Ərazinin inzibati mərkəzi olan Noumea şəhərində komendant saatı tətbiq edilib
Sakit Okeanda Fransanın yarım-muxtar ada ərazisi olan Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında gərginlik və toqquşmalarla müşahidə edilir.
AYNA xarici mediaya istinadən bildirir ki, etirazlar bazar ertəsi Yeni Kaledoniyadan 17 min kilometr aralıda yerləşən Fransa Senatında səsvermənin nəticələrinə cavab olaraq başlayıb.
Senatorlar Yeni Kaledoniya konstitusiyasına adalarda yaşayan fransızların səsvermə hüquqlarını genişləndirəcək düzəlişlər təklif ediblər. Çərşənbə axşamı qanunvericilər dəyişikliklərə səs veriblər.
Bu, iğtişaşlara səbəb olub. Maşınlar yandırılıb, yerli şirkətlərin mağaza və ofisləri talan edilib. Məktəblər bağlıdır və son məlumatlara görə, üç gənc və bir asayiş keşikçisi polislə toqquşmada həlak olub.
Mayın 15-dən Parisin elan etdiyi fövqəladə vəziyyət Yeni Kaledoniyada qüvvədədir. Yerli hakimiyyət orqanlarına əlavə səlahiyyətlər verir. Böyük toplantılar qadağandır və ölkə daxilində hərəkət məhdudlaşdırılır.
Ərazinin inzibati mərkəzi olan Noumea şəhərində komendant saatı tətbiq edilib.
Fransa normal polis qüvvəsinin təxminən 1800 nəfər olduğu Yeni Kaledoniyanın əsas adasına hüquq-mühafizə orqanlarını gücləndirmək üçün 500 polis göndərib.
Çərşənbə axşamı Parisdə qanunvericilər tərəfindən təsdiqlənən yeni qanun layihəsi Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səs vermək imkanı verəcək. Yerli liderlər bu qərarı yerli Kanak əhalisinin səsini zəiflədəcək bir addım kimi qiymətləndirirlər.
"Heç bir zorakılığa yol verilməyəcək", deyə Fransanın Baş naziri Qabriel Attal bildirib və əlavə edib ki, fövqəladə vəziyyət Fransa hökumətinə asayişi bərpa etmək üçün geniş tədbirlərdən istifadə etməyə imkan verəcək.
Fransa Prezidenti Emmanuel Makron çərşənbə günü Yeni Kaledoniyanın siyasi liderlərinə zorakılığı qətiyyətlə pisləmək üçün məktub yazıb. CNN xəbər verir ki, Makron Yeni Kaledoniyanın müstəqilliyi tərəfdarlarını və əleyhdarlarını mövcud vəziyyəti üz-üzə müzakirə etmək üçün Parisə dəvət edib.