağızı necə qiymətsiz sayıla bilər?!”
Fazil Mustafa: “Məmurların bu prosesə mane olmaq, ləngitmək cəhdləri aradan qaldırılmalıdır”
Fəzail Ağamalı: “Çox təəssüf ki, bəzi işbazlar bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi”
Əllərində dövlətin qiymətli kağızları – özəlləşdirmə çekləri qalan və bundan istifadə edə bilməyən vətəndaşlar uzun müddətdir ki, problemin həllini gözləyirlər. Müraciət etmədikləri yer qalmayan çek sahibləri vauçerlərin tədavül müddətinin 2011-ci ildə qanunazidd şəkildə dayandırılmasından şikayətçidirlər və problemin tezliklə, ədalətli formada həllini tələb edirlər.
Qiymətli kağızlarının qiymətsiz hala salınması ilə razılaşmayan çek sahibləri bildirirlər ki, məsələyə dair real faktlar qalib Ali Baş Komandan, Prezident İlham Əliyevə məruzə olunmur. Çek sahibi olan yüzminlərlə vətəndaş var və onlar inanırlar ki, Prezident bu qanunsuzluqdan xəbər tutarsa, o zaman əhalinin pozulmuş hüquqlarının bərpası istiqamətində lazımi qurumlara və məmurlara ciddi tapşırıqlar verər.
Xatırladaq ki, problemin araşdırılması üçün dövlət başçısının göstərişi ilə Konstitusiya Məhkəməsinə (KM) məktub daxil olub. Lakin KM hələ də məsələyə baxmağa, ədalətli qərar qəbul etməyə tələsmir.
Ölkədə fəaliyyət göstərən siyasi partiyaların liderləri də hesab edirlər ki, vətəndaşların pozulan hüquqları qanuni şəkildə bərpa olunmalıdır. Onların qənaətincə, çek sahiblərinin problemlərinin həlli üçün aidiyyəti qurumlar addım atmalıdır.
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə AYNA-ya açıqlamasında deyib ki, sözügedən problem uzun illərdir davam edir: “Düşünürəm ki, İqtisadiyyat Nazirliyi çeklərlə bağlı əlahiddə bir qərar verməlidir. Yaxud da Prezidentin fərmanı olmalıdır ki, bu problem yoluna qoyulsun. Əmlak payı olan vauçerlərin üzərində etibarlılıq müddəti göstərilməyibsə, istənilən halda vətəndaş haqlıdır. Dövlətin qiymətli kağızından hansısa vətəndaş yararlanmayıbsa, onun yararlanması üçün şərait yaradılmalıdır”.
Həmsöhbətimiz məsələ ilə bağlı təkliflər də verib: “Dövlət özünün qiymətli kağızını qiymətsiz etməməlidir. Əgər dövlət özəlləşdirmə prosesində bu çeklərdən istifadə etməyəcəksə, istifadə etmək niyyətində deyilsə, o zaman bəlli məbləğ müəyyənləşdirilməli və dövlətin qiymətli kağızını vətəndaşdan almalıdır. Yaxud da əlində çekləri qalmış vətəndaşlara kompensasiya ödənilməlidir”.
“Pul əskinasları kimi bu çeklər də qiymətli kağızdır. Vətəndaşa vaxtilə verilmiş əmlak payını qiymətsiz etmək doğru deyil. Üstəlik, bu çeklərin üzərində etibarlılıq müddəti yoxdursa, onu adi kağız parçası hesab etmək yanlışdır. Yenə də deyirəm, əlahiddə qərar verilməli, vətəndaşın haqqı bərpa olunmalıdır”, - deyə partiya rəhbəri bildirib.
Çek sahibi olan vətəndaşların şikayətlərinin ölkə başçısına doğru-dürüst çatdırılmamasına, ümumiyyətlə, məruzə edilməməsinə gəlincə, Ağazadə söyləyib ki, “görünür, bu problemin həllini tapması kimlər üçünsə sərfəli deyil”.
Öz növbəsində Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, keçmiş deputat Fərəc Quliyev AYNA-ya söyləyib ki, uzun illərdir bu məsələ gündəmin müzakirəsindədir: “Mənə də dəfələrlə həm fərdi, həm də qrup şəkilində çek sahibləri müraciətlər ediblər. Onların müraciətlərini bir partiya rəhbəri olaraq aidiyyəti dövlət qurumlarına yönləndirmişəm. Hesab edirəm ki, vaxtilə özəlləşdirmədə bu çeklərdən doğru-dürüst istifadə olunmayıb. Əlində çekləri qalan vətəndaşlar dövlətin qiymətli kağızından səmərəli istifadə edə bilməyiblər. Bu da onların hüquqlarının pozulması anlamı verir”.
“Çeklər problemini həll etmək üçün dövlət addımlar atmalıdır. Yenidən tədavülə buraxılması, yaxud da çek sahibləri olan vətəndaşlara hansısa formada kompensasiya ödənilməsi mümkündür. Məncə, Milli Məclisdə özəlləşdirmə payları ilə bağlı qanun qəbul edilməli, yaxud mövcud qanunvericilikdə dəyişiklik edilməlidir. İctimai müzakirə keçirilməli, iqtisadçılar müzakirələrə cəlb olunmalı və problemin həlli yolu tapılmalıdır. Beləliklə, hüququ pozulmuş vətəndaşlarla bağlı ədalətli qərar verilməlidir. Dövlət öz qiymətli kağızlarına sahib çıxmalıdır, vətəndaşının da pozulan hüququnu bərpa etməlidir. İnsanları dövlətindən narazı salmaq düzgün deyil. Düşünürəm ki, bunun həll yolu mütləq var”, - deyə Quliyev fikrini tamamlayıb.
