Qaqik Tsarukyan külli miqdarda vergidən yayınmaqda ittiham olunur
Ermənistanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana qarşı cinayət işi açılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Tsarukyan külli miqdarda vergidən yayınmaqda ittiham olunur.
Ermənistan mediası əvvəllər xəbər vermişdi ki, Tsarukyan iyunun 9-da ölkəni tərk etmək istəyib, lakin hava limanında o çıxışının qadağan olunduğunu öyrənib.
Medianın məlumatına görə, “Çiçəklənən Ermənistan” Partiyası lideri ölkədən "qaçmağa" cəhd etməsi ilə bağlı şayiələri təkzib edib. Partiyanın mətbuat katibi İveta Tonoyan mediada yayılan məlumatları "hökumət təbliğatından" qaynaqlanan fərziyyələr adlandıraraq sosial mediada "Çiçəklənən Ermənistan" liderinin əslində ailə məsələləri ilə bağlı iki-üç günlük getməyi planlaşdırdığını bildirib.
Hava limanındakı pasport nəzarəti işçiləri Tsarukyana bir neçə şeyi aydınlaşdırmalı olduqlarını söyləyiblər. Partiya lideri cavab olaraq heç nəyi aydınlaşdırmağa ehtiyac olmadığını və fərziyyələrdən yayınmaq üçün səfərini ləğv edib evə qayıtdığını bildirib.
Xatırladaq ki, 8 iyun gecəsi, parlament seçkilərində səsvermənin bitməsindən bir neçə saat sonra Baş nazir Nikol Paşinyan Tsarukyanı həbslə hədələyib.