Ermənistanda şərti hərbi vəziyyət elan olundu

Dünya

24.09.2019 - 17:20

Baş Qərargah vətəndaşlara çağırış edir: Hərbi texnikanın hərəkətinə mane olmayın

 

Ermənistan hökuməti tərəfindən ölkədə şərti hərbi vəziyyət elan edilməsi ilə bağlı qərar qəbul edilib. AYNA erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvəlləri Baş Qərargahının İnformasiya şöbəsinin müdiri, polkovnik Samvel Asatryan bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

 

Onun sözlərinə görə, 24 sentyabr saat 06:00-da Ermənistan hökuməti tərəfindən ölkədə şərti hərbi vəziyyət elan edilməsi ilə bağlı qərar qəbul edilib: “Silahlı Qüvvələrin idarəetmə orqanları və qoşunları tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yollarda olan vətəndaşları hərbi texnikanın hərəkətinə mane olmamağa çağırırıq”.

 

S.Asatryan bildirib ki, məqsəd Ermənistan Silahlı Qüvvələrinin yerləşdirmə planlarının və döyüş qabiliyyətinin praktiki yoxlanılması, cəlb edilmiş qüvvə və vasitələrin təlimi, səfərbərlik tapşırıqlarının yerinə yetirilməsində praktiki təcrübənin Silahlı Qüvvələrin və səfərbərlik mənbələrinin, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının rəhbər qüvvələrinə ötürülməsi, qüvvə və vasitələrin imkanlarının öyrənilməsi və dəqiqləşdirilməsi, təlimlərdə iştirak edən səfərbərlik orqanları və qaynaqların Baş Qərargahla qarşılıqlı əlaqəsini təmin etməkdir.

 

Təlimlər zamanı Silahlı Qüvvələrin müxtəlif bölmələri canlı atəşdən istifadə edərək şərti hədəfləri nişan alacaq. Təlimlər oktyabrın 5-dək davam edəcək.

Müəllif: Ayna.az