AĞ Partiya sədri Tural Abbaslı da AYNA ilə söhbətində çeklərlə bağlı problemin həllinin vacibliyinə toxunub: “Qiymətli kağızın qiymətsiz hala gətirilməsi dünyanın yəqin ki, heç bir ölkəsində yoxdur. Bu barədə hüquqşünasların rəyləri var və onlar detallı şəkildə izah edirlər ki, bu məsələdə vətəndaşlar haqlıdırlar. Əgər vətəndaşın hüququ pozulubsa, problem vətəndaşların xeyrinə həll olunmalıdır: Bu çeklər özəlləşdirmə paylarıdır və maraqlı məqam odur ki, əlində çeki qalan xeyli sayda vətəndaş dövlət tərəfindən verilmiş özəlləşdirmə çekləri ilə özəlləşdirmə prosesində iştirak edə bilmir. Səbəb isə, üzərində etibarlılıq müddəti göstərilməyən çeklərin 2011-ci ildə tədavüldən çıxarılmasıdır. Çeklərin üzərində etibarlılıq müddəti göstərilmədiyi halda, onun tədavüldən çıxarılmasının özü də sual doğuran məsələdir. Anlamaq olmur, dövlətin qiymətli kağızı necə qiymətsiz sayıla bilər?!”.
“Düşünürəm ki, ölkə rəhbərliyi, aidiyyəti nazirlik, komitə, məmurlar bu məsələnin həlli üçün addım atmalıdırlar. Hansısa komissiya yaradıb, müzakirələr aparıb son qərarı vermək elə də çətin deyil. Söhbət 5-10 çekdən yox, külli miqdarda qiymətli kağızdan gedir. Dövlət özü təminat verdiyi özəlləşdirmə çeklərinə, onlara sahib olan vətəndaşlara sahib çıxmalıdır”, - deyə müsahibimiz qeyd edib.
Onun fikrincə, özəlləşdirmənin hansısa mərhələsində vauçerlərin istifadəsini təmin edən qanun layihəsi də qəbul oluna bilər: “Yaxud da başqa həll variantı istiqamətində düşünüb qərar vermək olar. Əlində özəlləşdirmə çekləri qalmış vətəndaşların hüquqlarının tapdanmasına yol verməmək üçün münasib yollar, metodlar axtarmaq lazımdır. Bu, kompensasiya şəklində də mümkündür, özəlləşdirmə prosesində iştirak formasında da mümkündür. Bütün hallarda vətəndaşların pozulan hüquqları bərpa edilməlidir”.
Abbaslı hesab edir ki, vətəndaşın probleminə biganə qalan məmurlar Prezidentə səhih məlumat verməyə bilərlər: “Görünən odur ki, hələlik müvafiq qurumların çeklər probleminin həlli istiqamətində addım atmaq niyyəti yoxdur. Amma ölkə rəhbərliyi bilməlidir ki, özəlləşdirmə paylarının yenidən dövriyyəyə buraxılması insanların sosial rifahına da müsbət təsir göstərəcək. Bunu iqtisadçıların fikirləri də təsdiqləyir. Vaxtilə özəlləşdirmə prosesinin düzgün şəkildə idarə edilməməsi özəlləşdirmə çeklərinə sahib olan şəxslərin söz sahibinə çevrilməsinə mane olmaqla yanaşı, bu çeklərin dəyərdən düşməsinə yol açıb. Bütün hallarda sözügedən problemin həlli istiqamətində dövlət tərəfindən ciddi addımların atılması zəruridir. Bu, həmçinin sosial ədalətin bərqərar olması deməkdir. Məmurlar bu haqda ciddi düşünməlidirlər, yekun qərarın qəbuluna çalışmalıdırlar”.
Qeyd etmək yerinə düşər ki, yerli siyasətçilərin mütləq əksəriyyəti bu məsələdə vətəndaşların haqlarının bərpasını vacib sayırlar. Məsələn, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa dəfələrlə bildirib ki, müvafiq mexanizm tapılmalı və prosesə yekun vurulmalıdır: “Çünki bu vauçerlər vətəndaşların halal haqqıdır və onların öz sərmayələrindən istifadə etmək hüquqları var. Bu hüququ isə heç bir halda məhdudlaşdırmaq olmaz. Əminəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Vətəndaşın itkilərə məruz qalması ilk növbədə dövlətin özünün ziyanınadır. Dövlət özü maraqlı olmalıdır ki, kompensasiya ödənişləri vaxtında həyata keçirilsin. Çox təəssüf ki, mütəmadi olaraq bu kimi məsələlərdə icraçı məmurlarının yersiz müdaxiləsi ilə qarşılaşırıq. Bunlar yolverilməzdir və məmurların bu prosesə mane olmaq, ləngitmək cəhdləri aradan qaldırılmalıdır”.
Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı da bu social problemin ədalətli şəkildə həllinin tərəfdarıdır: “Özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır. Ötən əsrin 90-cı illərinin sonlarında verilmiş özəlləşdirmə çeklərindən vətəndaşların maraq və mənafeyinə uyğun şəkildə istifadə edilmədi. Bu səbəbdən də bəzi vətəndaşlarımız vauçerləri satışa çıxardılar. Öz çeklərini başqalarına hədiyyə edənlərlə yanaşı bu gün də özündə saxlayan pay sahibləri var. Bəzi iddialara görə, onların sayı yüzminlərlədir. Lakin bu, dəqiq siyahı deyil və bununla bağlı ətraflı araşdırma aparılmalıdır. Çox təəssüf ki, bəzi işbazlar bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi. Halbuki bununla bağlı fərmanda onlar əhaliyə miras kimi göstərilirdi. Həmin işbazlar da ayrı-ayrı dövlət müəssisələrində pay sahibinə çevrildilər”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.