Stanislav Şuşkeviç: “O, Belarusun “canavar”ıdır və çox təhlükəlidir”
“Belarus Prezidenti Aleksandr Lukaşenko əlində silahla insanları qorxutmaq üçün ictimaiyyətə göründü”. AYNA xəbər verir ki, bu sözləri 1991-ci ildən 1994-cü ilə qədər Belarus Ali Sovetinin sədri işləmiş Stanislav Şuşkeviç deyib.
Onun fikrincə, Belarus Prezidentinin belə bir hərəkəti çirkin oyundur: “Lukaşenkoda nəciblik, ləyaqət hissi yoxdur. O, bu gün oğluna buynuzlu bir avtomat verə bilər. Baxmayaraq ki, yalnız əqli qüsurlu bir insan uşağında belə davranış vərdişi yaradar. Cəmiyyət Lukaşenkonun hərəkətini bu şəkildə qəbul edir. O, Belarusun “canavar”ıdır və çox təhlükəlidir”.
Siyasətçi deyib ki, Prezidentin təxribatlarına getməyən Belarus xalqı böyüklüyünü göstərir və bundan sadəcə qazanır.
Qeyd edək ki, dünən Belarus Prezidenti Aleksandr Lukaşenko İstiqlal Sarayından çıxaraq, əlində “Kalaşnikov” avtomatı ilə helikopter vasitəsiylə iqamətgahına uçub. İnternetdə yayımlanan videoda dövlət başçısının vertolyotdan mühafizəçilərlə birlikdə çıxması və sol əlində silah gəzdirməsi əks olunub. Lukaşenkonın bu addımını 15 yaşlı oğlu Nikolay da təkrar edib.
Xatırladaq ki, Belarusda üçüncü həftədir ki, kütləvi etiraz aksiyaları keçirilir. Vətəndaşlar avqustun 9-da keçirilən prezident seçkilərinin rəsmi nəticələrinin əleyhinədirlər. Xalq Lukaşenkonun istefasını və yeni seçkilər keçirilməsini tələb edir. Dünən yenidən etiraz aksiyaları vüsət alıb. 200 minə yaxın belaruslu İstiqlal Sarayı istiqamətində yürüş edərək, Sarayın ətrafında mitinq keçirib.